|
|
|
|
Bu gün Qazaxıstanda referendum keçirilir. Ölkədə Atom Elektrik Stansiyasının(AES) tikintisi ilə bağlı məsələ səsverməyə çıxarılıb.
525.az-ın əməkdaşı Astanadan xəbər verir ki, seçki məntəqələri bu gün səhər saat 7:00-dan açılıb. Referendumun gedişini 30 xarici ölkədən və 4 beynəlxalq təşkilatdan 177 müşahidəçi izləyir. Eyni zamanda, çox sayda yerli müşahidəçilər prosesi izləyirlər. 30-yaxın ölkədən jurnalistlər referendumu işıqlandırırlar.
Əməkdaşımız bu gün səhərdən başlayaraq bir çox məntəqədə olub.
60 saylı məntəqənin sədri İrqebaeva Kımbat jurnalistlərlə söhbət zamanı bildirdi ki, səsvermənin şəffaf və qanunvericiliyə tam uyğun keçirilməsi üçün bütün şərait yaradılıb. İnsanlar sərbəst şəkildə öz səsvermə hüquqlarından istifadə edirlər.
Onlar referendumun bülletenində qeyd edilən "Siz Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi ilə razısınızmı?” - sualına “bəli, razıyam” və ya “xeyr, razı deyiləm” cavablarından birini seçərək səs verirlər. Məntəqələrdə əlil şəxslər üçün xüsusi kabin yaradılıb. Həmin kabin onların rahat hərəkət edə bilməsi üçün daha genişdir.
Məntəqədə olduğumuz müddətdə seçicilərin axınını müşahidə etdik.
Bunu məntəqə sədri də təsdiqlədi. Onun sözlərinə görə, məntəqə açılan kimi insanlar səsverməyə gəliblər. Onlar öz səsvermə hüquqlarından istifadə edərək səs verirlər. Məntəqədə yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidəçilər, bir sıra ölkələrin Qazaxıstandakı səfirləri də var idi. 256 saylı məntəqədə də seçici axını müşahidə etdik. Jurnalistlərin işləməsi üçün də bütün şərait yaradılmışdı. Məntəqədə olan müşahidəçilərlə söhbət zamanı hər hansı pozuntu qeydə almadıqlarını bildirdilər.
Kosşı şəhər 750 saylı məntəqədə yaşlı insanların necə həvəslə səsverməyə gəldiklərini müşahidə etdik. Söhbət etdiyimiz 100 yaşlı müharibə veteranı Nurqasım Ajitayulı bildirdi ki, referenduma gəlib səs verməyi vətəndaş olaraq özünün borcu hesab edir. Çünki Qazaxıstanın gələcəyi üçün bu referendumda iştirak etmək çox vacibdir. O, indiyədək ölkədə keçirilən bütün seçkilərdə iştirak etdiyini söylədi.
Başqa bir seçici isə söhbət zamanı bildirdi ki, insanlar yüksək vətəndaş fəallığı nümayiş etdirərək seçkiyə gəldiyini görmək sevindiricidir. Bu, o deməkdir ki, qazax xalqı öz taleyinə, gələcəyinə biganə deyil. Nüvə energetikasının inkişafı Qazaxıstan vətəndaşlarının iqtisadi və sosial rifahının təmin edilməsi üçün vacibdir. Sakinlərin əksəriyyəti səs verməyə gələndə bunu başa düşürlər.
Qazaxıstanda seçicilərin sayı 12 milyondan çoxdur. 10 mindən çox seçki məntəqəsi yaradılıb. 59 xarici ölkədə 74 məntəqə fəaliyyət göstərir. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar İsrail, İran və Livanda məntəqələr yaradılmayıb.
Səsvermə 20:00-da başa çatacaq.
Pərvanə Sultanova, Astana