Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşündə ABŞ-nin və bir sıra digər Qərb ölkələrinin Azərbaycan əleyhinə siyasətini sərt tənqid edərək, onun əsl mahiyyətini açıqlayıb. Dövlət başçısı qeyd edib ki, ABŞ lazım gələndə sanksiya tətbiq edir, lazım gələndə isə onu müvəqqəti olaraq ortadan qaldırmaqla dost maskasını taxır. Bütün bu davranışların kökündə isə Vaşinqtonun maraqlarının müdafiəsi dayanır.
Dövlət başçısı açıq bəyan edib ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin Qərbin razılığı olmadan bərpa edilməsini onlar bizə bağışlaya bimirlər.
"Bu gün antiazərbaycan qüvvələri üçün matəm günüdür. Necə ola bilər ki, heç kimdən icazə almadan, heç kimlə məsləhətləşmədən, heç kimdən qorxmayaraq, Azərbaycan öz hüquqlarını bərpa etdi? Biz bunu öz gücümüz, övladlarımızın fədakarlığı ilə həyata keçirdik. Onlar bizə bunu bağışlaya bilmir. Bu gün ABŞ Azərbaycana qarşı sanksiyalar tətbiq edir. Və sonra onlar deyir ki, gəlin dostluğumuzu möhkəmləndirək. Burada hansı dostluqdan söhbət gedə bilər?", - dövlət başçısı bildirib.
Bu fikirlər Qərbin mahiyyətini, riyakarlığını bir daha ortaya qoyur. Qərb öz maraqları naminə dövlətlərdən istifadə edir, sonra isə onları çətin vəziyyətə salaraq tərk edir. Belə nümunələr çoxdur.
Prezident ABŞ-nin 1992-ci ildə, Azərbaycan torpaqlarını itirən zaman, ölkəmizə qarşı sanksiyalar tətbiq etdiyini, lakin bu sanksiyaların yalnız 2001-ci ildə ləğv edildiyini xatırlatdı. Prezident İlham Əliyev bu məsələyə diqqət çəkərək deyib: "ABŞ Əfqanıstanda işğalçılıq siyasətini başladıqdan sonra, biz onlara lazım idik. Onlar Əfqanıstanda olduqları müddətdə hər il ABŞ prezidenti tərəfindən bu sanksiyalar ləğv edilirdi. Lakin bütün dünyanın gözü qarşısında Əfqanıstandan qaçdıqdan sonra bizə qarşı yenidən sanksiyalar tətbiq olundu".
Məlumdur ki, ABŞ Konqresinin 60 üzvü BMT-nin iqlim sammiti olan COP29 ərəfəsində Azərbaycanı "hərbi cinayətlər"də ittiham edərək, sanksiyalar tətbiq etməyə çağıran birgə məktub imzalayıb. ABŞ dövlət katibi Entoni Blinkenə göndərilən məktubda ölkəmizə qarşı cəfəng iddialar yer alıb. ABŞ və Qərb dövlətləri Azərbaycana hər zaman qısqanclıqla yanaşıblar, ölkəmizin güclənməsini, tam müstəqil siyasət yürütməsini istəməyiblər.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib: "ABŞ-nin bu davranışları bizim üçün təəccüblü deyildi, çünki Azərbaycan dəfələrlə bu ölkədən ikili standartları müşahidə edib. 1990-cı illərin əvvəllərində Xocalı və digər çoxsaylı soyqırm cinayətlərinə, o cümlədən, işğal və təzavüzə məruz qaldığımız bir dönəmdə ABŞ ikili standartlar nümayiş etdirərək "Azadlığa Dəstək Akt"ına 907-ci düzəlişi qəbul etməklə əslində işğalı, təcavüzü dəstəklədiyini göstərdi. Yaxud möhtərəm Prezidentin Cəbrayıl ictimaiyyəti ilə görüşündə də ifadə etdiyi kimi, Əfqanıstan missiyası zamanı Azərbaycanın köməyinə ehtiyac duyduğu zamanlarda ölkəmizin ünvanına təriflər yağdıran Ağ Ev administrasiyaları ABŞ qoşunları Əfqanıstandan çıxdıqdan sonra Azərbaycana münasibətdə maskalarını da çıxarıb atdılar. Bu mənada, ABŞ-nin yenidən işğalın, təcavüzün, separatizmin, çoxsaylı hərbi-siyasi cinayətlərin hamisi kimi çıxış etməyə başlaması bizim üçün gözlənilməz olmadı. Lakin məlumdur ki, Azərbaycan cənab İlham Əliyevin qətiyyəti, dövlətimizin artan güc və imkanları, xüsusən qələbələrimizdən sonra regionda yaratdığımız geosiyasi konfiqurasiya fonunda özünün milli maraqlarını əminliklə qoruya və realizə edə biləcək güc kimi özünü dəfələrlə təsdiq edib. Vaşinqton əvvəlki çoxsaylı uğursuz hücum dalğalarından sonra Azərbaycana münasibətdə yeni kampaniya başlatmaq üçün məqam gözləməkdə idi. Ölkəmizin COP29-a ev sahibliyi etməsi bu mənada Vaşinqton üçün unikal imkan kimi görünməyə başladı. Belə bir həssas dönəmdə Azərbaycana və Azərbaycan Prezidentinə təzyiqin mümkünlüyünü düşünən ABŞ-nin əslində Dövlət Departamentinin muzdlularından ibarət olan konqresmenlərin Dövlət katibinə müraciəti formasında Azərbaycanla sanksiyalar dilində danışmağa başlaması bu "unikal" imkandan istifadə etmək cəhdidir. Aydındır ki, möhtərəm cənab Prezidentin Cəbrayıl şəhərindən də ifadə etdiyi kimi, konqresmenlərin imzaladığı, bu böhtanla dolu, Azərbaycana qarşı ayrı-seçkiliyi ifadə edən, Ermənistanın gücləndirilməsi və bu ölkənin yenidən Azərbaycan ərazilərini işğal və təcavüzə təşviq edən bu təxribat xarakterli müraciətin müəllifi əslində Dövlət Departamenti və şəxsən ABŞ Dövlət katibi Entoni Blinkendir".

Deputat deyib ki bütün bunlardan sonra ABŞ ilə Azərbaycan arasında münasibətlər heç nə olmamış kimi davam edə bilməz və azərbaycanlı deputatların bu prosesə reaksiyası kifayət qədər adekvat və gözləniləndir: "43 deputatın ABŞ və Azərbaycan arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi ilə bağlı müraciəti birmənalı şəkildə münasibətlərimizin gələcək inkişaf tendensiyalarını kölgələmək deyil. Azərbaycan Respublikası bütün dünya xalqları, o cümlədən də, ABŞ ilə münasibətlərin yüksələn xətt üzrə inkişafının tərəfdarıdır. Lakin bu münasibətlər qarşılıqlı xarakter daşımalı, birinin digəri üzərində hegemonluq niyyətində ehtiva olunmamalıdır. Təəssüflər olsun ki, ABŞ-ı hazırkı mövqeyi məhz təcavüzkar niyyətlərə köklənib və onun dünyanın digər bölgələrində olduğu kimi, Azərbaycanda da öz uyğunsuz iradəsinin yeridilməsinə hesablanıb".
Deputat deyib ki, əgər ABŞ regionda sülh və sabitlik üçün təhdid yaradan siyasət yürüdürsə, 30 il işğal və təcavüzü davam etdirmiş Ermənistanın yenidən hərbi cəhətdən gücləndirilməsinə xidmət edən addımlar atırsa, təbii ki, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanatın heç bir önəmi qalmır, yaxud 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Saziş formal bir sənədə çevrilir. Belə olan tədqirdə, həmin müqavilələrin formallıq xatirinə qüvvədə qalması, yaxud eyni məzmunda yeni müqavilələrin razılaşdırılması, müqavilələrin uzadılması və ya yeni müqavilələrə hər hansı formada hazırlığın önəmi yoxdur.
Deputat Azər Kərimli isə söyləyib ki, Prezident İlham Əliyevin Cəbrayıl şəhərində səsləndirdiyi fikirlər, torpaqlarımızın işğaldan azad edilməsi prosesi ilə bağlı bütün önəmli məqamlara diqqət çəkməklə yanaşı, ölkəmizə qarşı uzun illərdən bəri aparılan böhtan və qarayaxma kampaniyalarının mahiyyətini bütün detalları ilə ifadə edir və dünyadakı mövcud mənzərəni göz önündə sərgiləyir: "Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 ilə yaxın bir zaman kəsiyində təcavüzkar, vandal, dəhşətli və amansız müharibə cinayətlərinə yol verən, azərbaycanlılara qarşı soyqırım aktları həyata keçirən Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən, əksinə, işğalın davam etməsinə çalışanların bu gün ölkəmizə qarşı sanksiya çağırışları siyasi ikiüzlülüyün, riyakarlığın bariz nümunəsidir. Cənab Prezident Fransanın, Birləşmiş Ştatların və onların əlaltılarının eyni mərkəzdən idarə olunan təsisatlarının ölkəmizə qarşı nümayiş etdirdikləri davranışları nankorluq kimi qiymətləndirdi.

Düşünürəm ki, bu ifadə sözügedən ölkələrin, təkcə Azərbaycana deyil, hətta öz müttəfiqlərinə münasibətdə də sərgilədikləri davranışların iç üzünü açıb ortaya qoyur. Bu ölkələr üçün heç bir dəyər, heç bir ölçü vahidi, prinsip yoxdur. Onlar beynəlxalq hüququn norma və prinsiplərini ayaq altına atdıqları kimi, elan etdikləri dəyərlərdən, imzaladıqları sənədlərdən çox asanlıqla imtina etməyi bacarır və bütün bunlardan sonra misli görünməmiş ikiüzlülüklə başqalarını ittiham edirlər. 30 ilə yaxın Azərbaycan xalqını və dövlətini işğalla barışdırmaq istəyənlər bunu bacarmadıqları, bütün səyləri boşa getdikləri üçün ölkəmizi sanksiyalarla təhdid edirlər".
A.Kərimli əlavə edib ki, indi də Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət ediblər: "Cənab Prezident bu çirkin müraciətin bizim iradəmizə təsir edə bilməyəcəyini bəyan etdi və şübhəsiz ki, öz torpaqlarını öz gücünə azad edən, haqqı uğrunda dünyanın bütün şər qüvvələri ilə savaşan bir liderin, dövlətin, xalqın iradəsinə kimsə təsir göstərə bilməz".
çap et