“Bazar iqtisadiyyatı şəraitində qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılması məsələsinin gündəmdə olması təbiidir. Pensiya fondları iqtisadiyyatda investisiyaların artırılmasına, pensiya təminatı ilə bağlı şaxələndirməyə, rəqabət mühitinin inkişafına şərait yarada bilər. Məsələnin çox həssas olduğunu nəzərə alaraq dövlətin tənzimləmə və nəzarət mexanizmləri mütləq şəkildə olmalıdır”.
Bunu Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov 525.az-a deyib.
Onun sözlərinə görə, son illər ərzində pensiya siyasətinə, təminatına, bütövlükdə sosial müdafiə sisteminə mütərəqqi yanaşmalar tətbiq olunur. Bu da pensiya təminatının keyfiyyətini artırır, eyni zamanda pensiyaların qabaqlayıcı şəkildə artımı üçün şərait yaradır:
“Dövlətin hazırda yaranmış vəziyyətə əsasən, tam şəkildə imkanları var ki, özəl pensiya fondlarının yaradılması istiqamətində də effektiv nəzarət və tənzimləmə mexanizmi tətbiq etsin. Özəl pensiya fondlarının iqtisadiyyata və ölkənin sosial iqtisadi gündəminə bütövlükdə müsbət təsirləri formalaşsın”.
Sevinc Qarayeva