Yüksək səviyyəli Türkiyə-Azərbaycan əlaqələri, xüsusilə də iki ölkənin liderləri arasında qarşılıqlı etimada, inam, dostluq və qardaşlığa dayanan münasibətlər bu gün dünyanın dördbir yanında, hətta bu əlaqələrin indiki səviyyəsini həzm edə bilməyən əleyhdar dövlətlər tərəfindən də etiraf olunur. Amma çox təəssüf ki, Türkiyədə bəziləri bu münasibətləri zaman-zaman sınağa çəkməyə və ona xələl gətirməyə cəhd göstərməkdə davam edirlər. Bu baxımdan, “Kalyon” qrupuna məxsus “Sabah” qəzetində dərc olunmuş məqalə də eyni arzuolunmaz məqsədə xidmət göstərir.
Məqalədə Azərbaycanın İsraillə münasibətləri əsas götürülərək ölkəmiz haqsız tənqid olunur. Bu, süni şəkildə Türkiyə ictimai rəyində Azərbaycanı neqativ şəkildə gündəmə gətirmək cəhdidir və əfsuslar olsun, bu cəhdlər ardıcıl şəkildə davam etdirilir.
Məlumdur ki, Azərbaycan heç zaman Türkiyəyə, onun maraqlarına qarşı addım atmayıb. Buna nə Azərbaycan Prezidenti, nə də xalqımız imkan verər. Türkiyə ilə ikitərəfli münasibətlərdə yazılmamış qanun var ki, sual doğuran məsələlər mediada, açıq müstəvidə deyil, bağlı qapılar arxasında, telefon vasitəsilə müzakirə və həll edilir. Azərbaycan bu düzgün üslubu həmişə gözləyib və gözləyir.
Bəzi beynəlxalq məsələlərdə də Azərbaycanla Türkiyənin mövqeyi üst-üstə düşməyə bilər, bunda qeyri-adi heç nə yoxdur. Çünki söhbət iki müstəqil dövlətdən gedir. Amma Fələstin münaqişəsi, ərəb dünyasının məsələləri Azərbaycanla Türkiyə arasında problem olmamalıdır. Bu, ilk növbədə, parçalanmış, bir qismi ABŞ-dan, bir qismi Avropa İttifaqından, bir qismi İsraildən və başqa yerlərdən idarə olunan ərəb dünyasının problemidir. Həmin problemin, Fələstin məsələsinin həllində aparıcı rol Ərəb Dövlətləri Liqasına və aparıcı ərəb dövlətlərinə məxsus olmalı, onlar lokomotiv rolu oynamalıdır. Məsələyə daha da dərindən, ətraflı yanaşsaq, görərik ki, Qəzza problemi başlayandan Türkiyə İsrailə qarşı ən sərt təpki göstərən, kəskin bəyanatlar verən dövlətdir. Amma real vəziyyətə baxdıqda bir sıra suallar meydana çıxır: Bu sərt mövqe ilə indiyədək nəyə nail olunub? İsraili öz xəttindən döndərmək yönündə bircə addım irəli gedilibmi?
Digər tərəfdən, nəyə görə bu məsələlərdə Türkiyədə əsas gözlənti yalnız Azərbaycandandır? Türk dünyası böyükdür, başqa ölkələr də var. Niyə məhz Azərbaycan? Axı Azərbaycan, necə deyərlər, Roma Papasından artıq katolik ola bilməz.
Rəsmi Bakının Fələstin məsələsində mövqeyi aydındır və bunu dəfələrlə ifadə edib: bu məsələ iki dövlət prinsipinə əsaslanaraq 1967-ci il sərhədlərinə uyğun əl-Qüds əş-Şərif paytaxt olmaqla tənzimlənməlidir. Bir müddət öncə BMT Baş Assambleyasının sessiyasında İsrailin işğalına son qoyulmasını tələb edən qətnamə mütləq səs çoxluğu ilə qəbul edildi və təbii ki, Azərbaycan da qətnaməyə səs verdi. Ümumiyyətlə, istər BMT-də, istərsə də Fələstin məsələsinin müzakirə olunduğu digər beynəlxalq platformalarda Azərbaycanın mövqeyi Türkiyənin, müsəlman dünyasının mövqeyindən fərqlənməyib.
Azərbaycan Fələstinə humanitar yardım göstərir, orada öz nümayəndəliyini də açıb. Baxmayaraq ki, zamanında, ASALA başda olmaqla, erməni terror təşkilatları məhz Fələstində yurd salıb, Monte Melkonyan kimi qatillər o torpaqlarda rahat ayaq açıb gəziblər.
Əslində, Türkiyənin də bu qədər HƏMAS-ın, “Hizbullah”ın dalınca düşməsi, onları belə qətiyyətlə müdafiə etməsi düzgün mövqe deyil. Eyni zamanda, bu gün Türkiyə tərəfindən sərgilənən bəzi davranışlar Azərbaycan ictimaiyyətini məmnun etmir. Məsələn, BMT Baş Assambleyasının sessiyası zamanı, vaxtilə Azərbaycan şəhərlərinin bombalanması əmrini verən, əli azərbaycanlıların qanına batmış Ermənistanın Baş naziri Nikol Paşinyanla Türkiyə rəhbərliyinin səmimi görüşünü, Baş nazirin ona bağışlanan kitabı qucaqlamasını, Türkiyənin birinci xanımının Paşinyanın həyat yoldaşı ilə görüşməsini Azərbaycan xalqı gözardı edə bilməzdi və bu hadisə haqlı narazılığa səbəb olub. Lakin yerlərdən gələn haqlı iradlara baxmayaraq, məsələ geniş məcraya, media müstəvisinə çıxarılmadı və Azərbaycan iqtidarı, mediası təmkinli davranışını davam etdirdi.
Azərbaycan dövləti səbatlı, dəqiq ölçülüb-biçilmiş siyasət həyata keçirir. Bütün məsələləri birinci növbədə milli maraqlar prizmasından qiymətləndirir və buna uyğun addımlar atır. Bunu dünyada hamı bilir, qardaşlarımız da bilməmiş deyillər. Buna görə də bütün məsələlər ənənəyə uyğun, səmimi, dürüst tərzdə müzakirə oluna bilər, media vasitəsilə atmacalara lüzum yoxdur.
Azərbaycan hər zaman Türkiyənin yanında olub, qardaş dövlətdən öz dəstəyini əsirgəməyib. Hətta Türkiyənin olmadığı platformalarda Azərbaycan həm də Türkiyənin səsi olub.
2014-cü ildə Çexiyanın paytaxtı Praqa şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının beş illiyi münasibətilə keçirilən tədbirdə Türkiyə nümayəndəliyi iştirak etmirdi. Bundan sui-istifadə edən Ermənistan Baş naziri qondarma “erməni soyqrımı”nı gündəmə gətirərək, Türkiyəni tənqid etməyə cəhd göstərdi. Azərbaycan Prezidenti İlham Əliyev “Türkiyə nümayəndəsi burada yoxdur, ancaq mən buradayam” deyərək ermənilərin cavabını qətiyyətlə verdi, Türkiyənin mövqeyini öz dövlətinin maraqları kimi müdafiə etdi, bununla da Azərbaycan-Türkiyə münasibətlərinin hansı səviyyədə olduğunu bütün dünyaya göstərdi.
Bir neçə il əvvəl - Türkiyədə FETÖ terror təşkilatı tərəfindən dövlət çevrilişinə cəhd edilən zaman ölkəmizin başçısı dərhal bəyanat verərək, Azərbaycan dövlətinin və xalqının bütün mənalarda Türkiyə dövlətinin, hakimiyyətinin və xalqının yanında olduğunu vurğuladı.
2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstanın ölkəmizə təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdiyi zaman dövlətimizin başçısı qardaş Türkiyənin mövqeyinə birmənalı dəstəyini ifadə etdi, “Azərbaycan istənilən halda Türkiyənin yanındadır” dedi.
Təbii ki, Türkiyənin də Azərbaycana yönəlik belə addımları az deyil. Zatən qardaşlıq da belə olur.
Azərbaycan öz maraqlarına da sadiqdir, qardaşlığa da. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi “Bir millət, iki dövlət” prinsipi Türkiyə-Azərbaycan münasibətlərini xarakterizə edən başlıca prinsipdir. Kimlərsə qardaş xalqların arasına girmək istəyə bilər, ancaq nəticə əldə etməyə müyəssər olmayacaq. Çünki ortada iki xalqın, iki böyük siyasi liderin iradəsi var və bu iradəni aşmaq heç kimin həddində deyil.
P.S. Zamanında Azərbaycan Türkiyə-İsrail münasibətlərinin normallaşmasında fəal rol oynayıb. Məhz bundan sonra İsrail Prezidenti Türkiyəyə səfər etdi, BMT Baş Assambleyasının sessiyasında Türkiyə və İsrail rəhbərlərinin görüşü baş tutdu. Tarixin təkrarlanmaq kimi bir xassəsi var. Müəyyən bir vaxtdan sonra münaqişələr bitəcək və Türkiyə-İsrail münasibətlərinin normallaşmasına ehtiyac yaranacaq. Heç şübhəsiz, o zaman Azərbaycanın barışdırıcılıq missiyasına yenidən gərək duyulacaq.
çap et