525.Az

Qərbin Gürcüstana verdiyi şirin vədlər ölkəyə fəlakətlər gətirib


 

EKSPERT: “GÜRCÜ XALQI MÖVCUD TƏHDİDLƏRİN QARŞISINI ALMAQ ÜÇÜN MÜTLƏQ BİRLƏŞMƏLİDIR”

Qərbin Gürcüstana verdiyi şirin vədlər ölkəyə fəlakətlər gətirib<b style="color:red"></b>

Gürcüstanda parlament seçkilərinə sayılı günlər qalıb. Oktyabrın 26-da keçiriləcək seçkilərdə xalqın ölkənin gələcəyini hansı istiqamətdə görməsi məlum olacaq. Parlament seçkiləri beynəlxalq müstəvidə də diqqət mərkəzindədir. ABŞ başda olmaqla Qərb prosesə müdaxilə etmək, nəticələrin özlərinin istədikləri kimi olması üçün müxtəlif vasitələri işə salıblar. Seçki günü və sonra gərginliyin artacağı, hətta qarşıdurma və iğtişaşlar ola biləcəyi də proqnozlaşdırılır. Rəsmi Tbilisinin də təhlükəsizliklə bağlı ciddi narahatlıqları var. Hazırda bu narahatlığın ünvanı Rusiya deyil, Qərbdir. Bu qütbün Gürcüstana yönəlik siyasəti, son addımları bir daha Qərbin güvənsizliyini ortaya qoydu. Qərb Gürcüstana yanaşmada çox irəli gedərək, onun daxili işlərinə həddindən artıq müdaxilə edir, hökuməti özündən tam asılı vəziyyətə salmaq kursu aparırdı. Ölkədə çoxsayda QHT-lərə maliyyə ayırmaqla, öz fond və institutlarını yerləşdirməklə maraqlarını təmin edirdi. Təbii ki, rəsmi Tbilisi gec də olsa prosesə müdaxilə etdi, əvvəlcə “Xarici agentlər” haqqında qanun qəbul edildi, ardınca LGBT təbliğatını qadağan edən qanun qüvvəyə mindi. Tbilisi bununla Qərbin Gürcüstandakı təsirini zəiflətmək istiqamətində ilk addımlarını atdı.

Azərbaycan təbii ki, qonşu və dost ölkə olaraq Gürcüstanın daxili işlərinə qarışmır, ölkənin suveren hüquqlarına hörmət edir. Bu gün sirr deyil ki, Cənubi Qafqazın taleyi Gürcüstan və Azərbaycandan asılıdır. Qərbdə bəzi dövlət və dairələrin Azərbaycana olduğu kimi, Gürcüstana da təzyiq etməsi onu daxili işlərinə müdaxilə etməyə çalışmaları yolverilməzdir.

Hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı bildirib ki, Gürcüstan-Azərbaycan münasibətləri bütün sahələr, o cümlədən, siyasi, hərbi, iqtisadi və diplomatik istiqamətlər üzrə daim yüksələn xətlə inkişaf edir. Tbilisi və Bakı daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər: “Bizim üçün yalnız yaxşı qonşu və dost ölkə deyil, eyni zamanda çox əhəmiyyətli strateji tərəfdaş olan Gürcüstanda hakimiyyətdə olan "Gürcü Arzusu" partiyasının formalaşdırdığı hökumət ilə Azərbaycan arasında demək olar ki, heç bir fikir ayrılığı yoxdur. Yaranan istənilən cari məsələlər hər iki dost ölkənin müvafiq dövlət strukturları vasitəsilə ən qısa müddətdə həll olunur. 500 mindən çox soydaşımızın yaşadığı qonşu ölkədə bu günlərdə baş verənlər rəsmi Bakının diqqət mərkəzindədir. Azərbaycan Vətən müharibəsində Ermənistanı məğlub edəndən, xüsusilə də Ali Baş Komandanımız İlham Əliyevin Xankəndi üzərində bayrağımızı qaldırmasından sonra ABŞ və Fransanın rəhbərliyi altına olan qərbyönümlü qüvvələr Cənubi Qafqaza daxil olmaq üçün genişmiqyaslı fəaliyyətlərə başlayıblar”.

Ə.Verdiyev əlavə edib ki, Azərbaycan 21-ci əsrin tək qalib ölkəsi olaraq kifayət qədər güclü siyasi-hərbi potensiala malikdir və istənilən Qərb təhdidlərinə adekvat, bəzən isə daha sərt cavab verə bilir.

Ekspertə görə, Ermənistanda qismən məsləni həll edən Qərb Azərbaycana müdaxilə edə bilmədiyindən əsas diqqətini Gürcüstan üzərində cəmləşdirib: “Aİ və NATO üzlüyünə qəbul kimi Gürcüstana verilən şirin vədlərin 16 il hansı fəlakətlərə səbəb olduğu hamımıza yaxşı məlumdur. 2008-ci ildə Tbilisi ətrafında partlayışlar eşidiləndə nə ABŞ, nə Aİ ordusundan bir nəfər Gürcüstana dəstək üçün döyüşlərdə iştirak etdi. Nəticəsi isə hamımıza yaxşı məlumdur. Bu dəfə də isə rəsmi Tbilisi həm 16 il əvvəlki bənzər vədlərə inanmaq istəmir, həm də ABŞ və Aİ ərazisindən Rusiya və Azərbaycana qarşı istifadə olunmasına yol vermək niyyətində deyil. Gürcüstan hakimiyyəti müstəqil siyasət yürüdərək ABŞ və Aİ intriqalarına qoşulmur. Nəticədə ABŞ və Avropa İttifaqı seçkilər yaxınlaşdıqca müxtəlif bəhanələrlə Tbilisiyə qarşı təzyiqlərini artırır, hətta Gürcüstan parlamentində qəbul edilən qərarlara rəsmi səviyyədə rəy bildirir, "insan haqları və söz azadlığı" prizmasından bu qərarları tənqid edir. Sual oluna bilər ki, Gürcüstan parlamentində qəbul edilən qərarların ABŞ-a nə qədər aidiyyəti ola bilər? ABŞ-ın özündə bu gün uşaqlarla, qadınlarla və insan haqları ilə bağlı onlarla qanun və konvensiyalar ratifikasiya edilməyib.

Başqa sözlə desək, "öz gözündə tiri görməyənlərin" əsas məqsədi rəsmi Tbilisini şantaj etməkdən, onu sanksiyalarla hədələməkdən və sonunda Gürcüstanı da Ermənistan kimi, ABŞ və Aİ-nin "sözəbaxan köləsinə" çevirməkdən ibarətdir. Ukrayna da Qərb ölkələrinə çox inanmışdı...”

Ekspertin sözlərinə görə, Gürcüstan hakimiyyəti Qərb yönümlü qüvvələrin regiona daxil olmaq üçün istifadə etdiyi fəndlərdən və metodlardan xəbərdardır: “Böyük ehtimalla, Gürcüstanda keçirilən parlament seçkilərinin nəticəsinə təsir etmək məqsədilə Qərb texnoloqları məhz seçki günündə seçicilər arasında qarşıdurma yaratmağa cəhd edəcəklər. Regiondan min kilometrlərlə uzaqda yerləşən qərbyönümlü qüvvələrin yüzillik qonşumuz və dostumuz olan, ərazisində yarım milyon azərbaycanlının yaşadığı Gürcüstan üzərində növbəti eksperiment keçirməsi bizi də dərindən narahat edir. Ləyaqətdən uzaq Qərb yönümlü qüvvələri nə Gürcüstan, nə Azərbaycan, nə Ermənistan və onların xalqı, nə də bu xalqların rifahı və təhlükəsizliyi düşündürür. Onlar üçün vacib olan regionlarda qarşıdurmaları davam etdirməkdən, sönməkdə olan münaqişələri yenidən alovlandırmaqdan, münaqişə tərəflərini silah satmaqdan, daha geniş coğrafi ərazilərə nəzarət imkanları əldə etməkdən, müstəmləkə altında olan əraziləri əlində saxlamaqla daha uzun müddət təbii sərvətləri talan etməkdən, potensial və ehtimal olunan gələcək rəqiblərini kölə ölkələrin insan və ordu resursları hesabına zəiflətməkdən ibarətdir.

Başqa sözlə desək, bu gün yalnız iqtidarda olan "Gürcü Arzusu" partiyası deyil, bütün Gürcüstan xalqı böyük imtahan qarşısındadır. Düşünürəm ki, bu gün siyasi baxışlarından asılı olmayaq dost gürcü xalqı mövcud təhdidlərin qarşısını almaq üçün mütləq birləşməlidir. Gürcüstanda yaşayan dəyərli soydaşlarımızın da həm Gürcüstanın, həm də Azərbaycanın ortaq maraqlarına cavab verən, gələcəkdə Gürcüstanı qonşularla münasibətlərini gərginləşdirəcək qüvvələrə “yox” deyəcəyinə inanıram. Azərbaycan ilə Gürcüstanın dostluq münasibətlərinin davam etməsi, gələcəkdə münasibətlərimizin inkişafı, hətta quru sərhədlərin açılması da bu seçkilərdə "Gürcü Arzusu" Partiyasının qalib gəlməsindən asılıdır".

 





17.10.2024    çap et  çap et