525.Az

Bağdadda Füzuli festivalı


 

Bağdadda Füzuli festivalı<b style="color:red"></b>

Şəmsəddin Küzəçi 

 

Hələ 30 il əvvəl türk dünyasının böyük şairi Məhəmməd Füzuli əl-Bağdadinin anadan olmasının 500 illiyi ilə bağlı İraq və Azərbaycan dövlətləri tərəfindən möhtəşəm tədbirlərin hazırlanması fikri professor Qəzənfər Paşayev və Əbdüllətif Bəndəroğlunun təşəbbüsləri ilə formalaşmışdı. İraq dövləti də Füzulinin İraqda doğulması səbəbindən bu işə ciddi önəm vermişdi. Bundan əlavə, belə bir tədbirin İraqda keçirilməsi ABŞ və müttəfiqləri tərəfindən tətbiq edilən embarqoya qarşı mübarizə kimi də qiymətləndirilmişdi.

Tədbirlərə Azərbaycandan alimlərin, ziyalıların, sənətçilərin dəvət olunması iki ölkə arasında əlaqələrin inkişafına da müsbət təsir göstərəcəkdi. Azərbaycan nümayəndə heyətinin Bağdad, Kərbəla, Nəcəf, eləcə də Səddam Hüseynin icazəsi ilə Kərkükə səfərləri, bundan əlavə, İraqda “Leyli və Məcnun” operasının yüksək səviyyədə nümayişi tarixi gün, tarixi hadisə olacaqdı.

Bir toyda xoyrat oxuduğuma görə 3 ay İraqın Tikrit həbsxanasında qalan və həmin tarixi günlərdə sərbəst buraxılan bir İraq türkmanı olaraq mən 128 nəfərlik Azərbaycan nümayəndə heyətinə çox yaxınlaşmış, onlara isti münasibət göstərmişdim. Azərbaycanlı ziyalılarla ünsiyyətdə olmaq, onlarla söhbət etmək içimizdə bir dərd kimi yaşayırdı. AzTV-də hazırlanan “Turan” verilişinin aparıcısı Mailə xanım Muradxanlı mikrofonu mənə uzadanda çox mütəəssir olmuşdum və nə deyəcəyimi bilmirdim.

Artıq o günlərdən 30 il keçib və bu 30 ildən sonra xatirələrimi təzələmək, Füzulinin 530 illiyi ilə 500 illiyi arasında yaşadığım duyğuları qələmə almaq istədim. Bir neçə qəzet və jurnalları araşdırıb, Azərbaycan və türkman ziyalıları ilə görüşüb xatirələrini qələmə almağa çalışdım. Bu yazı məhz belə ərsəyə gəldi.

Festivala hazırlıq

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli əl-Bağdadinin anadan olmasının 500 illiyində İraq Mədəniyyət və İnformasiya Nazirliyi tərəfindən 1994-cü il 15-17 sentyabr tarixində Bağdadda Beynəlxalq Füzuli festivalı keçirildi. Festivalın hazırlıq komitəsi İraqın mədəniyyət və informasiya naziri, mədəniyyət və informasiya naziri müavini, xarici işlər naziri müavini, ali təhsil və elmi araşdırmalar naziri müavini,  vəqflər və dəyanət işləri naziri müavini, türkman mədəniyyət müdiri, Mədəniyyət və İnformasiya Nazirliyinin Əlaqələr şöbəsinin müdiri kimi vəzifəli şəxslərdən təşkil olunmuşdu. Komissiya festivala Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Hindistan və Pakistandan ədəbiyyat adamlarını, alimləri dəvət etmişdi.

Azərbaycandan gələn nümayəndə heyəti

Füzuli festivalına Azərbaycandan geniş bir nümayəndə heyəti qatılmışdı. Azərbaycanın Baş nazir müavini, yazıçı Elçin Əfəndiyevin rəhbərlik etdiyi 128 nəfərlik heyətində Azərbaycanın mətbuat və informasiya naziri Sabir Rüstəmxanlı və digər dövlət xadimləri, Anar, Qəzənfər Paşayev, Yaşar Qarayev, İsa Həbibbəyli, Zəlimxan Yaqub, Ayaz Vəfalı, Fikrət Qoca, Qabil, Cabir Novruz, Söhrab Tahir, Vaqif Səmədoğlu, Fikrət Sadıq, Çingiz Əlioğlu, Şahmar Əkbərzadə, İsa İsmayılzadə, Dilsuz, Arif Abdullazadə, Zeynəb Xanlarova, Mələkxanım Əyyubova, Qəndab Quliyeva, Asif Rüstəmli, Mənsum İbrahimov kimi tanımış ziyalılar, mədəniyyət və incəsənət adamları var idi.

Festivalın birinci günü

Beynəlxalq Füzuli festivalının açılış mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlandı. Ardınca İraqın mədəniyyət və informasiya naziri Həmid Yusif Həmmadi açılış nitqi ilə çıxış etdi və hər kəsə təşəkkürünü bildirdi. Nazir Füzuli haqqında məlumat verdikdən sonra İraq-Azərbaycan əlaqələrindən danışdı. Nazirin dediklərini Azərbaycan dilinə İraq Türkman Mədəniyyət Mərkəzinin rəhbəri Əbdüllətif Bəndəroğlu tərcümə edirdi.

Sonra Azərbaycan nümayəndə heyəti adından Baş nazirin müavini Elçin Əfəndiyev çıxış etdi və o da İraq-Azərbaycan əlaqələrinin tarixinə toxundu, Azərbaycanla İraq arasında mədəniyyət və sənət körpüsü olan hər kəsə dərin təşəkkürünü bildirdi.

Açılış mərasimində Azərbaycan və İraqın elm adamları, şairlər, yazıçılar da çıxış edərək dahi şair Məhəmməd Füzulinin yaradıcılığı haqqında dəyərli fikirlərini ifadə etdilər.

Beynəlxalq Füzuli festivalına ev sahibliyi edən İraqın Yazıçılar Birliyinin sədri Cavad əl-Xəttab  festivalın əhəmiyyətindən danışdı. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da çıxış edərək festivalın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Festivalın birinci günü iraqlı alim, professor Hüseyn Əli Məhfuz “Füzulinin həyatı və əsərləri” adlı elmi məruzə ilə çıxış etdi. Məruzə iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Məruzədən sonra Azərbaycan musiqiçiləri tərəfindən Füzuli əsərlərindən ibarət muğamlar möhtəşəm şəkildə ifa edildi. Bundan sonra İraqın mədəniyyət və informasiya naziri Azərbaycan nümayəndə heyətinin şərəfinə axşam yeməyi verdi. Bu möhtəşəm gecənin ardından Füzuli 500 il sonra azərbaycanlı və iraqlı elm adamları tərəfindən gündəmə gətirildi, ruhu bir xoyrat-bayatı kimi Bağdadda və Bakıda dillərdə dolaşdı.

Festivalın ikinci günü

Festivalın ikinci günü birinci bölmənin iclası yenə Bağdadda baş tutdu. Öncə Azərbaycanın mətbuat və informasiya naziri, şair Sabir Rüstəmxanlının çıxışı dinlənildi. Onun ardınca Türkman Mədəniyyət Mərkəzinin başçısı Əbdüllətif Bəndəroğlunun “Füzuli əl-Bağdadi və iraqlı insanların acısı” adlı məruzəsi təqdim olundu. Daha sonra professor Vesim Mehmet “XVI əsrdə Azərbaycan-İraq əlaqələri” adlı məruzə ilə çıxış etdi. Onun ardınca növbə ilə Məhəmməd Mehdi Bayatın “Füzuli əl-Bağdadiyə dair yeni düşüncələr” və professor Qəzənfər Paşayevin “Füzulinin şairliyi” adlı məruzələri diqqətlə çatdırıldı.

İkinci iclasda professor Əliyar Səfərli “Füzuli haqqında araşdırma”, Əbdüləziz Semin Bayatlı “Füzuli şeirində kədərin yaranışı” adlı məruzələrini tədqim etdilər. Daha sonra professor İmamverdi Həmidov, Azadə Cəfərqızı, Faruk Faik Köprülü, Vəcihə Feyzullazadə və digərlərinin məruzələri dinlənildi.

Füzuli festivalında şeir mərasimi

Festivalda elmi məruzələrdən sonra poeziya mərasimi təşkil olundu. Azərbaycan şairləri adından Fikrət Qoca İraq-Azərbaycan əlaqələrinə həsr olunmuş şeirini səsləndirdi. Daha sonra Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub Füzuli haqqında şeir oxudu. Sonra Azərbaycan şairləri – Qabil, Cabir Novruz, Zöhrab Tahir, Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Fikrət Sadıq, Ayaz Vəfalı, Çingiz Əlioğlu, Şahmar Əkbərzadə, İsa İsmayılzadə, Dilsuz, Arif Abdullazadə, Vaqif Cəfəroğlu-Məmmədov, İraq-türkman şairləri - Salah Növrəs, Rza Çolakoğlu, Mustafa Ziya, Sabir Dəmirçi, Hani Sahib, Ümit Köprülü, Salah Bəhlul, Fövzi Əkrəm Tərzioğlu, Nicat Mehmet Tuzlu, Əli Yağmuroğlu, Mehmet Ömər Qazançı, Mehmet Mərdan, Fərman Həmid Tuzlu, Mehmet Mehdi Bayat, Səlahəddin Nacioğlu, Adnan Assafoğlu şeir oxudular.

Beynəlxalq Füzuli festivalının bağlanışı

15-17 sentyabr tarixində keçirilən Beynəlxalq Füzuli festivalının bağlanış mərasimində son çıxışı Əbdüllətif Bəndəroğlu etdi. Ə.Bəndəroğlu çıxışında bunları bildirdi: “Hörmətli qonaqlarımız, üç gündən bəri davam edən böyük şairimiz Bayatlı Süleymanoğlu Məhəmməd Füzuli Bağdadinin anadan olması bayramını gülə-gülə, sevinc və sevgiylə yaşadıq. İraq dövlətinin qərarı ilə hazırlanan bu bayram, bu festival iki xalq üçün, İraqla Azərbaycan xalqları üçün ölməz və unudulmaz tarixi hadisədir. Tarixlərə sevginin, dostluq və qardaşlıq əlaqələrinin gün keçdikcə inkişaf edəcəyinə bir dəlalətdir.

Siz dəyərli azərbaycanlı qonaqlarımız zəhmət çəkib Azərbaycandan Bağdada qədər gəlibsiniz, bu gəlişinizi bir daha beş yüz il sonra bizim nəvələrimizin nəvələri bəlkə görəcək. O zaman bu festivalda iştirak edənlərin adları da yada düşəcəkdir. Füzulinin 500 illik təntənəsi İraq tarixində silinməyən və unudulmayan bir hadisə kimi qalacaqdır. Çünki İraq embarqo yaşadığı bir vaxtda da belə bir təntənəni hazırlamaq, embarqonu dəlmək deməkdir. Öz torpaqlarını müdafiə edən bir xalqın iradəsinin nə qədər qüvvətli olduğunu göstərməkdədir. Sizin bura gəlişiniz, Füzulinin ruhunu şad etdi. Füzulini İraqın hər bir köşəsində tanıtdırdı. Zəhmət çəkib gözəl Bağdada gəlmənizi İraq Mədəniyyət və İnformasiya Nazirliyi adından sizi salamlayıram. Sağ olun”.

Azərbaycan nümayəndə heyətinin Kərbəla-Nəcəf ziyarəti

“Füzuli” festivalında iştirak edən 128 nəfərlik Azərbaycan nümayəndə heyəti sentyabr 19-da 3 avtobusla Kərbəlaya yola düşüb Füzulinin məzarını ziyarət etdilər. İmam Hüseyn və qardaşı Həzrəti Abbasın türbəsi də ziyarət olundu. Heyət tərəfindən dualar oxunarkən kimi göz yaşlarına hakim ola bilmədi, kimi də qəhərdən boğuldu. Kərbəla və Nəcəfdən sonra Kufədə Hz.Əlinin məzarı da ziyarət edildi.

Azərbaycan nümayəndə heyəti Kərkükdə

İraqın mədəniyyət və informasiya naziri ziyafət zamanı yanında əyləşmiş Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyevə bir istəklərinin olub-olmadığını soruşdu. Elçin bəy “Heyətimiz Kərkükü ziyarət etmək istəyir. Mən də daxil Kərkükü görmədən geri dönməyəcəyimizi bilməyinizi istərdik” - deyir. İraqlı nazir buna açıq şəkildə cavab verir: “Bu istəyiniz mənim səlahiyyətim xaricindədir. Buna ancaq prezident Səddam Hüseyn qərar verə bilər. Mən bu istəyinizi prezidentə deyərəm” - cavabını verir və mövzu bağlanır. İraqlı nazir Azərbaycan nümayəndə heyətinin istəyini Səddam Hüseynə çatdırır. Səddam Hüseyn 20 sentyabrda Azərbaycan nümayəndə heyətindən Elçin Əfəndiyevi və Sabir Rüstəmxanlının görüşə dəvət edir. Səddam Hüseyn Azərbaycan nümayəndə heyətinə “Şəxsim və dövlətim adına dəyərli Azərbaycan dövlətinə və sizlərə çox təşəkkür edirəm. Bütün ölkələr İraqa qarşı embarqo tətdiq etdiyi zamanda bu qədər ziyalı insanlarla İraqı ziyarət etməniz bizim üçün şərəfdir. Bu festival bütün embarqoları keçib. Əsl dostluq, əsl qardaşlıq budur” - deyir və Azərbaycan nümayəndə heyətinə Kərkükə getməyə icazə verir. Qəbuldan dərhal sonra hazırlıqlar görülür və Azərbaycan nümayəndə heyəti Mustafa Ziyanın rəhbərliyi ilə Kərkükə yola düşür. Heyət sentyabrın 20-də gün batanda Kərkükə çatır və “Qəsri-Kərkük” otelində yerləşdirilir. Axşam yeməyindən dərhal sonra oteldə kiçik bir toplantı təşkil edilir.

Əta Tərzibaşını gizli ziyarət

Kərkük adı hələ o dövrdən azərbaycanlı ziyalılara çox yaxşı tanış idi. İraq-türkman folkloruna aid kitablarda bu şəhərin adını dəfələrlə oxumuş və sevmişdilər. Şəhər əhalisinin öz soydaşları olmasını da yaxşı bilirlər. “Kərkük bayatıları”, “Kərkük atalar sözləri və məsəlləri”, “Kərkük maniləri”, “Altı il Dəclə-Fərat sahillərində” və s. İraq-türkman folkloru ilə maraqlanan hər kəs çox yaxşı bilir ki, Kərkük böyük elm adamı Əta Tərzibaşının adıyla ayrılmaz şəkildə bağlıdır. Əta Tərzibaşının kitabları Türkman-Azərbaycan ədəbiyyatını öyrənən araşdırmaçılar üçün əvəzsiz mənbə olub. Buna görə də belə bir şəxsiyyətin ziyarət olunması çox önəmli və vacib idi. Azərbaycan nümayəndə heyətindən seçilmiş bir qrupu Mustafa Ziya və Sabah Karaltun plan quraraq gizli şəkildə Əta Tərzibaşının evinə aparır.

Əta Tərzibaşı və azərbaycanlılar arasındakı söhbətlər

Əta Tərzibaşı Azərbaycan nümayəndə heyətindən Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı, Azərbaycan mətbuat və informasiya naziri Sabir Rüstəmxanlını, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru Yaşar Qarayevi, professor Qəzənfər Paşayevi və “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı ilə kərküklü Mustafa Ziya və Sabah Karaaltunu öz evində qəbul edir. Yaşlı elm adamı qonaqları böyük səmimiyyətlə qarşılayır. Söhbətə ilk olaraq Anar başlayır: “Hörmətli Əta Tərzibaşı, bildiyiniz kimi, dahi şair Məhəmməd Füzulinin 500 illiyi UNESCO-nun qərarı ilə dünya miqyasında qeyd olunmaqdadır. Mədəniyyət dünyasındakı bu tarixi hadisənin ən önəmli səhifələrindən biri də şairin doğulduğu, böyüdüyü, yazıb-yaratdığı və nəhayət qoynunda uyuduğu İraqda yaşanır. Şairin İmam Hüseyn türbəsindəki məzarını da ziyarət etdik. Bu gün Füzulinin nəvələrinin yaşadığı Kərkükün qonağıyıq. İlk istəyimiz sizi görmək idi. Siz təkcə İraqda deyil, Türkiyədə, Azərbaycanda və digər ölkələrdə Türkman xoyratlarının, manilərinin ən məşhur toplayıcısı, araşdırmaçısı və məşhur elm adamısınız. Azərbaycan Yazıçılar Birliyi sizi fəxri üzv seçib və fəxri üzvlük vəsiqəsini sizə təqdim etməyi də mənə həvalə edib. Bu şərəfli işi böyük məmnuniyyətlə yerinə yetirirəm”. Yazıçılar Birliyinin sədri üzvlük vəsiqəsini Əta bəyə təqdim etdi.

Sonra söz alan Sabir Rüstəmxanlı Əta Tərzibaşının folklorşünaslıq fəaliyyətinə toxunur və alimin bu sahədə gördüyü işləri yüksək qiymətləndirir, onun çox dəyərli əsəri olan “Xoyratlar və manilər” kitabının Azərbaycanda çap edilməsi üçün rəhbərlik etdiyi nazirliyin əlindən gələn köməyi göstərməyə hazır olduğunu bildirir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru Yaşar Qarayev çıxışında deyir: “Əta Tərzibaşının adının və imzasının Azərbaycanın çağdaş sənət və elmi yaddaşında müqəddəs bir örnək və simvol olaraq yazıldığını desəm, səhv etmərəm. Mənə görə, “Ata” kəlməsi Kərkük türkmanlarının Xəzər sahillərindəki soydaşlarına ilk müjdəni və ilk sualı gətirənlərin “atası” anlamına gəlməkdədir. "Tərzibaşı" kəlməsi mənim üçün bu xoyratların ilk müasir araşdırma və analiz yöntəmi anlamına gəlir”.

Daha sonra Yaşar Qarayev sözlərinə bu cür davam etdi: “İraqda ziyarət etdiyimiz yerlərin və şəxslərin siyahısında Əta Tərzibaşı öndə gəlir. Bunu Azərbaycan xalqının Əta Tərzibaşıya, Füzulinin nəvələrinə və Türkman folkloruna qarşı hiss etdikləri səmimi sevgi və məhəbbətin təzahürü kimi qiymətləndirirəm. Azərbaycan Yazıçılar Birliyinin Fəxri üzvü vəsiqəsinin özünə təqdim edilməsi də bunun göstəricisidir. Bu münasibətlə hər şeydən əvvəl onun özünü təbrik edirəm. İnanıram ki, Ədəbiyyat İnstitutunun çapa hazırladığı folklor antologiyasında “İraq-türkman folkloru” cildinin redaktoru, toplayıcısı və tədqiqatçısı kimi Əta Tərzibaşı imzası qeyd olunacaq”.

İraq-türkman folklorunun tanınmış tədqiqatçısı, professor Qəzənfər Paşayev Əta Tərzibaşı ilə görüşdə bunları dedi: “50-ci illərin sonuna qədər İraqda yaşayan soydaşlarımızın ədəbi və mədəni zənginlikləri haqqında heç bir məlumatımız yox idi. 1950-ci illərin sonlarında Rəsul Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadənin İraq səfərindən gətirdikləri hədiyyələr arasında ən dəyərlisi Əta bəyin üç cildlik “Kərkük xoyratları və maniləri” adlı kitabı olduğunu deyə bilərəm. İraqda çalışdığım illərdə Əta Tərzibaşının necə ciddiyyətlə Türkman folklorunu topladığının, araşdırdığının və yayımladığının şahidi oldum. İraq-türkman folkloru ilə bağlı ilk dərsimi 1964-cü ildə Bağdaddakı Türkman Qardaşlıq Ocağında Əta Tərzibaşı ilə üç saatlıq bir toplantı sırasında aldım. İraq-türkman folklor nümunələrinin ölkəmizdə bir neçə dəfə nəşr edilməsi və kütləviləşməsi sahəsində gördüyüm işlər və ayrıca folklor araşdırmalarına dair dissertasiyamı yazmağımda Əta Tərzibaşının əsərlərinin böyük təsiri oldu. Bu zəngin və mənəvi yardımını heç bir zaman unutmayacağam”.

Görüşdə Füzulinin 500 illik yubileyinin yüksək səviyyədə keçirildiyi, Azərbaycan-İraq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan Azərbaycan nümayəndə heyəti İraq-türkman və Azərbaycan folklorunun bir bütöv zənginlik içində olduğunu, bu işdə Rəsul Rza, Qəzənfər Paşayev, Əbdüllətif Bəndəroğlunun xidmətlərinin yüksək olduğu qeyd edildi. Sonda Əta Tərzibaşı “Kərkük havaları” və “Kərkük şairləri” kitablarını ziyarətçilərə təqdim etdi və xatirə şəkili çəkildi.

Kərkükdə konsert proqramı

Azərbaycan nümayəndə heyəti Kərkük qalasını və Çarşı bazarı ziyarət etdikdən sonra “Əl-Neşat əl-Mədrəsi” salonunda azərbaycanlı musiqiçilərin konsert proqramı təqdim olundu. 20 sentyabrda baş tutan konsertdə salon minlərlə türkman tərəfindən tamamilə dolduruldu. Ttürkmanlar üçün tarixi bir gün idi. Onlar ilk dəfə olaraq bir nümayəndə heyətinin öz dillərində şeir, mahnı oxuduğunu eşidirdilər. Füzulinin “Leyli və Məcnun” əsəri əsasında yazılmış operanı ifa edən Mənsum İbrahimovun çıxışı zəlzələ effekti yaratdı. Səhəri gün heyət Bağdada döndü və bu şəhərin görməli və tarixi yerlərini gəzdikdən sonra Babilə yola düşdü.

Azərbaycan nümayəndə heyəti Babil Mədəniyyət festivalında

“Füzuli” festivalı ilə bağlı İraqa gələn üçün Azərbaycan nümayəndə heyəti bu ölkədə böyük qonaqpərvərliklə qarşılandı və 4 günlüyünə gəlmələrinə baxmayaraq, bir həftə İraqda qaldılar. Bu da nümayəndə heyətinin başqa tədbirlərdə iştirakına da imkan yaratdı. Onlar proqramda nəzərdə tutulmadığı halda sentyabrın 22-də keçirilən Babil Mədəniyyət festivalına da dəvət olundular. Azərbaycanın məşhur sənətçiləri bu festivalda çıxış etdilər.

Azərbaycan nümayəndə heyətinin İraq səfəri 23 sentyabra qədər davam elədi. Sentyabrın 23-də nümayəndə heyəti Bakıya döndü.

Füzuli festivalından xatirələr

Məhəmməd Füzulinin 500 illik yubileyində iştirak etmiş 128 nəfərlik Azərbaycan nümayəndə heyətinin rəhbəri, o dönəmdə Azərbaycan Respublikası Baş nazirinin müavini olmuş Xalq yazıçısı Elçin Əfəndiyevi 2013-cü ildə ziyarət edib Bağdaddakı Füzuli festivalında iştirakı və Kərkük səfəri ilə bağlı xatirələrini öyrəndim: “Unudulmayacaq bir ziyarət idi. İran üzərindən Bağdada, sonra da Kərkükə getmək bizim ən böyük istəklərimizdən biri idi. Kərkükün ağsaqqalı Əta Tərzibaşı ilə heyətimizdən 5 nəfərin görüşməsi və ona Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsinin təqdimi bizim üçün böyük bir hadisə idi. O günlər hər yadıma düşəndə çox xoşbəxt oluram. Məndən Kərkükə və İraq türkmanlarına və Türkmaneliyə qucaq dolusu salamlarımı və sevgilərimi yetirin”.

İsa Həbibbəyli, AMEA prizedenti: 1994-cü ildə Füzulinin 500 illik yubileyi münasibətilə İraqda təşkil olunan tədbirlərə qatılmaq üçün İran üzərindən Bağdada, daha sonra da Kərkükə getmişdik. Kərkükdə çox gözəl 2 gün keçirdik. Şəmsəddin Kuzəçi və dostları bizlərdən Kərkük TV üçün müsahibələr aldılar. Möhtəşəm təqdimatlar etdik. Azərbaycanla Kərkük arasında eyni dil, kültür və eyni mədəniyyət yaşanmaqdadır. Xoryatları bayatılarımız kimi təsirli və möhtəşəmdir. Qismət olsa, 30 il sonra bir daha Kərkükə gedib öz doğma qardaşlarımızla bir arada olmaq arzumdur. Kərbəlada Füzulinin məzarını ziyarət etmək ən böyük arzumdur”.

Şair Fövzi Əkrəm Tərzioğlu: Mən o zaman Kərkük TV-də sənət verilişi aparırdım. “Leyli və Məcnun” operası və azərbaycanlı sənətçi Mələkxanım Əyyubova haqqında reportaj hazırlamışdım. Axşam efirə getməli idi. Azərbaycan heyətilə oteldə oturub verilişin başlanmasını gözləyirdik. Mənim verilişimin əvəzinə Şəmsəddin Kuzəçinin verilişi efirə verildi. Hamımız çox üzülmüşdük. Daha sonra TV ilə danışdıq. Xüsusi veriliş olduğu üçün montaj işlərini yekunlaşdırmamışdılar. Lakin bu gecə efirə verəcəklərini dedilər. Gecə saatlarında bir Misir filmini yarıda kəsib “Azərbaycan özəl” verilişini efirə verdilər. Çox sevindik. Azərbaycan sənətçiləri də sevinmişdilər. 30 il əvvəl belə bir xatirəmiz oldu”.

Bu il türk dünyasının böyük şairi Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Buna baxmayaraq, şairin doğum yeri ilə bağlı məlumatlar və sənədlər hələ də açıqlığa qovuşmayıb. Kərküklü tədqiqatçı Əta Tərzibaşının Füzulinin Kərkükdə doğulması haqqında iddialarına cavab verilmədiyi üçün onun fikirləri hələ ki əsas sayılır.

İraq səlahiyyətlilərinin Füzulinin məzar daşı və həqiqi türbəsinin yeri ilə bağlı irəli sürdükləri faktların dəqiqliyi sübut olunmayıb. İddia edildiyi kimi olsaydı, bu gün Füzulinin məzar daşına, heykəlinə rast gələrdik. Amma təəssüflər olsun ki, nə İraq dövləti, nə də nazirlik Füzuliyə nə bir heykəl, nə bir abidə qoyub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Füzulinin 530 illik yubileyi çərçivəsində Azərbaycanda tədbirlər keçirilməsi planlaşdırılır. Könül istərdi ki, türk dövlətlərinin mədəniyyət nazirliklərini təmsil edən TÜRKSOY da, Türk Ağsaqqallar Birliyi də Füzulinin 530 illiyi ilə bağlı tədbirlər keçirsin, ruhunu şad etsin.

Yazımı isə Füzulinin bir beyti ilə bitirirəm:

Söylərsəm təsiri yox, sussam könül razı deyil

Çəkdiyim ələmləri, bir mən, bir Allahım bilir.

 





30.09.2024    çap et  çap et