“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir” - Ulu öndər Heydər Əliyev
Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, tarixə çevrilən həmin günlərdə mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri də 1993-cü ilin 3 oktyabrıdır. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi - prezident seçkilərində böyük ictimai-siyasi xadim Heydər Əliyev seçicilərin mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan prezidenti seçildi və bu, Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi oldu. Azərbaycan Prezidenti seçilən Ulu öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.
Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar etdi. Dövlət çevrilişlərinin qarşısı alındı, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası, Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi.
Görkəmli dövlət xadimi Heydər Əliyev qlobal düşüncəyə, geniş dünyagörüşünə malik nəhəng siyasətçi idi. O, hadisələrə praqmatik yanaşır, tarixi şəraiti düzgün dəyərləndirir, ölkənin taleyində mühüm əhəmiyyətə malik uğurlu qərarlar qəbul edirdi.
Bu illər ərzində Ulu öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə dəfələrlə böyük uğurla sınaqdan çıxdı. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi Ümummilli lider Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkənin siyasi-hüquqi sistemində müsbət dəyişikliklər oldu. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən dövlət xadimi məhz Ulu öndər idi. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli prinsipi xarici siyasətimizin əsas prioritetinə çevrildi. Ümummilli lider Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi bir çox qətnamə və bəyanatların qəbuluna nail oldu. Vətən müharibəsində qazanılan tarixi Zəfər məhz Ümummilli lider Heydər Əliyevin siyasi irsinin bu gün də yaşamasının və Prezident İlham Əliyevin bu irsi qətiyyətlə davam etdirməsinin, Ulu öndərin qoyduğu siyasi xəttə vətəndaş inamının məntiqi nəticəsidir. Çünki bu ideologiyanın təməlində milli-mənəvi dəyərlərimiz, müstəqil dövlətçilik, azərbaycançılıq məfkurəsi dayanır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən saysız-hesabsız tədbir və layihələr Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirir. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtdırıb. İkinci Qarabağ - Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bu uğurların məntiqi nəticəsidir.
Ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycana, onun inkişafına, tərəqqisinə həsr etdi. Görkəmli dövlət xadimi, böyük siyasət adamı Heydər Əliyev irsinin öyrənilməsi yalnız ölkəmiz üçün deyil, bütün dünyanın diplomatiya və politologiya elmi üçün böyük töhfə, əvəzolunmaz mənbədir. Xüsusilə onu da qeyd etmək lazımdır ki, bu, həm də Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin öyrənilməsi deməkdir.
çap et