Azərbaycan Prezidenti İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında etdiyi nitqində bir sıra mühüm məsələlərlə yanaşı ideoloji təhlükəsizliyə də toxundu. Bunun dövlətimizin qarşısında duran əsas vəzifələrdən bir olduğunu vurğuladı. Əlbəttə ki, ideoloji təhlükəsizliyin təmin olunması hər bir dövlət üçün vacib əhəmiyyət kəsb edir. Azərbaycana qarşı ideoloji təxribatlar hər zaman olub və bu gün də davam edir. Prezident çıxışında bildirdi ki, həmin təxribatların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik.
“Biz bir sıra sosial platformaları, yutub kanallarını izləyirik, orada müxtəlif insanlar fərziyyələrlə çıxış edirlər. Fərziyylərə nəzər salanda görürük ki, əslində bu fərziyyə deyil, kimlərinsə beyninin məhsuludur, konkret sifarişlə hazırlanan materiallardır. Bütün bunlar məqsədyönlü şəkildə edilir. Əsas məqsəd ondan ibarətdir ki, daxildə müəyyən problemlər, ziddiyyətlər yaratsınlar”.
Bu fikirləri “525”ə politoloq İlqar Vəlizadə Azərbaycanın ideoloji təhlükəsiliyi ilə bağlı danışarkən deyib.
Politoloq əlavə edib ki, onsuz da bütün cəmiyyətlərdə müəyyən ziddiyyətlər, problemlər var və bu, normal bir haldır: “Amma onların həlli il bağlı heç bir təklif olmadan ittihamlar irəli sürülür, süni şəkildə hansısa problemlər böyüdülür, mahiyyəti başqa cür açıqlanır: “Əlbəttə ki, bu dairələrin əsas məqsədi o deyil ki, problemlərin həllinə nail olunsun. Əsas məsələ problemlərin üzərində öz siyasətlərini quraraq daxili nizamı pozmaq, cəmiyyət daxilində xoşagəlməz proseslər, qarşıdurma yaratmaqdır ki, son nəticə isə dövləti, cəmiyyəti zəiflətməyə hesablanıb. Zəif cəmiyyətlərlə, zəif dövlətlərlə siyasi layihələri həyata keçirmək mümkündür”.
İ.Vəlizadə xatırladıb ki, digər tərəfdən Qarabağ probleminin həlli ilə razı olmayan qüvvələr də görünür, burda cənfəşanlıq göstərirlər: “Onlar müxtəif yerlərdə deyirdilər ki, Azərbaycan iqtidarı Qarabağ probleminin həllində maraqlı deyil, hansısa başqa məqsədləri, maraqları var və s. Rus sülhməramlıları regiona gələndə deyirdilər ki, onlar heç vaxt çıxmayacaqlar. İndi də deyirlər ki, guya Azərbaycan Rusiya və digər ölkələrlə bir yerdə SSRİ 2.0 layihəsini həyata keçirir. Azərbaycan guya müstəqilliyindən imtina edir, hansısa başqa layihədə iştirak edir, çox təəssüf ki, belə üzr istəyirəm, axmaq fikirlər bəzi insanların beyinlərində kök salır və onlar elə düşünürlər ki, bu belədir. Hadisələr, tarix, gedişat onu göstərir ki, belə deyil, sadəcə olaraq yenə deyirəm, kimlərinsə məqsədyönlü siyasətidir. Ona görə də cəmiyyətdə buna əlbəttə ki, müqavimət, ideoloji hazırlıq olmalıdır. Müxtəlif cinsi azlıqlarla bağlı yürüdülən mesajlar var. Eyni zamanda, ailə modeli ilə bağlı bizə hətta iradlar irəli sürülür ki, sizdə patriarxal ailələrdir, sosial münasibətlər tənzimlənməyib və s. Belə hallar var və onlara qarşı əlbəttə ki, adekvat cavab verilməlidir. Burda ideologiya mühüm rol oynayır. Bizim çox dərin əsalarımız, dahi əcdadlarımız, mütəffəkirlərimiz, filosoflarımız var ki, onların irsinə əsaslanaraq bu ideologiyanı qorumaq lazımdır. Kənardan atıllan qeyri-ciddi hallara qarşı cəmiyyətimiz diqqətli olmalıdır”.
Politoloqa görə, bütün baş verənlər cəmiyyət üçün test olmaldır: “Əgər bizim cəmiyyətimiz buna hazır olmasa, onda o cəmiyyət çökəcək, onun axırı olmayacaq, mövcudluğunu itirəcək. Düzdür, təhdidlər var, amma müəyyən ortaq məxrəci saxlamaq lazımdır. Əlbəttə müasir tendensiyalar, müasir məktəblər bu təhdidlərə qarşı yaxşıdır. Mütərəqqi ideyalar, mütərəqqi yanaşma olmalıdır. Bunu tətbiq etməsək, müasir cəmiyyətlə ayaqlaşa bilmərik. Müxtəlif insanlar deyirlər ki, seriallar pisdir, onlara baxmaq lazım deyil. Hansısa yenilikləri ümuimiyyətlə qəbul etmirlər. Bu ideoloji çöküntü deməkdir. Yeniliyi qəbul etmək lazımdır, adaptasiya lazımdır. Seriallar yaxşı üsuldur, sadəcə olaraq orda göstəriləndən normal şəkildə istifadə etmək lazımdır. Hansı problemlər açılır və onların həlli ilə bağlı yol göstərilirsə, əlbəttə ki, onlar lazımlıdır. Təəssüflər ki, biz başqa mənzərəni də görürük. Seriallar çəkilir və sanki problemlərin göstərilməsi ilə bağlı heç bir şey yoxdur, cəmiyyət onlara baxır, həmin problemlər daha da dərinləşir, təfəkkür dəyişir. Cəmiyyətdə buna müqavimət olmalıdır, bunlar müasir üsullarla, metodlarla aparılmalıdır. Yenə deyirəm, əgər cəmiyyət yeniliklərə adaptasiya edirsə, onu öz ənənəvi formalarına uyğunlaşdırırsa, bu, çox gözəldir və onu tətbiq etmək lazımdır. Əgər yox desək, yeniliyi inkar edib, kənar müdaxilələrlə köhnə üsullarla ideoloji mübarizə aparsaq, onda heç bir şey olmayacaq, əksinə tərəqqinin qarşısı alınacaq, əks proseslər gedəcək”.
Pərvanə Sultanova
çap et