|
|
|
|
Şəmsəddin KUZƏÇİ
Eyni atadan olmayan, eyni anadan doğulmayan bacın və qardaşın ola bilər. İnsan həyatında bu cür dostluqlar və münasibətlər mütləq yaşanır. Təbiətimizdə mövcud olan sevgi və məhəbbət, ortaq dil, din və mədənniyyət bizləri bir-birimizə bağlayan önəmli ünsürlərdir.
Mənim həyatımın dönüm nöqtələrindən biri azərbaycanlı ailəvi dostum, dəyərli bacım Qənirə Paşayeva ilə tanışlığım olub. O, Kərkük və Türkmaneli uğrunda gördüyü işlərlə adını tarixə Kərkükün mənəvi qızı kimi yazdırıb.
"Paşayev" soyadı 1960-cı illərdən bəri bizə tanışdır. Qənirə xanımın əmisi professor Qəzənfər Paşayev İraq Türkman ədəbiyyatı və mədəniyyəti sahəsində tanınmış bir şəxsiyyətdir. Həyatını türkmanların folklor, ədəbiyyat və mədəniyyətinə həsr etmiş bir Kərkük sevdalısıdır. Qənirə xanımla onun sayəsində olan tanışlığımız vəfatının son gününə qədər davam etdi.
Tanışlıq
Qənirə Paşayeva ilə ilk dəfə 1995-ci ildə İraqda Səddam Hüseyn dönəmində keçirilən referendumunda jurnalist kimi iştirak etdiyi zaman qarşılaşmışdıq. Lakin siyasi səbəblərə görə həmin vaxt yaxın münasibət qura bilməmişdik. 2001-ci ilin iyul ayında Bakıda Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində "İraq Türkman ədəbiyyatı və mədəniyyəti" sərgisinin açılışında əmisi professor Qəzənfər Paşayev vasitəsiylə şəxsən tanış olduq. O tarixdən vəfat etdiyi günə qədər ailəvi dostluğumuz, tanışlığımız, iş ortaqlığımız fasiləsiz davam etdi. Müxtəlif tədbirlərdə tez-tez bir araya gələrdik. Bəzən də özü Kərkük və Türk dünyası ilə bağlı tədbirlər, layihələr təşkil edərək bizi Bakıya dəvət edərdi.
Qənirə Paşayeva Azərbaycan mətbuatında çalışdığı illərdə əmisindən aldığı ilham və ondan öyrəndikləriylə İraq türkmanlarıyla bağlı onlarla layihəyə rəhbərlik etmişdi. Millət vəkili olduqdan sonra isə bizlərlə daha yaxın əlaqələr quraraq Türkman məsələsini başda Azərbaycan Milli Məclisi olmaqla, Türk dünyasında və üzvü olduğu Avropa Şurası Parlament Assambleyası İnsan Hüquqları Komissiyasında rəsmi sənədlərlə müdafiə etmiş və daim gündəmdə saxlamışdı.
Kitablarımın ön sözündə Qənirə Paşayeva imzası
Azərbaycan türkcəsinə uyğunlaşdırılan kitablarımın ön sözü və giriş hissələri adətən Paşayevlər ailəsi tərəfindən qələmə alınıb. Qəzənfər Paşayev və Qənirə Paşayevanın imzaları, demək olar ki, bütün kitablarımda öz yerlərini tutub. Bundan başqa, bir çox kitab və məqalədə Qənirə xanımın mənimlə bağlı dediyi düşüncələri, ürək sözləri də yer alıb. Bu da Paşayevlər ailəsinin Kərkük, Türkmaneli və şəxsimə nə qədər dəyər verdiklərinin göstəricisidir. Azərbaycanda Qənirə Paşayevanın imzasıyla işıq üzü görən kitablarıma nümunə kimi "Kərkükdən səsləniş" (2018), "Kərkükdə Türk soyqırımları" (2023), "İraq Türkman poeziya antologiyası-2" (2021) kitablarının adlarını çəkmək olar.
Qarabağ-Kərkük Dayanışma Platformu
Qənirə xanım Paşayeva ilə gərgin ortaq fəaliyyətimiz nəticəsində 2012-ci ilin İyun ayında Qarabağ (Azərbaycan)-Kərkük (İraq) Dayanışma Platformunu yaratdıq. Bu münasibətlə mərkəzi Bakıda olan və millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu" İctimai Birliyi tərəfindən 9-16 iyun 2012-ci il tarixlərində Azərbaycanın müxtəlif bölgələrində "Azərbaycan-İraq Mədəni Əlaqələrinin dünəni, bugünü və gələcəyi" adlı bir sıra tədbirlər təşkil edildi. Bir həftə boyunca davam edən tədbirə İraqdan nümayəndə heyəti də gəlmişdi.
Azərbaycan və Ermənistan sərhədinə yaxın bölgədə yerləşən Tovuz şəhərini ziyarət edən İraq-Türkman nümayəndə heyəti cəbhə xəttində Azərbaycan əsgərlərilə görüşərək Milli Qurtuluş Gününü birlikdə qeyd etdilər. Tədbirdə çıxış edən heyət üzvləri Azərbaycan hərbçiləri tərəfindən sevgiylə qarşılandılar.
Tovuza səfər
Azərbaycan parlamentinin Tovuz rayonundan millət vəkilləri Qənirə Paşayeva ilə Nazim Məmmədovun dəvətilə Tovuz rayonuna yola düşdük. Mənimlə birlikdə kərküklü ifaçı Seyfəddin Çaxmaqçı ilə İran İslam Respublikasının Azərbaycandakı səfiri Əfşar Süleymani də var idi. Yol boyunca görməli yerlərdən keçdik. Ceyrankeçməz çayını və Mərəzəni ötüb Şamaxıya çatdıq. Pir Sultan Baba türbəsində fasilə verdik, türbəni ziyarət edib yenidən yola düşdük. Ağsuda yolüstü aktyorlar - Rasim Balayev və Mikayıl Mirzə ilə görüşdük. Sonra Yevlaxa, oradan Şəmkirə keçdik. Bu qədər şəhər, kənd, qəsəbə görməyimizə baxmayaraq, hələ də Tovuza çatmamışıq deyə öz-özümə düşünürdüm. Sən demə, Tovuz Ermənistanla sərhəddə yerləşirmiş. Nəhayət, Tovuza çatdıq.
Tovuz ziyarətimizin müsbət keçdiyinə inanırdıq. İraq vətəndaşları olaraq iki millət vəkili və bir səfir ilə bölgəyə səfərimizin böyük bir önəm kəsb etdiyinin fərqində idik. Qənirə bacımızın bizə bu fürsəti, şəraiti yaratması daha da önəmli idi. Səfir ilə birlikdə sərhədə 100 metr məsafədə yerləşən bir kəndə getdik. Sərhəddəki Azərbaycan əsgərləri bizə ermənilərin Azərbaycan kəndlərinə hücumlarından danışdılar, evləri nişan alıb silahlarla necə atəş açdıqlarını göstərdilər. Yaşlı bir kənd sakinini qaçırıb qulaqlarını kəsdikdən sonra geri göndərdiklərinin şahidi olduq.
Xoyratdan Bayatıya sənədli filmi
Azərbaycan səfəri zamanı, Türkmaneli TV-nin müxbiri, aparıcısı və produseri olaraq belə bir yerə gəlib çəkiliş aparmadan geri qayıtmağın mənim üçün düzgün bir iş olmayacağını düşündüm. Bu gözəl diyara gəlmişkən sərhədlərin o tayındakı ata yurdumun gözəlliyinin və dərdlərinin şahidi olub, bu anları ölümsüzləşdirmədən geri dönmək mənim üçün böyük kədər olardı. Qənirə bacıma düşüncələrimi söylədim. Ertəsi gün mənə maşın, rəhbər və operator təşkil etdi və biz Seyfəddin Çaxmaqçı qardaşımla yola düşdük. İki gün boyunca Azərbaycanın Qazax, Gəncə, Şəmkir, Şamaxı, Ağsu, Ağdaş, Yevlax, Ağstafa kimi bölgələrində çəkilişlər edərək önəmli kadrları lentə aldıq və Azərbaycanla bağlı sənədli film ərsəyə gətirdik. Ziyarət etdiyimiz bu yerlərdə un dəyirmanları, xalça emalatxanaları, muzeylər, evlər, təndirlər, şəhərlərin giriş qapıları, sayları az olan məscidlər, hamamlar, şəhid abidələri və məzarlar, ən çox da aşıq məcliləri diqqətimizi çəkdi. Qazaxda Səməd Vurğunun təhsil aldığı məktəbin muzey olması və oturduğu partanın indi də qorunub-saxlanması bizə sevinc bəxş etdi.
Muzey ziyarətimizdə bir hadisə xüsusi diqətimizi çəkdi. 1961-ci ildən etibarən Bağdadda işıq üzü görən və türkmanların səsi olan "Qardaşlıq" dərgisi Qazaxda muzeydə sərgilənirdi. Halbuki biz Türkmanlarda nə Kərkükdə, nə Bağdadda, nə də başqa bir şəhərdə evlərimizdə hansısa Azərbaycan şairinin kitabı olmazdı. Bu həm yoxsulluqdan, həm də siyasi səbəblərdən irəli gəlirdi. "Qardaşlıq" dərgisini Azərbaycanda bir muzeydə tapmaq diqqətimizi çox cəlb etmişdi.
Azərbaycanı qarış-qarış gəzmək bizdə sanki öz yurdumuzda gəzirmişik kimi bir hiss oyatdı. Vaxt keçdikcə bu hissi anlamağa başladım. Eyni kökdən, eyni soydan, eyni irqdən olduğumuz üçün eyni duyğuları hiss edirdik.
Tovuzda Qənirə Paşayeva ilə müsahibə
Tovuzdan Bakıya yola düşməzdən əvvəl millət vəkili Qənirə Paşayeva ilə bibisinin evində bir saatlıq çəkiliş etmək imkanımız oldu. İraq türkmanları ilə Azərbaycan arasındakı ədəbi-mədəni əlaqələrdən, türkmanların bugünə qədər məruz qaldıqları haqsızlıqlardan söhbət açdıq. Qənirə Paşayeva hər zaman olduğu kimi, İraq türkmanlarının yanında olacağını, onları hər yerdə könüllü təmsil edəcəyini, bu sevgini əmisi Qənirə Paşayevadan öyrəndiyini dilə gətirdi. Bizə də Tovuzu ziyarət etdiyimiz üçün minnətdarlığını bildirdi.
Biz də həm öz adımızdan, həm də nümayəndəsi olduğumuz türkman xalqı adından Azərbaycan xalqına və Paşayev ailəsinə təşəkkür edərək qatarla Tovuzdan Bakıya yola düşdük. Qatarla bir gecə yol gəldikdən sonra Bakıya çatdıq. Bu gözəl səyahətimiz boyunca Azərbaycanın rayon və kəndlərində qarşılaşdığım insanların eynilə İraq türkmanları kimi sadə həyat yaşadığı, əkinçilik və heyvandarlıqla məşğul olduqları diqqətimdən qaçmadı. Xalqın türkmanlar kimi səmimi və mehriban olduğunu, bir fərqlərinin olmadığını müşahidə etdim.
Səssiz ölümü
İnsan gündəlik həyatında hərdən ölümü də ağlına gətirir. Lakin Qənirə xanımın ölümü bir an belə ağlımızın ucundan keçməzdi. Ancaq ölüm haqdır. Buna deyəcək bir sözümüz yoxdur. Qənirə xanımın xəstələndiyi dövrdə onu sevənlər gecə-gündüz Allaha dua edib şəfa dilədilər. Lakin Mövlam həyatda ona bu qədər ömür yazmışdı. Təmiz ruhunu Mövlasına könül rahatlığıyla tapşırıb Cənnətə uçdu. Ardında gözü yaşlı anası, bacısı və sevənləri qaldı.
Yarımçıq qalan şeir
"Oyan, bacım, oyan"
Qənirə Paşayevaya
Zaman gec oldu,
Turana az qaldı,
Oyan, bacım, oyan,
Bütün dərdlərə dayan.
Hələ görüləcək işlərimiz var,
Qarabağda toy edəcəyik,
Şuşada şeir oxuyacağıq,
Kərkükdə gəzişəcəyik,
Təbrizə bayraq dikəcəyik,
Turanı qarış-qarış gəzəcəyik,
Oyan, bacım, oyan,
Bütün dərdlərə dayan.
Amma oyanmadın,
Dərdlərə dayanmadın,
Bizi yalnız qoyub getdin,
Könülləri bərbad etdin,
Ananı, bacı-qardaşını
Gözyaşına boğdun.
Yolun açıq, məkanın cənnət olsun,
Səni unutmayacağıq,
Unutdurmayacağıq,
Ömür boyu yaşadacağıq
Ey qəhrəman Azərbaycan ulduzu,
Kərkükün mənəvi qızı,
Nur içində yat...