|
|
|
|
ONDA HƏLƏ YAZ İDİ...
...Fakültəmizdə başda kinostudiyanın direktoru Cəmil Əlibəyov olmaqla bir qrup kino xadimi ilə görüş keçirilirdi. Görüşdə Cəmil Əlibəyovla birlikdə kinorejissor Tofiq Tağızadə, aktyor Rasim Balayev, şair Ramiz Rövşən, aktyor Həsənağa Turabov, fakültəmizin o vaxtkı dekanı Tofiq Rüstəmov, müəllimlərimiz Nurəddin Babayev, Qulu Xəlilov, Famil Mehdi və başqaları iştirak edirdilər. Çox maraqlı, səmimi, zarafat və atmacalarla zəngin bir görüş oldu. Ramiz Rövşənə iki gözəl şeir oxutdurduq, Tofiq Tağızadə “Dədə Qorqud”, Rasim Balayev “Babək” və “Nəsimi” filmləri ilə bağlı verdiyimiz “köntöy” sualları cavablandırdılar, tələbələrdən bir neçəsi, o cümlədən 1-ci kurs tələbəsi olan mən müxtəlif movzularda çıxışlar etdik və təvazökarlıqdan uzaq olsa da deyim ki, bildiyimə, eşitdiyimə görə mənim çıxışım hamının xoşuna gəldi. Amma o görüş daha çox iki epizodu ilə yadımda qalib. Birincisi, tələbələrdən birinin (təbii ki adını deməyəcəm) çıxışı ilə bağlı idi. O, “ Babək” filmi ilə bağlı fikirlərini bölüşəndə belə bir cümlə işlətdi ki, “filmin çəkilişləri ərəfəsində bu rolu oynayan Rasim Balayev gərək bir az kökəldiləydi” (necə deyib eləcə də yazıram).
Təbii ki, bu irad səslənəndən sonra yığışdığımız mətbuat tarixi kabinetinin pəncərə şüşələri bomba kimi partlayan gülüşün dalğasından əməli-başlı və uzun müddətə silkələndi (deyəsən, soldakı şəkil də elə bu məqamda çəkilmişdi). Gülüb qurtarandan və pəncərələrin şüşələri sakitləşəndən sonra Cəmil Əlibəyov gülməkdən yaşarmış gözlərini cib dəsmalı ilə silə-silə dedi:
- Rəhmətliyin oğlu, kinostudiya kökəltmə məntəqəsi deyil ki, aktyorları kökəltməklə məşğul olsun! Biz heç Rasimin arıqlamağının qarşısını ala bilmirdik, qalmışdı kökəltməyimiz. Yazıq az qala 10 kiloluq dəmir geyimin içində qılınc çalmaqdan gözümüzün qabağında gündən-günə şam kimi əriyirdi...
Növbəti gülüş dalğası isə Qulu Xəlilovun çıxışı zamanı oldu. Qulu müəllim özünəməxsus intonasiya və jestlərlə, sinonim sözləri bir-birinə calaya-calaya və xüsusi bir pafosla milli ruhda zəif filmlər çəkdiklərinə görə kino işçilərini bir neçə dəfə yerin deşiyini axtarmağa məcbur etdi, xüsusilə "Koroğlu" filmini yıxıb-sürüdü, dedi bir Koroğlunu ki, atın belinə zorla mindirirlər, ondan nə gözləmək olar? Siz gərək milli filmlər çəkəsiniz, o filmlərdən at kişnərtilərinin səsi gəlməlidir.
Cəmil müəllim cavab verəndə ki, belə əsərlər yazılmırsa, biz necə çəkək, Qulu müəllimi elə bil od götürdü:
- Necə yazılmır, ayə? (təbii ki, bu "ayə" konkret Cəmil müəllimə yox, hamıya ünvanlanmışdı). Lap yaxşı yazılır. Götürün mənim "Qulun yaman kişnədi" hekayəmi çəkin də... Hazır ssenaridir...
Bəlkə də hər şey bununla bitsəydi, kabinetin pəncərələri də təzədən silkələnməyəcəkdi. Amma Tofiq Rüstəmovun gülə-gülə, zarafatla atdığı atmaca o şüşələrə yenə də bir balaca zəhmət verdi:
- Demə qara qızın dərdi varmış ki... Qulu müəllim, "mıs, mıs" deyincə, elə birdəfəlik Mustafa denən də...
...Bizim belə xoşbəxt günlərimiz vardı...
Kələntər lələ demişkən, hanı o günlər?..
ÇAY SƏRGÜZƏŞTLƏRİMDƏN DAHA BİR EPİZOD
Mən möhkəm çayxoram, yəni bu içkini çox sevirəm və çay içmək mənim üçün təkcə susuzluğu söndürmək vasitəsi deyil, həm də bir ritualdır, sevdiyim məşğuliyyətdir. Amma gənclik illərində mənlə çay arasındakı bu sevginin miqyası o qədər böyük idi ki, bu barədə məşhur filmdə deyildiyi kimi, nağıllar qoşub, dastanlar bağlamaq olardı. Elə sizə danışacağım əhvalat da bu nağıllardan, dastanlardan biri üçün əla süjet ola bilər.
Tələbəlik illərində həftədə bir dəfə "beşmərtəbə" tərəfdə yerləşən köhnə hamamda hamamlanır, ordan çıxandan sonra qan-tər içində evləri "9 yanvar" bağının yanındakı həyətdə yerləşən bacımgilə gəlirdim ki, hamamda itirdiyim litr-litr suyun yerini doldurum, necə deyərlər, həm özümə gəlim, həm də bədənimin su balansını taraz vəziyyətə gətirim - təbii ki, təzə dəmlənmiş çayla. Bacım da həmişə mənim çaya olan bu sonsuz məhəbbətimi yüksək qiymətləndirir, evə daxil olan kimi dəmlədiyi ətirli çayı bu məhəbbətə layiq bir səviyyədə süfrəyə verirdi. Artıq 1-ci çaynik yarı olanda ehtiyat çayniki də çıxarıb "əziyyətə" salır və bilirdi ki, mənim yanğımı söndürmək üçün bu da son limit deyil, çox böyük ehtimalla, 3-cü çaynik də olacaq...
Əlqərəz, mənim çayiçmə ritualım bitənə qədər qız çay dəmləməkdən, su qaynatmaqdan yorulurdu, mənsə çay içməkdən yox.
Amma növbəti dəfə, məsələni Zülümov demişkən, birdəfəlik və operativ həll etmək üçün yeznəmin kəşf etdiyi üsul bir gün də olsa bacımı bu əziyyətdən xilas etdi.
Hadisə belə oldu.
Növbəti dəfə özümü qapıdan içəri atanda bacımın bu dəfəki qeyri-adi reaksiyasından dalağım sancdı. Yeznəm də evdə idi. Fikirləşdim ki, yəqin nə isə söz olub aralarında - kimin ailəsində söz olmur ki. Heç nə deməyib mizin arxasına keçdim, nə edəcəyim barədə özümə verdiyim suala cavab axtarmağa başladım, lakin o cavabın heç olmasa ucuna-qulağına çıxmaq üçün ipucu da tapmamışdım ki, yeznəm ayağa qalxdı, qaz plitəsinin yanındakı təxminən 3 litrlik çuqun qazanın hər 2 qulpundan yapışıb gətirib düz qoydu mənim qabağıma. Sonra gedib sanballı bir krujka da gətirdi və üzünü mənə tutub təntənəli tərzdə dedi:
- Əliş, səni və bacını yersiz əziyyətdən qurtarmaq üçün bu dəfə çayı mən yeni metodla dəmləmişəm. Nuş olsun... - sözünü qurtarıb qazanın qapağını götürdü və məni təzə dəmlənmiş bir qazan çayla təkbətək qoydu...
Təbii ki, bu situasiyanın necə, hansı ladda sona çatacağı mənim cavab reaksiyamdan çox asılı idi. Amma mən də mən idim - "Sağ ol, yeznə, Allah canını sağ eləsin" - deyib krujkanı götürərək çaya "batırdım" və o vaxtadək Azərbaycanın heç bir yerində rast gəlinməmiş çayiçmə mərasimi başladı, nə başladı...
Krujka qazanın boş dibinə dəyəndə üçümüzün də gülməkdən gözləri yaşarmışdı...
Fikirləşirəm ki, yeznəmin bu zarafatı sayəsində çayı krujka ilə qazandan içən ilk şəxs kimi mənim Ginnesin rekordlar kitabına düşmək haqqım var...
MƏKTƏB "FOLKLORU"NDAN SEÇMƏLƏR
Hamımız şagird olub məktəbdə oxumuşuq və deməli, o illərin acılı-şirinli günlərini bu və ya digər dərəcədə dadmışıq. İnanmıram ki, yaddaşında o illərlə bağlı şirin, dodaqqaçıran xatirələr yaşamayan kimsə olsun.
Bu yazıda özümün və dostlarımın yaddaşına hopmuş o xatirərdən bir neçəsini sizinlə bölüşürəm. Təbii ki, konkret ünvanları və adları bildirməmək şərtilə.
SÜDNAYA QAYMAĞA
Bir gün aşağı sinif şagirdlərindən biri rus dilindən dərs deyən yaşlı kişi müəllimdən soruşur:
- Müəllim, rus dilində südün qaymağına nə deyirlər?
Müəllim görür ki, təkcə verilən sual yox, vəziyyət də "ruscadır", cavab verməsə, olan-qalan nüfuzunu da itirəcək. Vaxt qazanmaq üçün deyir:
- Bala, dilimin ucundadır, bir az gözlə, yadıma salıb deyəcəm.
Uşaq da, o biri şagirdlər də səbirsizliklə gözləyirlər. Nəhayət, müəllim qəfildən süvincək deyir:
- Bala, yadıma düşdü. Südün qaymağlna rus dilində südnaya qaymağa deyirlər.
QAZLI SUYUN FORMULU
Kimya fənnindən dərs deyən və bir az da gopçu olan kişi müəllimi bir dəfə dərsdə özünü tərifləyərək deyir:
- Uşaqlar, sizə bir əhvalat danışacam, görün müəlliminiz hələ 17 yaşı olanda professorları öz cavabı ilə necə heyrətləndirib, mat qoyub. Deməli, instituta qəbul imtahanında professor dedi ki, bala, suyun formulunu yaz görüm. Mən dərhal yazdım - H2O2. Müəllim qayıtdı ki, bala, H2O-nu bildik, bəs o axırıncı 2 nədir? O dəqiqə cavab verdim ki, müəllim, H2O adi suyun, H2O2 isə qazlı suyun formuludur. Professor "Sənə halaldır, heç ağlıma gəlməmişdi. Gərək bu mövzunu aspirantlarımdan birinə verim, araşdırsın" - deyib beşimi yazdı.
DİREKTORUN HƏDƏSİ
Sentyabrda dərslər başlayandan az sonra məktəbin direktoru tələb edir ki, yuxarı siniflərdə oxuyan oğlanlar filan tarixdən etibarən məktəbə başlarını qırxdırıb gəlməlidirlər. Şagirdlərdən biri bu tələbə əməl eləmir. Bundan xəbər tutan direktor 2-ci mərtəbədə yerləşən sinfə gəlib soruşur:
- Başını qırxdırmaq istəməyən kimdirsə dursun ayağa.
Şagird qalxır. Direktor onu təpədən dırnağa qədər süzərək deyir:
- Cibimdəki partiya biletinə and olsun, irəli duraram, geri duraram, sənə bir kəllə vuraram ki, ikinci mərtəbədən kəlləmayallaq gedərsən yerə. Sağ qalmaq istəyirsənsə, məktəbini (yəni çantanı) da götürüb rədd ol.
QIZLARA XİTAB
Müəllim şagirdlərdən birini lövhəyə çağırır ki, gəl dərsi danış. Şagird çıxıb guya dərs danışır, əslində isə xeyli zəvzəyib çıxışını bitirir. Müəllim soruşur:
- Qurtardın?
Şagird deyir:
- Bəli.
Müəllim "Keç otur, iki alırsan" - deyib ona yağlı iki yazır. Şagird deyir ki, niyə iki yazırsınız, axı mən dərsi danışdım. Müəllim də qayıdır ki, sən heç nə danışmadın, sadəcə ağlına gələnləri üyüdüb tökdün. Şagird razılaşmır - o deyir, bu deyir, bu deyir, o deyir. Səbir kasası daşan müəllim axırda üzünü sinfə tutub deyir:
- Qızlar, xahiş edirəm, iki dəqiqəliyə qulaqlarınızı əllərinizlə bərk-bərk qapayın.
Qızlar deyiləni edirlər. Bundan sonra müəllim üzünü həmin şagirdə tutub deyir:
- Ay sənin filankəsini filan edim, sən dərs danışdın?!
"ZALIM UŞAĞI BALALADI"?
Dərs ili başa çatanda coğrafiya müəllimi rəhbəri olduğu sinifin şagirdlərini Göy göl tərəfə ekskursiyaya aparmaq fikrinə düşür. Pullar yığılır, siyahı tutulur, deyilən vaxtda şagirdləri aparacaq avtobus məktəbin qarşısında hazır dayanır. Müəllim əlindəki siyahı üzrə ekskursiyaya gedəcək 25 şagirdin hər birinin ad və soyadını ucadan oxuduqca şagirdlər bir-bir avtobusa daxil olub əyləşirlər. İşini bitirən müəllim axırda məmnun halda avtobusa qalxıb əminlik üçün uşaqları bir də sayır və görür ki, içəridə 25 yox, 26 şagird var. Dilxor halda uşaqları yerə töküb proseduru bir də təkrar edir. Amma yuxarı qalxıb salonda uşaqları dübarə sayanda görür yenə salonda 25 yox, 26 şagird əyləşib. Əsəbiləşib ucadan öz-özünə deyir:
- Başa düşmürəm ey, bu zalım uşağı bir dəqiqənin içində balaladı?
Sən demə, başqa sinifdən ekskursiyaya getmək istəyən şagird əvvəlcədən xəlvətcə avtobusa minib sakitcə arxada oturubmuş ki, bəlkə bəxt üzünə güldü...