|
|
|
|
Rusiya-Ukrayna müharibəsi uzunmüddətli koronavirus pandemiyasının laxlatdığı dünya nizamının dağılmasına səbəb olmaqla bərabər, yeni dünya düzənini formalaşdırmağa da başladı. Formalaşmaqda olan yeni dünya düzəninin necə olacağını isə tam dəqiqliyi ilə söyləmək qeyri-mümkündür. Yeni dünya düzəninin bir, iki və ya çoxqütblü olacağı da məlum deyil. ABŞ-da hesab edirlər ki, Qərbin yeni düzənin formalaşmasına təsir imkanları var. Bu ilin əvvəlində Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı prezident Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan etmişdi ki, ABŞ-nin müttəfiqləri ilə birlikdə dünya düzəninin formalaşa prosesinə təsir etmək imkanı var: "Bir dövrün sonuna gəldik, başqa bir dövrün başlanğıcına yaxınlaşmışıq. Bu yeni düzənin, bu yeni dövrün necə görünəcəyinə təsir etmək imkanımız var".
Ceyk Sallivanın bu açıqlamasından bir neçə ay əvvəl, 2023-cü ilin oktyabrında prezident Co Bayden ABŞ-nin dünyanı indiyədək heç vaxt görünməmiş bir şəkildə birləşdirmək imkanına malik olduğunu bildirmişdi: "Birləşmiş Ştatlar yetərincə cəsarətli və inamlı olarsa, yeni dünya düzəni yarada bilər".
Rusiyanın hərbi-siyasi uğursuzluğu, İsrailin İranın proksi qüvvələrinə, xüsusilə də "Hizbullah" hərəkatına qarşı əməliyyatlarının uğurları artdıqca çoxqütblü dünya düzəni ideyası iflas edir. Bəşəriyyətin soyuq müharibə dövründə olduğu kimi, ikiqütblü dünya düzəninə qayıdacağı ehtimalı olsa da, Çinin ikinci dominantlıq mərkəzi ola biləcəyinə Qərblə yanaşı, Rusiyada da şübhələr yaranıb. Rusiyanın aparıcı alim və iqtisadçılarında Çinin alternativ dominant gücə çevrilə biləcəyinə şübhələr var. Eyni zamanda, Rusiya iqtisadiyyatının yeni dünya düzənindən hansı faydalar əldə edə biləcəyi də aydın deyil. Perspektivlərin nədən ibarət olduğunu və dünya iqtisadi düzəninin davam edən transformasiyasının hansı nəticələrinin ola biləcəyini hələlik proqnozlaşdırmaq mümkün deyil.
Rusiya Elmlər Akademiyasının akademiki, E.M.Primakov adına Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun direktoru Aleksandr Dınkin Çin iqtisadiyyatının dominantlıq dövrünün yaxınlaşdığını düşünən ir çox rusiyalı ekspertlərin fikirlərini bölüşmür. Akademik Dınkinin şübhəsi isə əsassız deyil. Çin iqtisadiyyatına birbaşa xarici investisiyalar nəinki azalıb, hətta bu proses ölkədən valyuta çıxışı ilə əvəzlənib. Belə məlumatlar var ki, Çin iqtisadiyyatına əvvəllər yatırılmış vəsaitlərin çıxarılması prosesi də başlanıb. Ötən ildən bəri Çindən sərmayə çıxışı 1.5 trilyon dollara yaxınlaşıb.
Dünyada indi hər kəs razılaşır ki, Çinin iqtisadi inkişafının tempi aşağı düşür. Sərt CO VID-19 məhdudiyyətlərinin aradan qaldırılmasından sonra Çin iqtisadiyyatının sürətlə yüksələcəyi gözləntiləri özünü doğrultmadı. Əvəzində Ümumdaxili Məhsulun artımının zəifləməsi müşahidə olunur. İstehlakçıların inamının azalması, Qərblə artan toqquşmalar və Çinin bəzi ən böyük şirkətlərinin defolt etməsinə səbəb olan əmlak qiymətlərinin çökməsi səbəbindən iqtisadiyyatın bərpa prosesi dayanıb. Bunu rəsmi məlumatlar da təsdiqləyir. 2024-cü ilin iyul ayında Çin rəsmi məlumatları ÜDM-nin artımının hökumətin hədəfindən təxminən beş faiz geri qaldığını göstərdi.
Bu acınacaqlı vəziyyətin yaranmasının əsas səbəblərinin sırasına uzun sürən daşınmaz əmlak böhranı, sürətlə qocalan əhali, habelə Çin lideri Si Cinpinin iqtisadiyyata nəzarəti gücləndirməsi kimi amillər də daxildir. Sonuncu səbəb əksər BRİKS ölkələrində də müşahidə olunur. Yuxarıdan aşağıya məmurlara kapital və subsidiyaların prioritet sahələrə ayrılması üçün verilən səlahiyyətlər ÜDM-in artımını yarada bilən şəhər və rayonları mükafatlandırmaq üçün nəzərdə tutulub. Bu isə yerli məmurların riskli sahələri maliyyələşdirməsinə yol açıb. Üstəlik, Pekin yerli təşəbbüsün təşviqinə çox vaxt maliyyə ayırmır. Bunun əvəzində isə yerli məmurlara regional banklar vasitəsilə prioritet sektorlardakı layihələri maliyyələşdirmək üçün investisiya vasitələri yaratmağa geniş səlahiyyətlər verir. Çinin infrastruktur xərclərinin təxminən 30 faizi bu investisiya vasitələrindən gəlir. "Wall Street Journal"ın araşdırmasına görə, Çin əyalətlərinin qeyri-rəsmi borcu 11 trilyon dollara yaxındır. Bu borcların artma riski də yüksəkdir. Çin Dövlət Dəmir Yollarının borcu bir trilyon dollar çatır. Pekin bütün bu borcları qarşılamaq imkanında deyil. Çinin rəsmi valyuta ehtiyatları (likvid aktivləri) 2016-cı ildən bəri demək olar ki, artmayıb. Müsbət ticarət balansına baxmayaraq, Çinin rəsmi valyuta ehtiyatları 3 trilyon dollardan bir qədər yuxarıdır. Ona görə də Çin iqtisadiyyatının durğunluqdan çıxaraq ötən əsrin sonlarında olduğu kimi yüksək sürətlə inkişaf edəcəyi ehtimalı azdır. Belə bir vəziyyətdə isə Çinin ikinci qütb formalaşdırmağa gücü çatmayacaq. Bir çox ekspertlər ümumiyyətlə, Çini Qərb qütbünə aid edirlər. Bu fikirlər Çinin Qərb bloku ilə geniş ticarət əlaqələrindən qaynaqlanır. Bu fikrin tərəfdarları hesab edirlər ki, Si Cinpinin siyasəti Çinlə Qərb bloku arasında münasibətləri zədələsə də, Pekin gec-tez əvvəlki siyasi kursuna qayıdacaq. Dünyanın ən böyük iqtisadi güclərindən birinə çevrilən Hindistanla strateji rəqabət də Pekini gələcəklə bağlı dərindən düşünməyə vadar edir.
Bütün bunlar yeni dünya düzəni ilə bağlı müəmmaları artırır. Dünyanın ən böyük ölkələrində yeni dünya düzəni ilə bağlı tam aydın təsəvvürlərin olmamasının səbəbi də budur. Belə görünür ki, yeni dünya düzəni əsasən Rusiyanın Ukraynaya qarşı müharibəsinin, İsrailin İranın proksi qüvvələrinə qarşı əməliyatlarının nəticəsindən asılı olacaq. Bəşəriyyətin, o cümlədən, xalqımızın taleyi də böyük ölçüdə yeni dünya düzənindən asılı olduğu üçün bu mövzunun daha geniş təhlilinə və müzakirəsinə ehtiyac var. Azərbaycanın yeni dünya düzənindən hansı faydalar əldə edə biləcəyi bundan çox asılıdır.