|
|
|
|
Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və onun Bioresurslar İnstitutu (Gəncə) tərəfindən “Təbii ehtiyatlar və tullantıların alternativ enerji mənbəyi kimi emalının aktual problemləri” mövzusunda iki günlük respublika elmi konfransi keçirilib.
525.az xəbər verir ki, Elmi forum Yaşıl Dünya Namnə Həmrəylik İli və COP29 kimi tanınan Birləşmiş Millətlər Təşkilatının Tərəflərin İqlim Dəyişikliyi üzrə Bakıda keçiriləcək qarşıdakı 29-cu Konfransına həsr edilib.
Tədbirin keçirildiyi AMEA Gəncə Bölməsinin böyük akt salonunun foyesində Yaşıl Dünya Naminə Həmrəylik İli və COP29 mövzuları ilə səsləşən əyani vəsaitlərdən ibarət sərgi də təşkil olunub.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları, o cümlədən qonaqları salamlayıb, konfransın hazırki dövr üçün həlli çox vacib və aktual mövzuları əhatə etdiyinə diqqət çəkərək, iki gün ərzində davam edəcək bu elmi forumun müvəffəqiyyətlə keçəcəyinə ümid etdiyini bildirib.
Respublika konfransının proqram aparıcısi, AR ETN Bioresurslar İnstitutunun (Gəncə) direktoru, dosent İmran Qasımov giriş sözündə bu tədbirin yüksək elmi əhəmiyyət daşıdığını, təqdim olunmuş onlarla məruzənin elmi-nəzəri və əməli baxımdan faydalı olduğunu vurğulayıb. O, konfransa qatıldıqlarına görə Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarına xüsusi minnətdarlıq bildirib.
Şəki Regional Elmi Mərkəzin direktoru, dosent Yusif Şükürlü çıxış edərək, rəhbərlik etdiyi elm ocağının nümayəndələrinin geniş tərkibdə dəvətinə, həmçinin konfransın yüksək səviyyəli təşkilinə görə Gəncədəki həmkarlara - AMEA Gəncə Bölməsinin və AR ETN Bioresurslar İnstitutunun rəhbərliyi və əməkdaşlarına minnətdarlıq bildirib. O, son dövrlərin qlobal texnoloji xüsusiyyətlərinin nəticəsi olaraq yaranmış ekoloji planetar problemlərin ölkəmizdən də yan keçmədiyini xatırladaraq, onların həlli yollarının araşdırılmasında ölkəmizin elm ocaqlarının birgə, koordinasiyalı fəalliyyətlərinin vacib olduğunu qeyd edib.
Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov şəhər rəhbəri Niyazi Bayramovun bu vacib elmi görüşün iştirakçılarına salamlarını və uğur diləklərini çatdırıb. O, həmçinin xatırladıb ki, ölkə rəhbərinin şəhərimizə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi kimi, Avropa Yenidənqurma və Inkişaf Bankınin "Yaşıl şəhərlər" Proqramına Azərbaycanda ilk olaraq məhz Gəncə şəhəri qoșulub.
Göygöl Milli Parkının direktoru Fuad Quliyev öz çıxışında ölkəmizin bu füsunkar guşəsinin flora və faunasının qorunmasının xüsusiyyətləri haqda söhbət açıb. O, sevinc hissi ilə qeyd edib ki, böyük zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində toppaqlarımızın azadlığının tam şəkildə bərqərar edilməsi ilə Ana təbiətimizdə də dinclik və dirçəliş yaranıb, bunun nəticəsində bu ərazilərimizdə canlı aləmin – flora və faunanın dirçəlməsi və artması müşahidə olunmaqdadır.
F. Quliyev alimləri Göygöl Milli Parkının öyrənilməsi üzrə tədqiqatları genişləndirməyə və Parkın mütəxəssisləri ilə daha dərin əməkdaşlığa dəvət edib.
Konfransda “Bitki xammalları və tullantılarının faydalı komponentlərindən ekoloji bioyanacaq alınması biotexnologiyası”, “Daşkəsən rayonunun meşə bitkiliyinin yaxşılaşdırılması və səmərəli istifadə olunması üçün tədbirlər”, “Nar ağacının tullantı çiçəklərindən boya alınması biotexnologiyası”, “Göygöl Milli Parkının zanbaqkimiləri”, “Azərbaycan bərpa olunan enerji mənbələri”, “Aqrosənaye tullantılarının alternativ enerji kimi tədqiqi”, “Ekoloji problemlərin həllindəbiotexnologiyalar”, “Tullantı sularının çöküntülərinin səmərəli istifadə ilə enerji mənbəyinə çevrilməsi” və digər ekoloji və alternativ enerji mövzularında məruzələr dinlənilib.
Ümumən konfransa təqdim edilmiş 40-dan çox elmi material ayrıca kitabça şəklində çap olunub.
Zakir Muradov, Gəncə