525.Az

Qənirə Paşayeva Türkiyənin müxtəlif şəhərlərində yad edilib


 

Qənirə Paşayeva Türkiyənin müxtəlif şəhərlərində yad edilib<b style="color:red"></b>

Azərbaycanın millət vəkili və Milli Məclisin sabiq Mədəniyyət Komitəsinin rəhbəri, Türk dünyasının öndə gələn şəxsiyyətlərindən biri olan Qənirə Paşayeva vəfatının birinci ildönümündə, ailəsinin də iştirakı ilə Türkiyənin fərqli şəhərlərində keçirilən tədbirlərlə yad edilib.

525.az xəbər verir ki, Türk Ədəbiyyatı Vəqfi, Talas Bələdiyyəsi, Kırşəhər Bələdiyyəsi, Azaflı Sosial Yardım və Dayanışma Dərnəyi, Azərbaycan Şuşa Evi kimi qurumların təşkilatçılığı ilə Ankara və Kayseridə Qənirə Paşayevanın silsilə anım günü tədbirləri keçirilib.

Bu tədbirlər çərçivəsində Qənirə Paşayevanın, Azərbaycan Yazıçılar Birliyinin Türkiyə Təmsilçisi İmdat Avşar tərəfindən tərcümə olunan və Türk Ədəbiyyatı Vəqfi tərəfindən 5 cilddə yayımlanan kitablarının təqdimatı olub. Onun “Gül Ömürler Solmasın”, “Kuma Yazılan Acılar”, “Turan Yolcusu”, “Sahipsiz Sanılan Nağmelerimiz” və “Yitirdiğim Mutluluk” adlı kitabları bacısı Kəmalə Paşayeva və Türk Ədəbiyyatı Vəqfinin Başqanı Serhat Kabaklı tərəfindən oxuculara təqdim edilib. Kırşəhər Bələdiyyə sədri Selahattin Ekicioğlu “Kırşəhərin Fəxri vətəndaşı” olan Qənirə Paşayevanın adının şəhər mərkəzindəki bir parka verildiyini və yaxın günlərdə bu parkın açılışının olacağını deyib.

Türk Ədəbiyyatı Vəqfi Başqanı Serhat Kabaklı Türk dünyasının önəmli şəhərlərindən biri olan Elazığda, Xankəndi qəsəbəsi və Elazığ şəhərini bir-birinə bağlayan geniş bulvara “Qənirə Paşayeva” adının veriləcəyini bildirib.

Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi Başqanı, vəkil Arzuman Azaflı, yeni yaratdıqları kitabxanaya da Qənirə Paşayevanın adını verdiklərini söyləyib.

Türk Ədəbiyyatı jurnalının baş redaktoru İmdat Avşar Qənirə Paşayevanın yeni dərc olunmuş kitablarından əldə ediləcək gəlirin Türk dünyası tələbələrinə təqaüd olaraq veriləcəyini açıqlayıb.

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu Başqanı Kəmalə Paşayeva isə Türkiyədəki və Türk dünyasındakı Qənirə Paşayeva sevgisinin ailə üçün təsəlli qaynağı olduğunu bildirib.

 





09.10.2024    çap et  çap et