525.Az

Payız oğlu


 

Payız oğlu<b style="color:red"></b>

Təranə ARİFQIZI

14 oktyabr Xalq şairi Məmməd Arazın doğum günüdür

 

Salam, ustad, ziyarətə gəlmişəm,

Bu dağların qarı səndən danışır.

Misra-misra ilmələnir bu yollar,

Bu torpağın yazı səndən danışır.

 

Kəndim, balacasan,- demişdin axı,

Dünyalar sığmışdı köksünə onun.

Elə danışırdı, elə gülürdü,

Susmaq olmayırdı sözünə onun.

 

Nənəmin kitabı nağıldı sənə,

Bizə nağılların axırı qaldı.

Göydəki almalar bizim payımız,

Araz bu dünyadan yuxarı qaldı.

 

Ruhun duysun, canımız vətən dedi,

Vətən mənə oğul desə, demişdin.

Sözünlə millətə qan verdin, ustad,

Bu vətənin oğlu olmaq nər işdi.

 

Dünya həm sənindi, həm də ki mənim,

Doymurdu cığıra, izə bu günüm.

Səni axtarırdı, soraqlayırdı,

Çıxmışdı dağlara, düzə bu günüm.

 

Sən payız oğlusan, payız oğuldu,

Öldürüb dirildən fəsilim mənim.

Payız oğul aldı, ogul doğuldu,

Sən Araz adında əsilim mənim.

 





14.10.2024    çap et  çap et