|
|
|
|
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, ICESCO-nun dəstəyi ilə Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium işə başlayıb. Simpozium Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar hazırlanan tədbirlər planı çərçivəsində keçirilir.
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Misir, BƏƏ, Tunis, Keniya, İordaniya, İtaliya, Mərakeş, Səudiyyə Ərəbistanı və Böyük Britaniyadan olan 80-dən çox memar iştirak edir.
Simpozium panel müzakirələrlə davam edəcək. Panel sessiyalarda “Tarixi şəhər toxumasının regenerasiyası”, “Abidələrin müasir həyatı”, “Dayanıqlı memarlıq, material, layihə, icra” mövzularında müzakirələr aparılacaq. Simpozium oktyabrın 13-də başa çatacaq.
Qeyd edək ki, simpoziumun ilk günü – oktyabrın 11-də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov və qoruğun memarları əcnəbi memarları Şuşa şəhərinin tarixi-memarlıq abidələri, bərpa olunan məscidləri, qala divarları ilə yaxından tanış ediblər. Qədim tarixi mədəniyyət abidələri ilə zəngin olan Şuşa şəhərinin bərpası istiqamətində bu gün həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri və abadlıq, quruculuq, yenidənqurma işlərinin davam etdirilməsi barədə qonaqlara geniş məlumat verilib, şəhər gəzintisi təşkil olunub.