Danimarkanın paytaxtı Kopenhagendə İsrail səfirliyi yaxınlığında törədilən iki partlayışdan sonra üç isveçli saxlanılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Kopenhagen polisinin sözçüsü Yens Jespersen verdiyi açıqlamada İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında yerli vaxtla saat 03:30 radələrində iki partlayışın baş verdiyini açıqlayıb.
Jespersen, tapıntıların partlayışların əl qumbaraları ilə törədildiyini göstərdiyini və hədəfin Kopenhagendəki İsrail səfirliyi olub-olmadığını hələ bilmədiklərini deyib.
Partlayışın baş verdiyi ərazidə başqa səfirlik binalarının da olduğunu bildirən Jespersen, 15-20 yaşlarında 3 isveçlinin nəzarətə alındığını və şübhəlilər haqqında "qanunsuz silah saxlamaq" kimi ittihamların irəli sürüləcəyini qeyd edib.
Danimarkanın ədliyyə naziri Peter Hummelgaard hadisənin ciddi olduğunu bildirərək: "Ancaq səbəblə bağlı şərh vermək üçün hələ tezdir", - deyib.
Qeyd edək ki, polis hadisə nəticəsində ölən və yaralanan olmadığını bildirib.
Malik Atilay
çap et