525.Az

"Cəmiyyətimiz belə zərərli fikirlərə qarşı ideoloji hazırlıqlı olmalıdır"


 

"Cəmiyyətimiz belə zərərli fikirlərə qarşı ideoloji hazırlıqlı olmalıdır"<b style="color:red"></b>

"Azərbaycan Prezidenti İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında etdiyi nitqində bir sıra mühüm məsələlərlə yanaşı, ideoloji təhlükəsizliyə də toxundu. Bunun dövlətimizin qarşısında duran əsas vəzifələrdən bir olduğunu vurğuladı. Əlbəttə ki, ideoloji təhlükəsizliyin təmin olunması hər bir dövlət üçün vacib əhəmiyyət kəsb edir. Azərbaycana qarşı ideoloji təxribatlar hər zaman olub və bu gün də davam edir. Prezident çıxışında bildirdi ki, həmin təxribatların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik".

Mövzunu "525"ə şərh edən politoloq İlqar Vəlizadə deyib ki, bu məsələ ilə bağlı hər şey göz önündədir: "Biz müxtəlif sosial platformaları, yutub kanallarını izləyirik, orada müxtəlif insanlar fərziyyələrlə çıxış edirlər. Bunlara nəzər salanda görürük ki, əslində bu şəxsi fikir də deyil, konkret sifarişlə hazırlanan materiallardır. Bütün bunlar məqsədyönlü şəkildə edilir, əsas məqsəd ondan ibarətdir ki, daxildə müəyyən problemlər, ziddiyyətlər yaratsınlar. Onsuz da bütün cəmiyyətlərdə müəyyən ziddiyyətlər, problemlər var və bu, normal bir haldır. Amma onların həlli il bağlı heç bir təklif olmadan ittihamlar irəli sürülür, süni şəkildə hansısa problemlər böyüdülür, mahiyyətini başqa cür açıqlanır. Əlbəttə ki, bu dairələrin əsas məqsədi o deyil ki, problemlərin həllinə nail olunsun. Əsas məsələ problemlərin üzərində öz siyasətlərini quraraq daxili nizamı pozmaq, cəmiyyət daxilində xoşagəlməz proseslər, qarşıdurma yaratmaqdır ki, son nəticə dövləti, cəmiyyəti zəiflətməyə hesablanıb. Zəif cəmiyyətlərlə, zəif dövlətlərlə siyasi layihələri həyata keçirmək mümkündür".

İ.Vəlizadə xatırladıb ki, digər tərəfdən Qarabağ probleminin həlli ilə razı olmayan qüvvələr də, görünür, burda canfəşanlıq göstərirlər: "Onlar deyirdilər ki, Azərbaycan iqtidarı Qarabağ probleminin həllində maraqlı deyil, hansısa başqa məqsədləri, maraqları var və s. Rus sülhməramlıları regiona gələndə iddia edirdilər ki, onlar heç vaxt çıxmayacaqlar. İndi də deyirdilər ki, guya Azərbaycan Rusiya və digər ölkələrlə bir yerdə SSRİ-2 layihəsini həyata keçirir. Azərbaycan guya müstəqilliyindən imtina edir, hansısa başqa layihədə iştirak edir. Çox təəssüf ki, belə axmaq fikirlər bəzi insanların beyinlərində kök salır və onlar elə düşünürlər ki, bu, həqiqətən belədir. Hadisələr, tarix, gedişat onu göstərir ki, belə deyil, sadəcə olaraq kimlərinsə məqsədyönlü siyasətidir. Ona görə də cəmiyyətdə buna əlbəttə ki, müqavimət olmalıdır, ideoloji hazırlıqlı olmalıdır. Müxtəlif cinsi azlıqlarla bağlı yürüdülən mesajlar var. Eyni zamanda, ailə modeli ilə bağlı bizə hətta iradlar irəli sürülür ki, sizdə patriarxal ailələrdir, sosial münasibətlər tənzimlənməyib və s. Belə hallar var və onlara qarşı əlbəttə ki, adekvat cavab verilməlidir. Burda ideologiya mühüm rol oynayır. Kənardan atılan ziyanlı fikirlərə qarşı cəmiyyətimiz diqqətli olmalıdır".

Politoloqa görə, bütün baş verənlər cəmiyyət üçün imtahan sayılmalıdır: "Əgər bizim cəmiyyətimiz buna hazır olmasa, onda o cəmiyyət çökəcək, onun axırı olmayacaq, mövcudluğunu itirəcək. Düzdür, təhdidlər var, amma müəyyən ortaq məxrəci saxlamaq lazımdır. Əlbəttə, müasir tendensiyalar, müasir məktəblər bu təhdidlərə qarşı yaxşıdır. Mütərəqqi ideyalar olmalıdır, mütərəqqi yanaşma olmalıdır. Bunu tətbiq etməsək, müasir cəmiyyətlə ayaqlaşa bilmərik. Müxtəlif insanlar deyirlər ki, seriallar pisdir, onlara baxmaq lazım deyil. Hansısa yenilikləri ümumiyyətlə, qəbul etmirlər. Bu, ideoloji çöküntü deməkdir. Yeniliyi qəbul etmək, adaptasiya lazımdır. Seriallar yaxşı üsuldur, sadəcə olaraq orda göstəriləndən normal şəkildə istifadə etmək lazımdır. Hansı problemlər açılır və onların həlli ilə bağlı yol göstərilirsə, əlbəttə ki, onlar lazımlıdır. Təəssüflər ki, biz başqa mənzərəni də görürük. Seriallar çəkilir və sanki problemlərin göstərilməsi ilə bağlı heç bir şey yoxdur, cəmiyyət onlara baxır, həmin problemlər daha da dərinləşir, təfəkkür dəyişir. Cəmiyyətdə buna müqavimət olmalıdır, bunlar müasir üsullarla, metodlarla aparılmalıdır. Yenə deyirəm, əgər cəmiyyət yeniliklərə adaptasiya edirsə, onu öz ənənəvi formalarına uyğunlaşdırırsa, bu, çox gözəldir və onu tətbiq etmək lazımdır. Əgər yox desək, yeniliyi inkar edib, kənar müdaxilələrlə köhnə üsullarla ideoloji mübarizə aparsaq, onda heç bir şey olmayacaq, əksinə, tərəqqinin qarşısı alınacaq, əks proseslər gedəcək".

Politoloq İlyas Hüseynov isə deyib ki, Prezident İlham Əliyev VII çağırış Milli Məclisin açılış iclasında çox mühüm məsələlərə toxundu və proqram xarakterli çıxış etdi. Xüsusilə diqqət çəkən məsələ ölkəmizin təhlükəsizliyinin öndə olması, təhlükəsizlik, müdafiə xərclərinə bundan sonrakı illərdə də artımın müşahidə olunması idi: "Hələ ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi yoxdur. Ermənistan sülhdən boyun qaçırır, sülh istiqamətində vahid mövqe formalaşdırmır, Azərbaycanın tələbləri yerinə yetirilmir. Bu xüsusda daim Azərbaycan öz milli maraqlarına, təhlükəsizlik sisteminin gücləndirilməsinə diqqət ayıracaq".

O bildirib ki, yeni geosiyasi reallıqlar şəraitində həm keçmiş məcburi köçkünlərin təhlükəsiz şəraitdə öz doğma yurdlarına qayıdışının təmin olunması, bölgədə aparılan quruculuq işləri, həm də ordunun daha da gücləndirilməsi önəmlidir: "Ötən ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi təmin olundu və ölkəmizin bütün ərazilərində ilk dəfə idi ki, prezident və parlament seçkiləri keçirilirdi. Bu baxımdan yeni parlament qarşısında da mühüm məsələlər dayanır. Parlament nümayəndələrinin fəaliyyət mexanizmləri bir qədər də genişlənməlidir. Cənab Prezident tezis şəklində bir sıra mühüm məsələləri qeyd etmişdir. Bu xüsusda ideoloji sahədə ölkəmiz əleyhinə olan təhdidlər geniş xarakter daşıyır. Burada gənclərin üzərinə böyük vəzifə düşür və ideoloji təhlükəsizliyin təmin edilməsində gənclər yad təsirlərin altına düşməməlidirlər. Sərhədlərimizin qorunması, möhkəmlənmə də mühüm əhəmiyyət kəsb edir. Çünki təxribat ehtimalları da var, Ermənistan havadarlarının dəstəyi ilə silahlanır. Bu baxımdan Azərbaycan üçün bölgədə sülh, təhlükəsizliyin qorunması çox vacibdir".

 

 





03.10.2024    çap et  çap et