Bu yaxınlarda şair Arif Əbdüloğlunun "Bütövləşən Azərbaycan" adlı yeni kitabı işıq üzü görüb. Qed edək ki, bundan əvvəl - 2019-cu ildə müəllifin "Vətəndir - sevdiyim sevildiyim yer" adlı şeirlər və poemalar kitab çapdan çıxıb. "Bütövləşən Azərbaycan" kitabına müəllifin son illər qələmə aldığı şeir və poemaları daxil edilib. Məcmuənin əsas qayəsi Vətən müharibəsində qazanılan Zəfər, bu Zəfərə imza atan, işğal altında olan torpaqlarımızı, o cümlədən Şuşanı düşmən tapdağından azad edən igid oğullarımızın qəhrəmanlığının tərənnümüdür. Müəllif, eyni zamanda, doğma kəndi Maştağanın da tarixini səhifələyərək insan talelərinə işıq salıb, öz ibrətamiz fikirlərini və deyimlərini oxucularla bölüşüb.
Arif Əbdüloğlu (İsmayılov) 1939-cu ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya göz açıb. 1958-ci ildə C.Cabbarlı adına orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub, təhsil illərində həm də universitet qəzetində müxbir kimi fəaliyyət göstərib. Onun ilk şeir və məqalələri də elə universitet qəzetində dərc olunub. Xalq şairi Bəxtiyar Vahabzadənin 1960-cı ildə tərtib etdiyi "Aprel çiçəkləri" almanaxında onun da iki şeiri yer alıb.
Kitabın "Tale və nəsihət kitabı" sərlövhəli ön sözünün müəllifi filologiya elmləri doktoru, professor Telman Cəfərov qeyd edir ki, Arif Əbdüloğlunun şeir və poemaları "Hər qaranlıq gecənin işıqlı bir sabahı var" həqiqəti və məntiqinin təcəssümüdür: "Bu kitabda "Qeyrət qalası" adı altında təqdim olunan poemanın süjet xətti 100 ildən bir az əvvəl xalqımızm yaşadığı və sinə gərdiyi qanlı tarixi hadisələrə həssas bir münasibəti əxz etdirir. Silahlanmış, təşkilatlanmış, hərbi təlim görmüş daşnak dəstələrinin, lənətəgəlmiş komissar Şaumyanın başkəsənlərinin törətdiyi fitnələrin qarşısını alan kənd qoçuları Nəcəfqulu və Əziz, Kərbəlayi Əliheydər, Qulamhüseyn Bəhlul oğlu, Maştağa qarnizonunun döyüşçüləri, kəndin mühafizəsinə dəstək verən türk sərkərdələri Tofiq paşa ilə Mürsəl paşa, burada adları çəkilən digər qəhrəmanların real şəxslər olması oxucuda şübhə doğurmur. Nə yaxşı ki, Arif Əbdüloğlu kimi bu tarixi hafizələrdə yaşadan və canlandıran yaradıcı insanlar var".
Kitabın "Türk əsrinin 44 günü", "İki yüzilliyin dəhşətləri" adlı bölümlərində yer alan bədii nümunələrdən də görünür ki, şairi təkcə son dövrlərdə yaşanılan hadisələr deyil, xalqımızın keçdiyi bütün keşməkeşli dövrlər narahat edir. O öz narahatlıqlarını və üsyanını şeirlərində ustalıqla ifadə etməyi bacarıb.
"Şuşa Zirvəsi" poeması İkinci Qarabağ müharibəsində, Şuşa uğrunda gedən döyüşlərdə hərbçilərimizin göstərdiyi şücaət haqqında dolğun təsəvvür yaradır:
Əlində silahı, önündə bayraq
Döyüş dostlarıyla addımlayaraq
Gedir dilində də Vətən mahnısı
Hücuma bir marşdır ritmi, sədası.
Döyüş ara verir, vaxt bir an durur
Toplar, pulemyotlar sanki yorulur
Budur, Xudayarın gəlir xoş səsi
Bayaqkı mahnıdır, bir qədər həzin...
"Xudayar təsnifi" şeiri ilə şair şəhid Xudayar Yusifzadənin timsalında əsgərlərimizin, şəhidlərimizin ümidlə, inamla, vətənə sonsuz sədaqətlə döyüşdüyünü qeyd edir.
Kitabın "Qeyrət qalası" bölümündə 1918-ci il soyqırımında şəhidlik zirvəsinə ucalan maştağalı soydaşlarını xatırlayan müəllif onların hər birinin adını çəkərək yad edir: "Əksəriyyəti mühasirədə düşmənlə üz-üzə, çox vaxt əlbəyaxa döyüşlərdə onlarca erməni öldürərək həlak olmuşdur. Beş ay mühasirədə qalsalar da, qəhrəmancasına vuruşmuş, Maştağanı qeyrət qalasına çevirərək, bir erməninin belə kəndə girməsinə imkan verməmişlər".
"Bitməyəm sınaq" bölməsində toplanan şeirlərdə müəllif qardaş Türkiyənin son illərdə yaşadığı çətin günlərdən, zəlzələdən, yanğınlardan, bir sözlə, təbii fəlakətlərdən söz açır. Arif Əbdüloğlu bu qədər çətinliklərə baxmayaraq, tək missiyamızın insanları, canlıları xilas etmək olduğunu qeyd edir. Şair həmçinin vurğulayır ki, bəşər övladının yaranışdan bir amalı var: Sonsuz kainatı fəth etmək.
Su tök dəprəm ocağına,
Yurdun geniş qucağına.
Lap dəprəmin acığına
Şəhərlər qur! Qur Türkiyə!
Kitabdakı "Biz vətəni - vətən bizi yaşadır" bölməsində yer alan şeirlər mövzu müxtəlifliyi, rəngarəngliyi ilə fərqlənir. Bu bölmənin ilk səhifəsində Şah İsmayıl Xətainin "Müdrik əcdadımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: ana dilimizi, vicdanımızı, vətənimizi" kəlamını sitat gətirən şairin şeirlərini oxuduqca onun mənəvi dəyərlərə ehtiramı hər bir vətəndaşa örnək nümunədir:
Araz üstə körpülər
Azad Azərbaycanın
Yurdumuz Naxçıvanın,
Turanın və İranın Rifahına körpüdür.
Xoşbəxt gələcəyinə -
Sabahına körpüdür!
Bu, həm də Türkiyəyə
Avropaya çıxışdır,
Millətlərə barışdır.
Bu misralardan da göründüyü kimi, şair tarixdə nə yaşanır yaşansın, xoşbəxt gələcəyə ümidlidir. Xalqların, millətlərin barış halında yaşamasını arzulayan A.Əbdüloğlu "Turan" deməklə bütün türklərin bir bayraq altında birləşəcəyinə səmimi qəlbdən inanır.
Arif Əbdüloğlu "Bütövləşən Vətənim" kitabının son - "Atalar sözləri - kəlamlar" bölümündə folklor nümunələrinə diqqət çəkir. Şairin sözə verdiyi dəyər kitabın sonuncu bölməsinin ilk səhifələrindən hiss olunur: "Atalar sözü - söz yaraşığı, söz sözün dayağıdır".
Ləman İLKİN
çap et