|
|
|
|
(Əvvəli ötən şənbə saylarımızda)
Kraliça I Elizabet o vaxtlar dünyanın ən varlı dövləti olan İspaniyaya, oraya Vest İndiyadan qızıl, gümüş karvanı fasilə vermədən gəlirdi, qarşı mübarizədən nəinki qorxmuşdu, heç hansısa bir çaşqınlığa da yol verməmişdi. O, sahildə dayanan ingilis döyüşçülərinin yanına gəlmiş, at belində onlara alovlu sözlərlə müraciət etmişdi. Kraliça çıxışında demişdi ki, ən çətin anda da, zəfər çalanda onların yanında olacaq, qələbəyə görə özü onlara mükafatı təqdim edəcəkdir. Səmimiyyətinin ifadəsi kimi bildirilmişdi ki, zəif qadın bədəninə malik olsa da, onun sinəsində kral ürəyi döyünür. Əsgərlər Elizabetin bu sözlərindən ruhlanaraq, hər cür fədakarlığa hazır idilər.
Hakimiyyəti dövründə ən çox müzakirə edilən məsələlərdən biri Elizabetin ərə getməsi və taxt-tac üçün varis doğması idi. Elizabetə ölkəsində evlənmək arzusunda olanlar kimi, xarici şahzadələrdən də onunla evlənmək barədə çox sayda təkliflər gəlirdi. O, kral hakimiyyətinin təsirlərə məruz qalmasına yol verməmək üçün ərə getməmək, bakirə qalmaq qərarına gəlmişdi. Buradan da onun "Virgin" ləqəbi meydana gəlmişdi, lakin onun bakirəliyi yalnız elan edilmək üçün idi. Əslində isə onun bir neçə məşuqu olmuşdu.
O düşünürdü ki, ingilisə ərə getsə, onun qohumlarının, əslində, tayfasının arzuolunmaz təzyiqlərinə məruz qalacaqdı. Əcnəbiyə ərə getsə isə doğulan varisin hesabına İngiltərə katolik dövlətinə çevriləcəkdi. Fransanın gələcək kralı, III Henrinin onu almaq təklifini eşitdikdə, o vaxtlar ayaqları ağrıdığına görə, istehza ilə demişdi ki, əlil, yaşlı qadının gənc ərini kilsəyə aparmasına həvəsi yoxdur.
Atası VIII Henri varis oğula malik olmaq üçün birinci arvadını boşamış, ikincisini guya başqa səbəbə görə edam etdirmiş, yalnız üçüncü arvadı Ceyn Seymur ona gələcək kral olacaq oğulu doğsa da, 12 gün sonra ölməklə, körpəni yalnız həmin qısa müddətdə görə bilmişdi. VIII Henri çətinliklə hakimiyyətə gəlmiş Tüdor sülaləsini davam etdirmək naminə şahzadə oğula böyük ehtiyac duyurdu. Elizabet ərə getməsə, oğul doğmasa, sülalə mövcudluğunu itirəcəkdi və kraliçanın 45 illik hakimiyyətdə olmasından sonra bu, həqiqətən də, baş verdi və edam etdirdiyi Şotlandiya kraliçası Mariya Styuartın oğlu, Şotlandiya kralı VI Ceyms Styuart, I Ceyms kimi İngiltərə taxt-tacına sahib oldu.
I Elizabet 1603-cü ildə, 70 yaşında öldü. Onun ən böyük mükafatı hakimiyyəti dövründəki illərinin İngiltərənin "qızıl dövrü" adlandırılması və gələcək Britaniya imperiyasına çevriləcək ölkəsinin dünya dəniz dövlətinə çevrilməsi oldu.
Corc Vaşinqton
(1735-1799-cu illər)
Corc Vaşinqton əmək fəaliyyətinə torpaq mühəndisi (torpaqölçən) kimi başlamışdı. Sonra ingilis ordusunun tərkibində hərbi xidmət keçmiş və fransızlara qarşı döyüşdə iştirak etmişdi. Lakin ona hərbi rütbə verilməmişdi, yalnız amerikan könüllü ordusunda polkovnik rütbəsi almışdı.
Hərbçi zabit kimi Corc Vaşinqton ABŞ-nin İstiqlaliyyət ordusunun baş komandanı təyin edilmişdi. O, əvvəllər də döyüşlərdə vuruşmuşdu. Əslində, ABŞ, nizami ordu adlanacaq hərbi qüvvəyə malik deyildi. Könüllülərdən təşkil olunmaqla, əsgərlərin geyimi pis vəziyyətdə idi, hətta bəziləri ayaqyalın qaydada döyüşə girirdi, onlara silah da çatışmırdı.
Vaşinqton bir sərkərdə kimi məğlubiyyətlə, həmçinin silahdaşının xəyanəti ilə də üzləşmişdi. Ordusunun məğlub olmasına görə o, Nyu-Yorku tərk edib, düşmən ingilislərə verməyə məcbur olmuşdu. Saraqota döyüşünün qəhrəmanı general Benedikt Arnold sonralar xəyanət yoluna düşərək, ingilislərə casusluq etmiş və onlara qoşulmaqla, amerikan ordusundan qaçmışdı.
Bütün bu ağır sınaqlar Vaşinqtonu ruhdan salmırdı, axı müharibənin ilk qışında iki şəhərdə kiçik də olsa qələbə qazanmışdı. 1781-ci ildə isə Yorkstounda ingilislər üzərində qəti qələbə çalmaqla, İstiqlaliyyət müharibəsi başa çatmışdı.
1787-ci ildə Konstitusiyanı qəbul edən iclasda Vaşinqton sədr kimi iştirak etmişdi. 1789-cu ildə onu yeni dövlətin konstitusiyasının təqdim etdiyi ali icra orqanının başçısı kimi ilk prezident seçdilər. Konqress ona ildə 25 min dollar həcmində maaş müəyyən etmişdi, bunun çox olduğundan yaranan narazılığa görə həmin maaşı almaqdan imtina etmiş, öz fermasından gələn gəlirlə dolanmışdı. Ferma isə əslində, onun özününkü deyil, dul qadın kimi evləndiyi arvadına məxsus idi. Bu vəzifədə o, 8 il qaldı və istefasından xeyli əvvəl vətəndaşlara "Vida məktubu" ilə müraciət etmişdi.
Onun yenidən, üçüncü dəfə prezident seçilməsi barədə təkliflərə rədd cavabı verərək, istirahətə yollanmışdı. Ali vəzifəni daşıyanda ona kəskin hücumlar edilirdi, hətta bir dəfə demişdi ki, belə prezident olmaqdansa, qəbirdə olmağı arzu edərdi.
İstirahətə çıxdığından sonra o, Patomak çayı yaxınlığındakı fermasının işləri ilə məşğul olurdu. Yeni qatır cinsi yetişdirmək istəyirdi, keçmiş silahdaşı və dostu fransız Lafayet ona Malta adasından aldığı qatırları göndərmişdi.
O, atına minib, öz fermasını dolaşır, başqa fermerlərlə də görüşürdü. Belə gəzintilərinin birində ona soyuq dəymişdi və 1799-cü ilin başa çatmasına iki həftə qalmış həyatla vidalaşmışdı.
Onun prezident olduğu dövrdə Patomak çayının sahilindəki bataqlıq yerdə, özünün təklifi ilə paytaxt şəhəri salınmağa başlandı, buna qədər paytaxt bir şəhərdən başqasına köçürülürdü. Şəhərdə Kapitoli yarımçıq tikildikdə və Ağ Ev istifadəyə verildikdə paytaxt rolunu oynamağa başladı. Konqresmenlər sessiyalara, kənarda yaşadıqları yerlərdən gəlirdilər. Paytaxta ilk prezident və onun hərbi xidmətlərinə hörmət əlaməti olaraq Vaşinqton adı verildi. Üçüncü prezident Tomas Cefferson ilk dəfə olaraq Vaşinqtonda yaşamağa və işləməyə başladı.
C.Vaşinqtonun ferması da əvvəllər arvadının malikanəsi olmaqla, Patomak çayının kənarındakı Maunt Vernonda yerləşirdi.
1812-ci ildə Birləşmiş Ştatlar davam edən münaqişəni əsas götürərək, müharibə partiyasının təkidi ilə Britaniyaya müharibə elan etdi və məğlubiyyətlə üzləşdi. Həmin ili ingilislər Vaşinqton şəhərini işğal edib Ağ Evə və Kapitolinin yarımçıq tikintisinə od vurdular. Yaponların XIII əsrdə işğaldan mühafizə edən İlahi Külək - Kamikadze kimi, ABŞ paytaxtını da üç gün davam edən güclü tufan və leysan yağış xilas etdi. İngilislər Patomak çayındakı qayıqlara oturub Vaşinqtonu tərk etdilər.
İngilislər şəhəri tutarkən prezident Ceyms Medison paytaxtdan qaçmışdı. Onun arvadı Dolli özü ilə ən qiymətli şey kimi Corc Vaşinqtonun Ağ Evdə divardan asılmış portretini götürmüşdü. Amerikanlar öz ilk prezidentlərinə həm də başqa ehtiram nişanələrini də göstərdilər. Paytaxtda ona hündürlüyü 100 metrdən uca olan sadə bir abidə tikildi. Bir konqressmen bu məsələnin parlamentdə müzakirəsi gedərkən demişdi ki, abidə nə qədər hündür olsa da, Vaşinqtonun mənəvi hündürlük plankasına çatmayacaqdır. Amerikanın şimali-qərb hissəsindəki ştata da Vaşinqtonun adı verildi.
Horatsio Nelson
(1758-1805-ci illər)
Ser Horatsio Nelson böyük donanma komandanı olmaqla, onun tərcümeyi-halını təkcə qəmli faktlar bəzəmirdi, baxmayaraq ki, dəfələrlə yaralanmış, sağ gözünü və sağ qolunu itirmişdi. O, öz istedadı və igidliyi ilə Britaniyanı ağır zərbədən qorumuşdu, öz ölkəsini uzun müddət ərzində planetdəki ən güclü dəniz dövlətinə çevirmişdi. Ona görə də o, tarixdə ən görkəmli admiral hesab olunur. Çünki o, bütöv yüzillikdə Britaniyanın dənizdə ağalığına nail olmuşdu. Bu gün də Britaniya donanmasında qorunub saxlanılan ənənələrin də banisi məhz o idi. O, qələbə anında həlak olmuşdu və özünə əbədi şöhrət gətirmiş bir qəhrəman idi. Dəfnində dilə gətirilən bu sözlər əsl həqiqəti əks etdirir.
12 yaşı olanda Nelson gəmidə yunqa-kiçik matros kimi xidmətə girmişdi və burada öz istedadına yiyələnmişdi. 1794-cü ilin iyulunda Korsika adasına desant hücumuna komandanlıq edəndə, sağ gözü mərmi yarası almışdı və onu itirmişdi, lakin xidməti tərk etməmişdi, həm də sonralar çox sayda igidliklər göstərmişdi.
Kopenhagen döyüşü vaxtı onun fədakarlığı hesabına qəribə bir hadisə baş vermişdi. Britaniya donanmasının baş komandanı ser Hayd Kiçik-Parker geri çəkilmək əmrini vermişdi. Horatsio Nelson isə binoklun trubasını yaralı sağ gözünün üstünə qoyub, "mən heç bir siqnal görmürəm" demiş və sonra onun komandanlıq etdiyi qüvvələr döyüşü davam etdirmiş və nəticədə Danimarka donanması üzərində qələbə çalınmışdı.
Sonrakı dəniz döyüşündə isə britaniyalılara artıq Nelson özü komandanlıq edirdi və ingilis dilində "turning to blind eye" - "kor gözün üstünə keçirmək" idioması meydana gəlmişdi.
1798-ci ildə Abukirdə, bu, həm də Nil döyüşü kimi məşhurdur, admiral Nelsonun başçılığı altında Böyük Britaniya hərbi-dəniz donanması və fransız respublikasının donanması arasında həmin körfəzdə döyüş getdi. Bu, Nilin mənsəbinin, həm də Aleksandriyanın yaxınlığında idi. Döyüşün nəticəsi britaniyalıların qəti qələbəsi oldu. Bundan bir az əvvəl Napoleon ekspedisiya korpusu ilə Tulondan Aleksandriyaya gəlmişdi. Onun yürüşünün məqsədi Britaniya Hindistanına qarşı aparılacaq kampaniyanın ilk addımı olmalı idi. Ekspedisiyanın son məqsədi isə tam məxfi saxlanırdı.
İyulun əvvəlində donanma ordunu sahilə düşürüb, Abukir körfəzində lövbər salmışdı. Avqustun 1-də Britaniya donanması onlara yaxınlaşdı. Üç saatlıq qızğın döyüşdə fransızların "Orient" flaqman gəmisi məhv edildi və fransız vitse-admiralı Bryue həlak oldu. Brinaiyalılar Aleksandriyanı tutdular. Nelson frontal hücuma keçdi. 1 avqust 1798-ci ildə Abukirdə fransızların 13 gəmisi, 4 freqatı və 4 briqi var idi. Gəmilərin heyəti 3 min matrosdan ibarət idi.
Döyüş gün batanda, saat 19-da başladı. Britaniyalılar risk edərək, Abukir adasını ötüb keçdilər və düşmənə hücum etdilər. Fransız donanması məhv edildi. Fransızlar 1400 adam itirdilər, 600 nəfər isə yaralanmışdı. Döyüşdə Nelson da yaralanmışdı, onun başına güllə dəymişdi, ölüm qorxusu var idi. Lakin qanaxmanı dayandırmaq mümkün oldu.
İngilislər beləliklə, Levant donanmasını məhv etdilər. Napoleonun Misir avantyurası məğlubiyyətə düçar oldu.
Fransa özünün və müttəfiqlərinin donanmaları ilə La Manş boğazını nəzarətə götürmüşdü ki, Napoleonun Böyük Ordusunun İngiltərəyə müdaxiləsinə şərait yaratsın. Admiral Vilnyovun komandanlığı altında birləşmiş donanma 18 oktyabr 1805-ci ildə İspaniyanın cənubundakı Kadis limanından çıxdı. Nelsonun komandanlığı altında olan Britaniya donanması ilə Atlantik okeanında, İspaniyanın cənubi-qərb sahilindəki Trafalqar körfəzində qarşılaşdı. Vilnyov bu görüşə hazır deyildi və donanmsını bütövlükdə döyüşə hazırlamamışdı. Nelson isə qətiyyətli hərəkət edib, gəmilərini iki cərgəyə düzdü və düşmənin xəttini dağıtmaq üçün ona hücum etdi.
27 ingilis gəmisi 33 fransız-ispan gəmiləri ilə üz-üzə gəldi. Nelsonun "Victory" flaqman gəmisi praktiki olaraq sıradan çıxmışdı. Lakin tarixi təcrübə britaniyalılara qələbə çalmağa imkan verdi. Fransız-ispan donanması 22 gəmi itirdi, britaniyalılar isə bir gəmi də itirməmişdilər. Döyüş 21 oktyabr 1805-ci ildə britaniyalıların tam qələbəsi ilə başa çatdı
Döyüş vaxtı fransız matrosunun snayper atəşi ilə Nelson ölümcül yaralandı və döyüşün qurtarmasına az qalmış öldü. Admiral Vilnyov isə özünün flaqman gəmisi ilə əsir düşdü. Əsir kimi o, Nelsonun dəfnində iştrak etdi və yarım il sonra intihar etdi.
Qələbə ingilis dəniz artilleriyasının texniki üstünlüyünü sübut etdi. İngilas topları fransızlarınkından ikiqat sürətlə mərmi ilə yüklənib, atəş açırdı. Napoleonun döyüşə yararlı donanması məhv edildi. Britaniya isə uzun dövr ərzində dənizlərin tam ağasına çevrildi.
Döyüşdən əvvəl Nelson öz "Victory" flaqman gəmisində "İngiltərə hər bir adamın öz borcunu yerinə yetirəcəyini gözləyir" sözlərindən ibarət bayraq siqnalını qaldırdı. Bu sözlər ingilis xalqının şüuruna həkk olundu və Londondakı Nelsonun heykəlini haşiyə kimi bəzəyir.
(Ardı var)