525.Az

"O" - Qulu Ağsəsdən poetik nümunə


 

"O" - <b style="color:red"> Qulu Ağsəsdən poetik nümunə</b>

"O"

 

Mən Onu yaxşı tanıyırdım,

Adam rayonundan idi -

                                   əsli,

Mən Onu yaxşı tanıyırdım,

sözün də açığını sevməzdi -

əsla...

Mən Onu yaxşı tanıyırdım,

düşüncələri təzə şum kimi

                                   alt-üst idi,

Mən Onu yaxşı tanıyırdım,

su da atmazdı arxadan -

                        o qədər dürüst idi...

Mən Onu yaxşı tanıyırdım,

az yazdı,

amma A-dan Z-yəcən çatardı AZ-ı,

Mən Onu yaxşı tanıyırdım,

Allahdan başqa,

hamıdan qorxurdu yazıq...

Mən Onu yaxşı tanıyırdım,

O, mənim hər şeyimdi...

            Mən Onun yarısı,

Mən Onu çoxdan tanıyırdım,

Alın təriylə yazılmışdı

alın yazısı...

 





30.09.2024    çap et  çap et