|
|
|
|
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bioloji aktiv qida məhsulları ilə bağlı həyata keçirilən nəzarət tədbirləri çərçivəsində ümumilikdə 11 şirkətə məxsus 15 məhsulda uyğunsuzluq aşkarlanıb.
525.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Belə ki, həmin məhsulların bitki tərkibli olduğu bəyan edilsə də, aparılan müayinələr nəticəsində nümunələrdə bioloji aktiv qida məhsullarının tərkibində olmasına yol verilməyən təsiredici maddələr aşkarlanıb. Bu isə həmin məhsulların tərkib və etiket məlumatları ilə bağlı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə yanaşı, bioloji aktiv qida məhsulu adı ilə istehlakçılara qida məhsullarının tərkibində istifadəsinə yol verilməyən məhsulu təklif etməklə onların sağlamlığı üçün ciddi problemlərin meydana çıxmasına səbəb ola bilər.
Faktla bağlı bu müəssisələrə məxsus anbarlarda aşkarlanmış ümumilikdə 7362 ədəd məhsulun satışı qadağan edilib və bu günədək 2550 ədəd məhsulun aptek şəbəkələrindən geri çağırılması təmin olunub. Hazırda bu proses davam etdirilir.
Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırmalar davam etdirilir.