Sürətlə silahlanma yarışına girən iki fövqəldövlət - ABŞ-la SSRİ arasında qarşılıqlı nüvə tərksilahı, orta və qısa mənzilli raketlərin ləğvi və Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında müqavilələr imzalanandan sonra bəşəriyyət Üçüncü Dünya müharibəsi ehtimalının aradan qalxdığına inanaraq rahat nəfəs almağa başladı. Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında 1990-cı il noyabrın 19-da Parisdə NATO-ya üzv olan 16 dövlətin və Varşava Müqaviləsi Təşkilatına üzv olan altı dövlətin liderləri tərəfindən müqavilələrin imzalanmasından qısa zaman sonra Şərq bloku, bunun ardınca isə SSRİ süqut etdi.
Bununla da silahlanların sürətlə ixtisarı, hərbi-sənaye müəssisələrinin kütləvi bağlanması dövrü başladı. Bu, elə bir dövr idi ki, Avropanın əksər dövlətləri hərbi məqsədlər üçün Ümum Daxili Məhsulun cəmi bir faizini xərcləyirdi. Rusiyanın Ukraynaya qarşı müharibəsi, Krımın ilhaqı, Donetsk və Luqansk vilayətlərinin bir hissəsinin işğal edilməsi silahlanların ixtisarı prosesini dayandırdı və dövlətlər hərbi xərclərini artırmağa başladılar. Krımın ilhaqından sonra əksər Avropa dövlətləri hərbi xərclərini bir faizdən iki faizə qaldırdılar.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi isə dövlətlərin hərbi xərclərini kəskin artırmasına və ikinci sürətli silahlanma mərhələsinin başlanmasına yol açdı. NATO-nun şərq cinahında yerləşən ölkələr bu il hərbi xərclərə ÜDM-nin 4 faizindən çox pul ayırmağa başlayıb. 2021-ci ildə Şərqi Avropanın 14 ölkəsi müdafiəyə cəmi 35.6 milyard dollar xərcləmişdisə, builki hərbi xərclər 69.3 milyard dollar təşkil edəcək. Bu məbləğin 29.5 milyard dolları hərbi texnikanın alınmasına xərclənir.
Polşa prezidenti Anjey Duda bütün NATO ölkələrini hərbi xərcləri ÜDM-in 3 faizinə qədər artırmağa çağırıb. İsveç müdafiə naziri Paul Jonsson Polşanın "Rzeczpospolita" qəzetinə müsahibəsində deyib ki, onun ölkəsi "iddialı donanma genişləndirilməsi proqramı həyata keçirir, çünki Rusiyanın hücumu istisna edilə bilməz". Nazir hesab edir ki, Rusiya İsveç və digər NATO ölkələri üçün təhlükə yaradır.
Rusiya da hərbi xərclərini sürətlə artırır. 2021-ci illə müqayisədə hərbi xərclərini təxminən dörd dəfə artırıb. Bu il Rusiyanın hərbi xərcləri 10.8 trilyon rubl və ya ÜDM-in 6 faizi təşkil edir. Gələn il isə Rusiya hərbi xərcləri daha 22 faiz artırarq 13,2 trilyon rubl və ya 142 milyard dollara çatdırmağı hədəfləyir. Ancaq bu, NATO-ya üzv ölkərin ümumi hərbi xərcləri ilə müqayisədə çox azdır. Şimali Atlantika Alyansına üzv ölkələrin hərbi xərcləri 1.47 trilyon dollara yüksəlib. Onu da nəzərə almaq lazımdır ki, Alyansa üzv ölkələrdən Belçika, Kanada, Xorvatiya, Lüksemburq, İtaliya, Portuqaliya, Sloveniya və İspaniyanın hərbi xərcləri hələ də ÜDM-nin 2 faizini çatmayıb.
Hərbi xərclərini kəskin artıran Şərqi Avropa ölkələri isə birinci və ya ikinci nəsil hərbi texnikadan birbaşa dördüncü və ya beşinci nəsil texnikaya keçirlər. Hazırda NATO-nun şərq cinahında hərbi texnika çatışmazlığı olmasa da, yeni nəsil təyyarələr, helikopterlər, tanklar və raket sistemləri üçün verilən sifarişlər təsəvvür edilməz miqyas alıb. Bütün bunları üç il öncə təsəvvür etmək mümkün deyildi. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumu heç kimin təsəvvür edə bilmədiyi vəziyyət yaradıb. Hərbi-sənaye şirkətləri sifarişləri həyata keçirmək üçün yeni-yeni müəssisələr açırlar. ABŞ və Almaniya başda olmaqla NATO-nun böyük dövlətlərinin hərbi-sənayesi ən sürətli yüksəliş dövrünü keçirir. ABŞ və Avropa İttifaqının səkkiz iri hərbi-sənaye korporasiyası 2023-cü ilin sonunda silah və sursat istehsalı üçün təxminən 750 milyard dollarlıq sifarişlər alıb. Bu, hərbi sənaye tarixində ən yüksək səviyyədir. Bu korporasiyalar sifarişləri qarşılamaq üçün 2024-cü ildə istehsalın genişləndirilməsinə 10,5 milyard dollar sərmayə qoyublar. ABŞ-ın məşhur "Lockheed Martin" korporasiyası 2027-ci ilə qədər "Patriot PAC-3" raket əleyhinə müdafiə sistemləri üçün döyüş sursatlarının istehsalını 30 faizdən çox artırmağı planlaşdırır. Qarşıdan gələn 2025-ci ildə HIMARS reaktiv yaylım atəşi sistemləri üçün raketlərin istehsalı 30 faizdən çox artacaq. Böyük Britaniyanın ən böyük hərbi-sənaye korporasiyası "BAE Systems" 155 mm-lik haubitsaların istehsal gücünü 8 dəfə artırmağı planlaşdırır.
Bütün bunların nəticəsində 2024-cü ildə ABŞ və Avropa İttifaqının hərbi-sənaye kompleksində səkkiz aparıcı korporasiyanın xalis mənfəəti 2023-cü illə müqayisə də 13 faiz artaraq 29.4 milyard dollara çatacağı gözlənilir. Gələn il isə bu korporasiyaların mənfəətlərinin 32.1 milyard dollara çatması gözlənilir.
ABŞ və Avropa İttifaqının silah nəhəngləri ilə yanaşı, Cənubi Koreya Rusiyanın son zamanlara kimi silah satdığı ölkələrə silah satmağı hədəfləyir. Məsələn, bir zamanlar Varşava Müqaviləsi Təşkilatının üzvü olan Polşa 1000 tank və özüyeriyən artilleriya qurğularının alınması üçün Cənubi Koreya ilə müqavilə bağlayıb. Rumıniya Cənubi Koreyadan 54 ədəd özüyeriyən artilleriya qurğuları alacaq. Bundan başqa, Cənubi Koreya əvvəllər sovet və rus silahlarından da istifadə edən Finlandiya və Misir də silah satacaq. Son bir neçə ayda isə Vyetnam da Cənubi Koreya ilə danışıqlar aparmağa başlayıb.
ABŞ, Böyük Britaniya, Cənubi Koreya və Avropa İttifaqı ölkələri ilə yanaşı, Ukraynanın da hərbi-sənaye kompleksi sürətlə inkişaf edir. Rusiyanın 24 fevral 2022-ci ildə müharibəyə başlayarkən qarşısına qoyduğu iki vəzifədən biri Ukraynanın hərbsizləşdirməsi idi. Lakin indi məlum olur ki, müharibə 33 aya yaxın bir müddətdə davam etsə də, Rusiya Ukraynada tamamilə əks nəticə ilə üzləşib.