Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradovanın Baş redaktorluğu ilə "Media və Uşaq hüquqları (Dərs vəsaiti)" kitabı işıq üzü görüb. Jurnalistika fakültəsinin tələbələri, media nümayəndələri, jurnalistlər, mütəxəssislər və tədqiqatçılar üçün nəzərdə tutulmuş kitab çox lazımlı və vacib nəşrdir. Kitab həm də hər bir ailənin diqqət verməli olduğu məsələləri əhatə edir.
Kitabın nəşrinə görə Bahar xanım Muradovaya, Redaksiya şurası və müəlliflərə təşəkkürümü bildirirəm.
Yeri gəlmişkən, kitabda geniş yer ayrılan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanunundan bir məqamı da diqqətə çatdırıram:
"Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir:
Zorakılığı və qəddarlığı təbliğ edən informasiya;
cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən, cinayətləri təbliğ edən informasiya;
uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya;
ailə institutunu nüfuzdan salan informasiya;
əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya;
pornoqrafik xarakterli informasiya".
lll
Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünasın Vikipediya platformasında şəhidlər haqqında yazıların silinməsiylə bağlı həyəcanını bölüşdüyümüzü və qarşı tərəfdən tutarlı əsaslandırmalar gözlədiyimizi bildirmişdim.
Qarşı tərəfdən müəyyən qaneedici açıqlamalar gəlsə də, bu həssas mövzu ətrafında müzakirələr səngimədi, əksinə, qarşılıqlı təhqirlərlə davam etdirildi. Prosesin belə məcra alması olduqca məyusedicidir.
Fikrimcə, Fərid Pərdəşünas problemlə bağlı narahatlığını bölüşəndən, ictimaiyyətin diqqətinə çatdırandan, bəzi vikipediyaçılaın təəssüf dolu üzrxahlıqlarından sonra müzakirələri səngitməli idi.
Qarşı tərəf təmsilçilərinin səsləndirdikləri müəyyən arqumentlər başadüşülən olsa da, Vikipediya inzibatçısı kimi təqdim olunan bəzi şəxslərin fikirləri təəssüf doğurdu. Onların cavablarındakı təkəbbürlü ton, etik çərçivələri aşan, ittiham, nifrət püskürən leksikon, bir budaqda oturub min budağı silkələmək cəhdi, yumşaq desək, cığallıq və problemdən yayınmaq idi.
Gənc vikipediyaçıların şəkillərini paylaşıb onların ictimai qəzəbə tuş gəlməsinə rəvac vermək isə birmənalı şəkildə qəbuledilməz addımdır. Unutmayaq ki, neçə illərdən bəri azərbaycandilli Vikipediyanın formalaşmasında və zənginləşməsində, o cümlədən, şəhidlərimizlə bağlı məlumatların bu platformada yayılmasında təmənnasız xidmətləri olan şəxsləri bu dalğada ictimai hiddətə hədəf göstərmək təhlükəli fəsadlara yol aça bilər.
Bütün bu deyilənləri və yaranmış situasiyanı nəzərə alaraq mən həm Fərid Pərdəşünası, həm də vikipediyaçıları qarşılıqlı ittiham və təhqirləri dayandırmağa, soyuqqanlı şəkildə və təmkinlə problemdən çıxış yolu axtarmağa çağırıram.
lll
Şablon adamlar...
lll
"Zirə"nin oyununa baxdım. Hələ xeyli çalışmalı, təcrübə qazanmalı, peşəkarlaşmalıdırlar. Nədənsə mənə elə gəlir, "Zirə" "Qarabağ"ın uğurlarını təkrarlayan komanda olacaq. Yəqin həm də ona görə ki, Rəşad Sadıqovun da Qurban Qurbanov kimi mistik bir aurası var.
lll
Səhər-səhər məktəblərdən yayılan himnimiz nikbinlik və xoş ovqat yaratdı.
Yeni dərs iliniz mübarək!
lll
Bizim reys hansıydı - Praqa, ya Daşkənd?
lll
Dünən özləri ilk dərsə gedirdi, bu gün övladları!
Zaman sürətlə keçir!
lll
Ağıllı fikirlər reaksiyasız qalanda, sükutla qarşılananda adamlar diqqət cəlb etmək üçün yüngüllüyə, lağlağıya, şitliyə üz tuturlar.
lll
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində gözəl bir ənənə var. Hər dərs ilinin ilk günündə 1-ci kurs tələbələri müəllimlərlə birgə mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edirlər. Bu il doğum günü ərəfəsində Üzeyir bəyin də məzarına baş çəkdik, böyük sənətkarın mətbuat tariximizdəki yerindən və xidmətlərindən danışdıq.
Hər gələn nəsil böyük ustadları minnətdarlıqla yad etdikcə mənəvi qürur və rahatlıq yaranır, gələcəklə bağlı nikbin duyğular, nurlu düşüncələr, əminlik artır.
Ruhları şad olsun!
lll
İnsinuasiya ilə, böhtanla, şər atmaqla, yalanla başqasını ləkələyib problemini həll etməyə çalışanların "mələk" simaları tez faş olur. Peşəkar, ciddi media belələrindən uzaq durmalı, onların şantaj və təhdidlərinə qucaq açıb, qanad taxmamalıdır.
Vicdanı olmayanın Allahı da olmur.
lll
Dövlət Suverenliyi və Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günümüz mübarək! Qovuşdurana tale yar olsun!
Mətbuat Günündən Xankəndi, Xocalı xatirələri!
Ağdərə və Xocavəndə də yolumuz düşər, inşallah!
lll
Fərid Pərdəşünas ölkəmizin ən istedadlı gənclərindəndir. Prezident Mükafatçısıdır. Həm texnobloger, həm Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi, o, Şuranın beynəlxalq əlaqələrinin genişləndirilməsində fəal iştirak edir. Onun informasiya texnologiyaları sahəsindəki maarifləndirici videoları da olduqca lazımlı və əhəmiyyətlidir.
Vikipediya məsələsində Fəridə qarşı olan qüvvələrin mütəşəkkilliyi və qrup mənafeyindən çıxış etmələri bu günlərdə özünü açıq-aşkar büruzə verdi, müzakirələr etik əndazədən çıxdı. Buna görə də mən həm Fərid Pərdəşünasdan, həm də qarşı tərəfdən ittihamları dayandırıb müzakirələri təmkinlə, soyuqqanlı şəkildə aparmalarını xahiş etdim. Müraciətimdən sonra Fərid paylaşımlarını dayandırdı. Buna görə ona təşəkkürümü bildirir, bu addımı qarşı tərəfdən də gözləyirəm.
Bu gün Mətbuat Şurasında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün iştirakıyla Fəridlə söhbətimiz oldu, son günlər Vikipediya ilə əlaqəli problemlər barədə səmərəli müzakirələr apardıq.
Ümumi arzumuz bu oldu ki, Fərid bilik və enerjisini daha çox yeni media trendlərinin tətbiqinə, informasiya texnologiyaları sahəsində yeniliklərə sərf etsin. Fəridin gələcəkdə bu sahədə davamlı uğurlara imza atacağına əminəm.
lll
Puşkinin nə günahı var, abidəsini sökürsünüz?!.
lll
İndi elə bir dövrdür ki, heç kim sosial şəbəkələrin şər-şəbədəsindən sığortalanmayıb. Bilərəkdən, ya bilməyərəkdən insanları şərləmək, çamur atmaq asan bir işə çevrilib.
Dəyərlərin sındırılması, gözdən salınması su içmək kimi asan olub. Ümid edirik ki, bu xaotik dövr keçib gedəcək. İnsanlar emosiyasız, soyuq ağılla, təmkinlə, düşünərək hər məsələyə qiymət verəcəklər.
lll
Bir həftə Özbəkistanda qalmaq, özbəkcəni dinləmək bəs edər ki, dili əməlli-başlı anlayasan. Bəzi kəlmələr isə elə bil yaddaşın toz basmış lap uzaq küncündən gəlir, silkələnir, oyanır, durulur, təmizlənir, sonra da bərq vurub işıldayır.
lll
Empati hissi yaşamağa imkan vermir.
lll
Anın qədrini bilin...
lll
Xəcalət hissini itirənlərdən hər nə istəsən gözləmək olar.
lll
İnformasiya bolluğu içində məlumatsızlıq. Hədsiz bilik mənbələri və savadsızlıq.
lll
Peşəkarlıq həm də rəqibin hansı addım atacağını əvvəlcədən bilmək məharətidir.
lll
Hamı niyə tələsir. Nəyin əlamətidir?
lll
Təmkin və səbir müdrikliyin astanasıdır.
lll
Bu yoldan velosiped keçdiyini görən oldumu?
lll
Qapı-pəncərəni bağlayıb eşitməmək səs-küyün bitməsi demək deyil.
lll
Aşıq Ələsgərin abidəsi fərqlidir, dəyərli sənət əsəridir, çoxlu mesajlar və məna çalarları var. Şablon olsaydı, bu qədər müzakirə yaratmazdı.
lll
"Qarabağ"dan incidim.
Bayaqdan fikirləşirəm ki, "Qarabağ"ın məğlubiyyətinin yaratdığı ovqatı hansı söz daha dolğun ifadə edər? Yenə hərlənib-fırlanıb "incimək" sözü beynimdə peyda olur. Bəlkə ən doğrusunu elə feillər içindən boy verən "incimək" ifadə edir?
Gücün çatanı etməyə çalışmayanda, etməyəndə inciyirlər. "Qarabağ" laqeyd və biganə olub elə bil. Qələbəyə ürəkdən can atmır, qələbəni dəlicəsinə arzulamır. Həvəssiz və yorğun görünür. Buna görə də ən uyğun gələn söz inciməkdir elə.
İnciyirik səndən, "Qarabağ"!
lll
Prezident İlham Əliyev 4 oktyabr 2020-ci ildə xalqa müraciətində Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdiyini söylədi, ilk dəfə Şuşanı müqəddəs şəhər adlandırdı. Həmin günün təəssüratı yada düşür:
"İnsanlar təbrik üçün bir-birinə zəng vurur, sevincdən danışa bilmirlər. Telefonun hər iki başında sevinc hıçqırıqları eşidilir. Qələbə müjdəsini göz yaşıyla, hıçqırıqlarla, söz demədən bölüşmək...
Bu duyğuları yaşadanlar var olsun!"
O unudulmaz tarixi gündən 4 il keçib və artıq Cəbrayıl şəhəri ilk sakinlərini qəbul edib.
Cəbrayıl günümüz mübarək!