525.Az

Qənirə Paşayevanın ardından…


 

Qənirə Paşayevanın ardından…<b style="color:red"></b>

​​​​Qara bayraq çəkilsin,

​​​​Gur ocaqlar yaxılsın.

​​​​Necə qıydın bu cana,

​​​Fələk, evin yıxılsın...

 

Qənirə Paşayeva Azərbaycanın  Tovuz şəhərində, ziyalı bir ailədə dünyaya gəlsə də, keçdiyi şərəfli ömür yolu və vətən uğrunda etdiyi mübarizəylə sadəcə bir ailə ocağının deyil, “millətin övladı” olmağı bacarmış böyük bir şəxsiyyətdir...

Sevgisi, səmimiyyəti, idealları, inam və qərarlılığıyla Türk dünyasının fenomeninə çevrilən Qənirə xanımın bu dünyadan zamansız gedişi onu özünə rəhbər, örnək görən milyonlarca gənci yetim buraxdı. Ancaq bu gənclər onun qoyduğu şərəfli yolla irəliləyərək, onun fikirlərini və xəyallarını mütləq gerçəkləşdirəcəklər, yarım qalmış arzularının yurdunu inşa edəcəklər, Böyük Turan ölkəsini əminəm ki, quracaqlar...

Tanrının qardaş Azərbaycana və Türk dünyasına bəxş etdiyi, milyonlarca gəncə vətənpərvərlik ruhunu aşılayan və hərtərəfli bir şəxsiyyət olan Qənir Paşayevanın uşaqlıq və gənclik illəri, təəssüf ki, Odlar Yurdunun ən böhranlı zamanlarına təsadüf etmişdi. Bu səbəbdən Qənirə Paşayeva; xaos, qeyi-sabit, yoxluq, savaş və işğalın hökm sürdüyü Azərbaycanda  uşaqlığını və gəncliyini yaşaya bilmədən, “vətən dərdi” ilə “birdən birə böyüyən” bir nəslin ən parlaq nümayəndələrindən birinə çevrilmişdir.

Azərbaycanın azadlıq uğrunda minlərcə şəhid verərək keçdiyi əzablı yollar və çətin illər, daha sonrakı zaman ərzində onun siyasi mücadiləsinin və ədəbi yaradıcılığının da başlanğıç nöqtəsi olmuşdur. Hələ uşaq ikən ailə ocağından aldığı “Türklük şuuru”nun odu gənclik illərində azadlıq yanğınına çevrilərək onun ruhunda və bədənində alov- alov yanmağa başlamışdır. Türklük süuru və azadlıq ruhunun başlatdığı bu yanğın Qənirə Paşayeva şəxsiyyətinin və onun apardığı “vətən” mücadiləsinin də əsası, zəmini olmuşdur...

Əli Bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Yusuf Akçura, İsmail Gaspıralı, Ziya Gökalp, Mustafa Çokay kimi Türkçülüyün  öndərlərinin düşüncə və ideyalarını özünə rəhbər seçən Qənirə xanım yeni nəsillərin milli şüurla yetişməsi və Azərbaycanın haqlı davasına sahib çıxması mövzusunda misilsiz işlərin müəllifi olmuşdur. O, siyasət meydanında da, söz meydanında da işğala uğramış, talan edilmiş “Qarabağ”ın azadlıq fəryadı, məcburi köçkünlərin haq səsi və bu böyük mübarizənin sancaqdarı olmağı bacarmışdır. Qarabağ məsələsi bütün Türk dünyasında onun əzmiylə bayraqlaşmış, bu mücadilə bayrağı, o torpaqlar azad olunana qədər Türkçülüyün səmasından heç enməmişdir.  Ancaq onun böyük vətən mücadiləsi sadəcə Şuşanın, Xankəndinin, Laçının, Ağdamın, Xocalının, Xocavəndin, Füzulinin, Kəlbəcərin, Cəbrayılın düşməndən azad edilməsiylə də məhdudlaşdırılmamışdır. O, böyük və əbədi bir ölkə olaraq hesab etdiyi “Turan elləri”nin qana batmış, yaralanmış, işğala uğramış, əhalisi sürgün edilmiş hər bölgəsinin əsas müdafiəçilərindən biri olmuşdur. O, siyasət meydanındakı çıxışlarında da, yazdığı şeirlərində, esse və hekayələrində də işğala uğramış Qarabağın yanında, əsir Türküstanın, yaralı Kərkükün, yetim Axıskanın, boynubükük Krımın, yavru vətən Kıbrısın haq səsi olmuş, Türk dünyasının problemlərini ən yüksək kürsülərdən dilə gətirmişdir.

Qənirə Paşayeva, digər insanlar kimi sahib olduğu imkanları öz rahatlığı üçün səfərbər etsəydi, bəlkə də dünyanın ən xoşbəxt qadınlarından biri olardı. Ancaq onun can qəfəsində daşıdığı  qəhrəman ruh buna əsla izn vermədi. Millətin övladı ömrünü millətə fəda etməliydi. Bu səbəbdən Qənirə xanım da ən çətin yolu seçmişdi. Qarabağ məsələsinin BMT-də, ATƏT-də, AİHM-də, Avropa Parlamentində unutdurulmağa çalışıldığı bir zamanda ortaya çıxan bu cəsur ürək, dünyanın hər yerində, olduğu hər məkanda Azərbaycanın haqlı davasını dilə gətirərək, həqiqətləri ikili standartçı Qərbin və Erməni tərəfdarlarının üzünə bir sillə kimi çırpmışdır...

Təkbaşına bir ordu kimi vuruşan Qənirə xanım sadəcə Avropadakı beynəlxalq platformalarda deyil, getdiyi hər ölkənin insanlarına Qarabağın, Şuşanın, digər şəhərlərin və orada yetişən elm və fikir insanlarının, şairlərin, sənətçilərin, rəssamların adlarını az qala  əzbərlətmişdi.   Türkiyə və Türk dünyasında da gözəl bir ictimai fikir yaranmasına səbəb olmuş, Türk dünyasının gəncliyini Azərbaycanın  Qarabağ məsələsi arxasında birləşdirməyi bacarmışdır. Bu gün Balkanlardan Çin səddinə qədər bütün Türk yurdlarındakı “Xocalı Soyqırım abidələrinin” ucaldılmasında; Qarabağ adının parklara, bulvarlara verilməsində; Türk dünyasının müxtəlif şəhərlərində Qarabağ və Şuşada yetişən sənətçilərin adı verilən kitabxanaların açılmasında; Türkiyə, Azərbaycan və digər Türk ölkələrindəki tədbirlərdə milli marşlarımızın ard- arda çalınmasında, Azərbaycan və Türk bayraqlarının öncə salonlarda, sonra evlərdə, meydanlarda və nəhayət Şuşada qoşa dalğalanmasında Qənirə xanımın da böyük payı, əməyi, xidməti olmuşdur. Bunların çoxu onun əzmli çalışmalarının nəticəsində gerçəkləşmişdir...

Qənirə Paşayeva şəxsiyyətini, o qəhrəman ruhu, o igid qadını, o cəsur və mübariz vətən aşiqini bir neçə səhifəlik bir yazıyla anlatmaq əlbəttə ki, mümkün deyildir. O, hər şeydən öncə mənim illərdir birlikdə çalışdığım dostumdu, ablamdı, bacımdı... Qızıl Almaya doğru birlikdə yürüdüyüm fədakarlıq nümunəsi olan “yol yoldaşının”; bu pak yolun yarısında, vətənə həsr edilmiş bir ömrün baharında, Tanrının dərgahına çəkilmiş bir dostun; Türk dünyasının bayraqlaşan şəxsiyyəti Qənirə Paşayevanın ardından bu sətirləri yazmaq mənim üçün nə qədər ağır olsa da, onun ideyalarını, düşüncələrini, örnək şəxsiyyətini gələcək nəsillərə tanıtmağın da özümə bir borc olduğu inancını daşıyıram...

Qənirə xanımın adını hər andığımda, içimdə qaynayan qara buludlar yağmura, həzin duyğular qəm selinə dönür və dik yamaclardan dərələrə tökülən şəlalələr kimi çağlamaya başlayır... Coşub daşan bu dəli suların son dayanacağı olan “xatirələr dənizi” isə köpük- köpük dalğalanaraq keçmiş illəri bu günün sahillərinə daşıyır...

Onunla görüşdüyümüz, tanış olduğumuz ilk gün gözlərimin önündən keçir. Baharın çiçək –çiçək sovrulduğu, küləkli bir Bakı sabahı... Novruz Bayramından dörd gün sonra, 25 Mart 2010...  Geriyə dönüşü olmayan bir yola baş qoyduğumuz o bəxtəvər gün... O gündən sonra başladı bizim Azərbaycanın və Türk dünyasının məsələləriylə əlaqəli bitib tükənməyən yolçuluqlarımız, universitetlərdəki konfranslarımız, əlimizin yetdiyi hər yerdəki təbliğatlarımız... Tərcümələr, kitablar, anım tədbirləri, şeir saatları, sərgilər, imza günləri...  Mən artıq o gündən sonra qeyri-ixtiyari olaraq Türkiyədə və Türk dünyasında Qənirə xanımın, “Qarabağ məsələsinin” təbliğat proqramlarını hazırlayan, onun bu mövzudakı yazılarını və kitablarını tərcümə edən, antologiyalar hazırlayıb yayımlayan, konfranslar təşkil edib və bu konfranslarda, bu kitablara imza günləri təşkil edərək tələbələrlə görüşdürən yardımçısı oldum...

Mənim həyatımda bir neçə dostum var ki, onların məndən dilədiyi, bəzən imkansız kimi görünən hər şeyi, amma hər şeyi onların istədiyi kimi, vaxtında gerçəkləşdirdim. Onların məndən tələbləri heç bir zaman yarımçıq qalmadı. Bu ya Tanrının yardımıydı, ya da o dostların bir hikməti... Onlardan biri də Qənirə xanım idi... İndi onun istəklərini qüsursuz olaraq yerinə yetirməyin sevincini və onu vaxtsız itirməyin hüznünü bir arada yaşayıram.

Onunla acılı-şirinli, həzin, kədərli o qədər xatirələmiz var ki... Yazımın bu hissəsində, tarixə bir qeyd düşürmək üçün bu xatirələrdən birini paylaşmaq istəyirəm...

***

2018-ci ilin Fevral ayı idi. Çanaqqala 18 Mart Universitetində, Xocalı Soyqırımına həsr edilmiş anım tədbirinə dəvətli idik. Eynı zamanda birlikdə hazırladığımız “Qarabağ Hekayələri” kitabının təqdimatını edəcək, tələbələrl konfrans keçirəcək və kitablarımızı imzalayacaqdıq. Eynı gün günorta saatlarında İstanbulda Xəzər Kollecində şagirdlərlə də görüşümüz vardı. İstanbuldakı tədbirimiz uzandıqca uzanırdı. Məktəblilər Qənirə xanımla şəkil çəkdirmək, kitab imzalatdırmaq üçün bir-birləriylə yarışa girmişdilər. Mən Qənirə xanıma yaxınlaşıb bir neçə dəfə “Çanaqqaladakı tədbirə yetişə bilməyəcəyik”, dedim, söylədiyimi duysa da, cavab vermədi. Hər şagird kitab imzalatmaq və onunla  Azərbaycan və Türk bayraqlarının önündə xatirə şəkli çəkdirmək istəyirdi. O, heç kəsin istəyini geri çevirmirdi. Çanaqqaladakı tədbirə çatmağımız artıq imkansızdı... Avtomobilə mindiyimizdə:

- Çanaqqalaya buradan neçə saatlıq yol var, dedi.

- Ən az üç saat, dedim.

- Tədbir saat neçədədir?

- Axşam 19:00-da. Yəni iki saat sonra...

- Bir az sürətli gedərik, dedi. Allahın yardımıyla çatarıq...

Qış fəsli olduğu üçün hava tez qaralmışdı. Proqramımız o qədər sıx idi ki... Maraşdan başlamış, Adana, Kayseri  və Kırşəhərdə konfranslar keçirib İstanbula gəlmişdik və indi də Çanaqqala... Yorğun idik. Qənirə xanım arxa oturacaqda oturub gözlərini yumdu, üzündə elə məsum, elə  yorğun, elə sakit bir ifadə vardı ki... Amma onun bu yorğunluğu kürsüyə çıxana qədər olurdu. Kürsüyə çıxdığında gözlərindən atəş saçılırdı, bir komandir ədasıyla hökm edirdi dinləyənlərə...

Sürətlə irəliləyirdik. Çanaqqalaya yaxınlaşdıq. Sürətimiz saatda 170 kilometri göstərirdi... İrəlidə dayanan  polis qrupu bizim sağa yanaşıb dayanmağımız üçün işarə verdilər. Polislər qarşıda bizim sürət həddini kəskin şəkildə pozduğumuzu mərkəzə xəbər verirdilər. Qənirə xanım gözlərini xəfifcə araladı. Ona yol polislərinin bizi dayandırdığını söylədim. İki gənc polis idi. Onlara bir şeylər izah etməyə çalışsam da yaxamı qurtara bilməyəcəyimi anlayırdım. Polis:

- Yoldaş, bu nə sürətdir, dedi. Sürət limitinin 90 olduğu yerdən 170 ilə keçirsiniz! Dərdiniz nədir?

Deməyə söz tapa bilmədim. O anda arxa oturacaqdan onun səsi duyuldu:

- Dərdimiz “vətəndir” qardaş, dedi.

Polis:

- Bu xanım kimdir, deyə  soruşdu.

- Qənirə Paşayevadır, dedim. Azərbaycanın millət vəkili, onunla Çanaqqalaya konfransa gedirik. Gecikdiyimiz üçün bir az sürəti artırmağa məcbur qaldıq.

Polis sənədləri geri qaytarıb:

- Qənirə Paşayevanın mindiyi avtomobilə cəza kəsmək olmaz! Amma bir ricamız var, Xanım əfəndi ilə bir foto çəkdirmək istəyirik.

Qənirə xanım avtomobildən endi, polislərə kitab imzalayıb onlarla şəkil çəkdirdi və lütfən, cəzamızı yazın, dedi. Polislər nə qədər yalvarıb yaxarsalar da Qənirə xanım təkidlə cəzamızı yazdırdı və yola devam etdik...

Qənirə xanımın tək dərdi vətən idi. Çanaqqaladakı konfrans zamanı da hər zaman olduğu kimi çıxışının sonunda bir sonrakı proqramı Şuşada keçirmək arzusuyla deyib dinləyicilərlə vidalaşdı. O zamanlar çox insan bir gün  bunun gerçək olacağına inanmasa da, Qənirə xanım buna ürəkdən inanaraq, qərarlılıqla söyləyirdi. Aradan beş- altı il keçdi və biz onunla birlikdə, qoşa bayraqlarımızın kölgəsində, Xan qızı Natəvanın yurdu Şuşada, qəhrəman əskərlərimizin şəhəri ələ keçirmək üçün yalın əllə  dırmandıqları sərt qayaların üzərində, Cıdırdüzündə marşlar söylədik, şeirlər oxuduq...

Tanrıdan bir istəyim var, deyərdi. “Şuşanın azadlığını görmədən canımı almasın...” İndi çox sevdiyi Tanrının dərgahındadır, Şuşa səmalarında qanadlanır, azad vətəni seyr edir bəlkə də... Ruhu şad olsun...

İstanbul 2024.

 





29.09.2024    çap et  çap et