|
|
|
|
İqlim fəaliyyətində şəffaflığın təmin edilməsi iqlim dəyişikliyini başa düşməyə kömək edə bilər. Əsas məqsəd gəncləri və uşaqları bu prosesə cəlb etməkdir.
525.az xəbər verir ki, bunu COP29-un Azərbaycan üzrə gənclər iqlim çempionu Leyla Həsənova Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən paralel tədbirdə deyib.
O bildirib ki, şəffaflıq bütün dünyada uşaqlar və gənclər üçün iqlim planlarının effektivliyini qiymətləndirməyin açarıdır: “Bu, həqiqətən də gənclərə iqlim proseslərində iştirak imkanı verə bilər".
Leyla Həsənova xatırladıb ki, bu il COP29-un sədri kimi həyata keçirilən təşəbbüslərdən biri çərçivəsində BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birlikdə Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə üzrə gənc müəllimlər üçün yay düşərgəsi təşkil edilib.
"Biz dünyanın 35 ölkəsindən 75 gənc müəllim üçün düşərgəni uğurla keçirdik. Onları bir araya gətirdik və üç günlük möhtəşəm təlimlər keçirdik. Burada onlar iqlim dəyişikliyi, bunun niyə baş verdiyi və gənc müəllimlərin onunla necə mübarizə apara biləcəyi, öz ölkələrinə qayıdıb uşaqlarını, gəncləri və tələbələrini necə öyrədə biləcəkləri barədə ətraflı məlumat alıblar", - o qeyd edib.
L.Həsənova, həmçinin vurğulayıb ki, tərəflər COP29 ərəfəsində və sonrakı dövrdə daha iddialı milli iqlim planlarına can atdıqca, şəffaflıq qarşılıqlı etimad və hesabatlılığın təməl daşı olacaq. ("Report")