Oktyabrın 6-da Qazaxıstanda ümumxalq səsverməsi-referendum keçiriləcək. Referenduma ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi məsələsi çıxarılacaq. Bununla əlaqədar olaraq Qazaxıstan Mərkəzi Seçki Komissiyasında (MSK) xarici jurnalistlər üçün brifinq keçirilib.
525.az-ın Astanada olan əməkdaşının verdiyi məlumata görə, brifinqdə MSK-a sədrinin müavini
Konstantin Petrov və katibi Muxtar Yerman iştirak ediblər. Qeyd olunub ki, AES tikintisi barədə bir il əvvəl ölkə Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində bəyan edib. Ona görə də referendumun keçirilməsi gözlənilməz deyil. Ümumxalq səsverməsi ilə bağlı aktiv şəkildə iş aparılıb, insanlar məlumatlandırılıb.
MSK-a sədrinin müavini əlavə edib ki, seçki məntəqələri sabah səhər saat 7:00-da açılacaq, 20:00-da səsvermə başa çatacaq. Hərbi hissələr, neftçilər və şaxtaçıların çalışdığı ərazidə məntəqələr bir saat əvvəl, 6:00- da açılacaq.
Ölkədə seçicilərin sayı 12 milyon 244 min 683 nəfər təşkil edir, 10 min 323 seçki məntəqəsi fəaliyyət göstərəcək.
Qeyd edilib ki, 59 xarici ölkədə 74 məntəqə yaradılıb.
Səsvermə günü müxtəlif məqsədlə xaricdə olan vətəndaşlar Qazaxıstanın diplomatik və ya konsulluq nümayəndəliyinə müraciət edərək səs verə biləcəklər. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq İsrail, İran və Livanda seçki məntəqələri yaradılmayıb.
Referendumun gedişini 30 ölkədən və beynəlxalq təşkilatlardan müşahidəçilər izləyəcək. Onların arasında ABŞ, Avropa, Asiya ölkələri, Şanxay
Əməkdaşlıq Təşkilatı, MDB İcraiyyə Komitəsi, Türk Dövlətləri Təşkilatı, xarici ölkələrin diplomatik korpuslarının rəhbərləri və digərləri var. Müşahidəçilik coğrafiyası olduqca genişdir.
O da vurğulanıb ki, bu, Qazaxıstanın tarixində 4-cü referendumdur. Lakin AES-lərin perspektivi ilə bağlı olduğu üçün unikaldır.
Referendumun ilkin nəticələri iki gün ərzində, yekun isə 7 gün ərzində açıqlanacaq.
Pərvanə Sultanova
Astana