Azərbaycanla Gürcüstan arasında münasibətlər hər zaman qonşuluq və dostluq prinsiplərinə əsaslanaraq çox yaxşı səviyyədə inkişaf edib. İki ölkənin münasibətlərində hər hansı problem yarananda isə qısa müddətə danışıqlarla aradan qaldırılıb, gərginliyə çevrilməyib. Azərbaycan və Gürcüstanı tarixi bağlardan əlavə, həm də bir sıra vacib regional layihələr birləşdirir. Bu sırada Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum və s. var. Təbii ki, birgə layihələrin reallaşmasında iki ölkə arasında dostluq münasibətlərinin mövcudluğu mühüm rol oynayır. Və bu layihələr ümumilikdə regionun inkişafına öz töhfəsini verir. Sözsüz ki, Cənubi Qafqazın taleyi Gürcüstan və Azərbaycandan asılıdır. Ermənistan təcavüzkar siyasəti nəticəsində uzun illər mühüm regional layihələrdən kənarda qalıb. Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra Ermənistanın regional layihələrdə iştirakı üçün şans yaranmışdı. Amma İrəvan sülh sazişini imzalamaq əvəzinə, xarici qüvvələrin təsiri ilə yenidən regionda gərginlik yaratmağa çalışır, sürətlə silahlanır, bəzi dairələrin bölgəyə gəlməsi və müdaxiləsi üçün şərait yaradır. Bu da təbii ki, regional sülhə, təhlükəsizliyə təhdid deməkdir. Ermənistandan fərqli olaraq Gürcüstan və Azərbaycan regional inkişafı, qonşuluq prinsiplərini əsas götürür.
İki ölkənin liderləri - Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin şəxsi təmasları, qarşılıqlı səfərlər, görüşlər münasibətlərin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər də bu məsələdə vacib bir rola malikdirlər. Azərbaycan və Gürcüstanın münasibətlərini möhkəmləndirən cəhətlərdən biri də iki ölkənin heç vaxt bir-birinin daxili işlərinə müdaxilə etməmələri, ərazi bütövlüyü və suverenlik məsələsində qətiyyətli dəstək vermələridir. Təbii ki, Qərbdə bəzi dövlət və dairələr Azərbaycana olduğu kimi, Gürcüstana da təzyiq etməyə, daxili işlərinə müdaxiləyə çalışırlar. Azərbaycanla bağlı öz istəklərinə heç cür nail ola bilməyən bu qüvvələr uzun illər Gürcüstanda kök sala biliblər. İndi Gürcüstan hakimiyyəti həmin güclərin təsirini yox etmək üçün tədbirlər görür ki, Qərb də bundan narahat olaraq açıq şəkildə müqavimət göstərir, ölkədə qarşılıqlıq yaratmağa cəhd edir. ABŞ və digər Qərb dövlətləri 26 oktyabrda keçiriləcək seçkilərdə özlərinə yaxın siyasi blokun qələbə qazanmasını istəyirlər ki, bunun üçün də bütün rıçaqlarını işə salaraq, ölkə daxilində qarışıqlıq, iğtişaş yaratmağa çalışırlar.
Yeri gəlmişkən, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, ölkədə bəzi qüvvələrin belə bir informasiya mühiti yaratmaq və müşahidəçiləri inandırmaq cəhdi var ki, guya Gürcüstanda seçki dövründə nələrsə baş verir: “İnsanlar arasında isteriya salmaq, cəmiyyəti çaşdırmaq, seçkilərə qanunsuz təsir göstərmək, seçicilərin iradəsinin formalaşmasına təsir göstərmək məqsədi məhz bu ola bilər. Metodlara gəlincə, ATƏT/DİDİR-in aralıq hesabatı dərc edildikdən sonra görürük ki, müxalifətdə böyük məyusluq yaranıb, məqsədli informasiya səs-küyü var və müşahidəçilər üçün təsəvvür yaratmalı olan belə bir informasiya mühiti və ya meydançası yaradılıb. Sanki Gürcüstanda inzibati resurs və ya zorakılıq şəklində xüsusi bir hadisə baş verir. Saxta qeydlərə və ya uydurmalara gəlincə, bu, məhz ictimaiyyətdə emosiyalar oyadacaq və buna görə də onların iradəsinə təsir edəcək yalan hekayə yaratmaqdır. Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yayıb ki, “siyasi dairələrə bağlı qruplar dövlət məmurlarının səs və görüntülərindən istifadə edəcək saxta yazıları yaymağı planlaşdırırlar”.
Xarici güclərin seçkilərə birbaşa və ya dolayı yolla təsir göstərmək cəhdləri təbii ki, yolverilməzdir. Bu, demokratiyadan dəm vuran həmin dairələrin əsl üzünü ortaya qoyur. Seçim hüququ xalqa məxsusudur, gürcü xalqı kimi istəsə, onda da mandat verəcək və xalq yaxşı anlayır ki, hazırkı hakimiyyəti dəstəkləməsi, sülhə, sabitliyə səs verməsi mühüm şərtdir. Əks halda, xarici qüvvələr hakimiyyətin idarəçiliyini tam əllərinə alaraq, Qərbə inteqrasiya adı ilə ölkəni dağıdaraq, Ukraynanın gününə qoyacaqlar.
Politoloq İlyas Hüseynov mövzu ilə bağlı deyib ki, oktyabr ayının sonunda Gürcüstanda çox mühüm seçkilər keçiriləcək. Geopolitik nöqteyi-nəzərdən də seçkilərin nəticələri böyük maraq doğurur: "Eyni zamanda Qərbin Gürcüstanla bağlı həyata keçirdiyi məkrli siyasət artıq indidən hiss olunmaqdadır. Gürcüstanın müstəqil dövlət kimi fəaliyyətini qəbul etməyən qüvvələr hərəkətə keçib.
Gürcüstanın xarici agentlər haqqında və LGBT ideyalarının təbliğinin qarşısını alan qanunların qəbul olunması Qərb tərəfindən böyük qəzəblə qarşılanıb. Bütün bunlar Qərbin Gürcüstan ərazisinə müdaxiləsini məhdudlaşdırır, onun qarşısını alır. Aydındır ki, seçkilərlə Gürcüstanı cəzalandırmaq məqsədləri formalaşmaqdadır. Bizim üçün də Gürcüstanda baş verən proseslər kifayət qədər önəmlidir. "Xarici agentlər haqqında" qanunun qəbul olunmasından sonra bütün diqqətlər Gürcüstana yönəlib. Müstəqil siyasət yürüdən, ölkənin milli maraq və mənafelərini üstün tutan dövlətlər Qərbin qəzəbinə tuş gəlir. Biz bundan öncə Serbiya, Slovakiya, Macarıstanda da oxşar hadisələrin şahidi olmuşuq. Hazırda isə Cənubi Qafqazda gedən proseslər fonunda Gürcüstan diqqət mərkəzinə düşüb. Əhalinin manipulyasiya edilməsi, baş verən proseslərlə bağlı müxtəlif təsir imkanlarının ifadə olunması, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, media resursları səfərbər olunub. Zənnimcə, Gürcüstanı çox gərgin seçki prosesi gözləyir. Çünki müxtəlif siyasi texnoloqlar, ictimaiyyətlə əlaqələr sahəsində işləmiş şəxslər artıq bu işə cəlb olunub. Şübhəsiz ki, bunun seçki ərəfəsində istifadə edilməsi seçkilərə də mütləq öz təsirini göstərəcək”.
çap et