|
|
|
|
"Tərəflərin Paris Sazişinin şərtlərinə əməl etməsi üçün onlara dəstək göstərmək vacibdir. Biz prosesin inklüziv şəkildə həyata keçirilməsinə imkan yaratmalıyıq".
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu PRE-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Troyka ölkələri”nin “1.5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusunda yan tədbirdə COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib.
“Regionlar və şəhərlər ambisiyalarını genişləndirə, vətəndaş cəmiyyətləri və yerli icmalar milli iqlim dəyişikliyi planlarının icrasına çox böyük töhfə verə bilərlər. Biz gələcək nəsillərə təmiz və sağlam gələcək ötürmək istəyirik. Yeni imkanların yaradılması bizim üçün olduqca vacibdir. İqlim dəyişikliyi ilə mübarizədə dövlət və özəl sektor tərəfdaşlığı çox önəmlidir. Bəzi sahələr var ki, orada əməkdaşlıq bizim üçün çox önəmlidir. Biz şəhərlərlə, özəl sektorlarla işləyirik. COP29 çərçivəsində bununla bağlı xüsusi tədbir keçiriləcək. Biz CEO-ları bir araya gətirməyə çalışacağıq. Çünki iqlim dəyişikliyi ilə mübarizədə özəl sektorun da dəstəyinə ehtiyacımız var. Kiçik və orta sahibkarları prosesə cəlb etməyi hədəfləyirik. Ümumiyyətlə, prosesdə cəmiyyətin bütün təbəqəsinin iştirakını gözləyirik. Çünki iqlim dəyişikliyi hamımıza təsir edən prosesdir”, - deyə o əlavə edib.