525.Az

"Azərbaycanın mənəvi dəyərlərinə uyğun olmayan ideologiyanın aparılmasının qarşısını almaq üçün çox ciddi addımlar atılır və atılacaq"


 

"Azərbaycanın mənəvi dəyərlərinə uyğun olmayan ideologiyanın aparılmasının qarşısını almaq üçün çox ciddi addımlar atılır və atılacaq"<b style="color:red"></b>

Müasir çağırışlar, dövlətləri təhdid edən yeni ideoloji mübarizə üsulları, qarşıdurmalar, müharibələr ideoloji təhlükəsizliyin təmin edilməsini mühüm vəzifə kimi qarşıya qoyur. Bu istiqamətdə zəif mübarizə aparan, onun gətirəcəyi təhlükələri vaxtında və düzgün analiz edə, müvafiq tədbirlər görə bilməyən dövlətlər bununla da ideoloji təxribatları həyata keçirən ölkələrin və mərkəzlərin öz hədəflərinə çatmalarına yol açmış olur. Azərbaycan da zaman-zaman bu cür hallarla qarşılaşır. Xüsusilə, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfərdən və Qarabağda keçirilmiş bir günlük antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası və dövlət suverenliyinin tam təmin edilməsi ilə regionda yaranmış yeni geosiyasi reallıqlar fonunda bəzi beynəlxalq dairələr və Qərb ölkələri tərəfindən ölkəmizə qarşı ideoloji mübarizə daha da güclənib. Prezident İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində qarşıdakı əsas vəzifələrdən birinin ideoloji təhlükəsizliklə bağlı olduğunu söylədi. Azərbaycana qarşı daim qaralama, şər-böhtan kampaniyaları aparılır. Ona görə də ideoloji təxribatlara qarşı mübarizəni məhz yeni çağırılara uyğun olaraq mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev də çıxışında bildirdi ki, xalqın həmrəyliyi, xalq-iqtidar birliyi şəraitində istənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Lakin bu, bizi heç də arxayın salmamalıdır: “Biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil. Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Bunlar bizə dost ola bilməzlər... Ona görə ideoloji təhlükəsizlik məsələləri də daim diqqət mərkəzində olmalıdır, həm dövlət qurumlarının, həm qanunvericilik orqanının, həm də ictimai fəalların. Biz bu məsələ ilə əlaqədar əlbəttə ki, öz addımlarımızı atırıq və atacağıq”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev mövzu ilə bağlı “525”ə deyib ki, Prezident parlamentin yeni tərkibdə ilk iclasında çıxışı zamanı çox mühüm məsələlərə toxundu: "Əsas məqamlardan biri təbii ki, suverenliyi qorumaq üçün ordu quruculuğu, ordu quruculuğunun daha da inkişaf etdirilməsi, hərbi sənaye kompleksi, müdafiə qabiliyyətinin daha da artırılması, müasir texnika və texnologiyadan istifadə etməyi bacaran hərbi kadr potensialının yetişdirilməsi idi. Paralel olaraq dövlət başçısı ideoloji məsələləri də ön plana çəkdi. Bu, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, gələcəkdə hər bir Azərbaycan əsgərinin, Azərbaycan gəncinin, vətəndaşının yetişməsi üçün bu ruhun vacibliyidir. Təbii ki, əsas istiqamət suverenlik, ərazi bütövlüyü, müstəqilliyimiz və hər bir Azərbaycan vətəndaşının rifahıdır. Son vaxtlar bir sıra xarici dövlətlər revanşist ideyalı Ermənistanı bir vasitə kimi seçərək Azərbaycana qarşı məkrli siyasət həyata keçirirlər. Bunda da gənclərdən istifadə etməyə çalışırlar. Eyni zamanda, müxtəlif sosial şəbəkələr, KİV-lər üzərindən, QHT-lər yaratmaqla ideologiyada pozuntular yaratmağa cəhd göstərirlər. Bu, həm də dini radikalizmlə bağlıdır. Digər istiqamətlər də var, bütün bunların qarşısını almaq üçün öz vətənini, torpağını, xalqını sevən, suverenliyimizi qorumağa çalışan gənclər öndədir.

İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatları bir daha göstərdi ki, doğrudan da bizim ləyaqətli, vətənsevər, xalqını sevən, Ali Baş Komandanın əmrini sədaqətlə yerinə yetirən gənclərimiz var. Biz bunun şahidi olduq. Yəni gənclərin tərbiyəsi istər məktəb olsun, istər ali təhsil ocaqları, istər digər strukturlar olsun, bütün bu istiqamətlərdə mənəviyyat və vətənpərvərlik ən mühüm məsələlərdən biri kimi qarşıya qoyulub. Buna görə də düşünürəm ki, ideologiya və onun xaricdən gələn ideologiya ilə səhv salınmaması, yaxud qəsdən Azərbaycan mənəviyyatına, mənəvi dəyərlərinə uyğun olmayan ideologiyanın aparılmasının qarşısını almaq üçün çox ciddi addımlar atılır və atılacaq. Azərbaycan gənci özünü 44 günlük müharibədə və suverenliyimizin qorunmasında necə apardısa, gələcəkdə də elə aparacaq. Bu, qarşıya qoyulan əsas və mühüm tələblərdən biridir”.

Siyasi şərhçi Mətin Məmmədli isə “525”ə deyib ki, Azərbaycan Prezidenti Milli Məclisin yeni tərkibdə ilk iclasında etdiyi çıxışı zamanı bir sıra vacib məsələlərə toxunub, onlardan biri də ölkəmizə qarşı yönələn təhdidlərlə bağlı idi: “Cənab Prezident bu kontekstdə ideoloji təxribatlardan da söz açdı. İdeoloji təxribatlar istənilən dövlət üçün ciddi təhlükə, təhdid yaradır. Ümumiyyətlə, ideoloji təhlükəsizlik milli təhlükəsizliyin ən əsas elementlərindən biridir. Yəni hərbi təhlükəsizlik ölkənin müdafiəsini, hərbi qüdrətini, iqtisadi təhlükəsizlik iqtisadi rifahını, inkişafını təmin edirsə, ideoloji təhlükəsizlik də cəmiyyətin, toplumun, millətin mənəvi ideoloji dayanıqlığını təmin edir. Bir çox hallarda biz dünya xalqlarının da, ölkələrinin təcrübəsinə, hətta imperiyaların tarixinə nəzər salsaq, görərik ki, bir çox xalqlar, imperiyalar məhz ideoloji boşluq nəticəsində süquta uğrayıblar. Bu baxımdan hazırda da ideoloji təhlükəsizlik vacib məqamlardan biridir. Azərbaycanda hər zaman ideoloji təhlükəsizliyə xüsusi önəm verilib. Bu mənada düşünürəm ki, bundan sonra da Azərbaycan dövləti öz daxili siyasətində milli ideoloji təhlükəsizliyə böyük önəm verəcək.

İstər Qərbdən, istər cənubdan, şimaldan Azərbaycana qarşı yönələn müxtəlif ideoloji təhdid ünvanları var ki, bu ideoloji həmlələrin təbii ki, qarşısı da yalnız düzgün həyata keçirilən siyasətlə alına biıər. Bu gündən sonra da Azərbaycan dövlətinin görəcəyi əsas işlərdən biri düşünürəm ki, məhz daxil siyasətdə, cəmiyyətdə ideoloji dayanıqığı təmin etməkdir. Burda da iş yalnız dövlətin üzərinə düşmür, həm də cəmiyyətin ayrı-ayrı kəsimlərinin, xüsusilə ziyalıların, elmi, akademik dairələrin üzərinə böyük missiya düşür. Biz Qarabağ zəfərini, böyük qələbəni əldə etmişik, ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etmişik, amma buna baxmayaraq, hələ də ölkəmizə qarşı təhdidlər strateji ideoloji müstəvidə davam edir. Ona görə də bizim dövlət və cəmiyyət olaraq hələ görəcəyimiz işlər çoxdur. Düşünürəm ki, hər halda bu günə kimi həyata keçirilən siyasət də onu deməyə əsas verir ki, istənilən ideoloji təxribatın hər hansı ciddi perspektivi yoxdur”.

 





04.10.2024    çap et  çap et