|
|
|
|
Kinorejissor, kinooperator Daniel Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və London Film Schoolda təhsil alıb. "Baster" və "Uzaq" qısametrajlı filmlərin ssenari müəllifi və rejissoru, "Xarqo", "Bronco", "Bağışla məni bu gecə", "Böyük qırmızı ev" kimi filmlərin operatorudur. "Kinomexanikin qayıdışı" filmindəki operator işinə görə prestijli Alman Kamera Mükatına layiq görülüb.
Daniel Quliyevlə söhbətimizi oxuculara təqdim edirik.
- Son bir neçə ildə həm xaricdə, həm vətəndə müxtəlif mükafatlara layiq görülmüsünüz, kino aləmində haqqınızda müsbət fikirlər söylənilir. Bu cür tanınmaq, məşhurlaşmaq sizə hansısa narahatçılıq yaradır, yoxsa daha da məsuliyyətli olmağa sövq edir?
- Sözün açığı, mən məşhur olduğumu hiss eləmirəm. Həyatımda dəyişən heç nə yoxdur, hər şey eynidir. Ancaq kino mühitində tanına bilərəm, bu da normal haldır. Çünki bizim kino cameəsi çox kiçikdir, hamı bir-birini tanıyır.
- Magistr təhsilinizi Londonda almısınız və qeyd etmisiniz ki, orda təhsil Azərbaycanda olduğundan qat-qat yüksək səviyyədədir. Deyə bilərikmi ki, bizim kino sahəsində də müəyyən qədər inkişaf var və bu gedişlə kino təhsilimiz o səviyyəyə gedib çata bilər?
- Məncə, yox. Çünki o səviyyəyə gəlib çatmaq üçün heç bir tədbir görülmür. Bunun üçün istər Londonda, istərsə də başqa xarici ölkələrdə təhsil almış əməkdaşlarla əlaqə saxlayaraq onların fikirlərini, ordakı təhsil sisteminin necə olduğunu öyrənə bilərlər. O zaman bəlkə hə, inkişaf edə bilərik. Amma bu gedişlə inkişaf mümkün deyil. Orada universitetlərin studiyaları olur, xüsusi materialları olur, büdcə ayırırlar, bütün ləvazimatları universitet təşkil edir. Həm də bahalı texnikalardan istifadə edirlər, onlarla təlim keçirlər. Bizdə kino sahəsində təhsil sistemini yüksək səviyyəyə qaldırmaq üçün ciddi araşdırmalara ehtiyac var, yoxsa özbaşına harasa gedib çıxmaq mümkünsüzdür.
- Bəs onda niyə bura qayıtdınız?
- Orda qalmaq çətindir, bizim vaxtımızda daha çətin idi. Vizanın vaxtı bitən kimi məktub gəlirdi ki, qayıtmalısınız. Londonda qalsaydıq belə, rəqabət orda çox güclü idi, həm də mədəniyyət baxımından alınmırdı. Öz adımdan deyim, mən burdakı hekayələrə daha çox bələdəm. Ona görə mənə çətin olardı ki, orada olan bir ingilis hekayəsini azərbaycanlı danışsın.
- Həm operator, həm də rejissor kimi fəaliyyət göstərirsiniz. Olurmu ki, operator vəzifəsini icra edəndə həmin filmin rejissorunun işinə müdaxilə edəsiniz və ya tərsinə - rejissor vəzifəsində ola-ola operatorun işinə müdaxilə edəsiniz?
- Yox, olmayıb. Mən həmişə o sərhəddi saxlamağa çalışmışam. Operator kimi bir işə getmişəmsə, rejissorun işinə müdaxilə eləmək heç vaxt marağımda olmayıb. Bir də operator onsuz da filmdə müəllif rolunda çıxış edənlərdən biridir və onun işi təkcə kameranı qurub filmi çəkməkdən ibarət deyil. O həm də hekayəni təsvir formasına salıb, onu vizual olaraq danışan insanlardan biridir. Ona görə də rejissorla sıx əlaqədə olur. Bu səbəbdən heç vaxt rejissorun işinə müdaxilə etməyə ehtiyac duymamışam.
- "Baster" filminiz maraqlı və fərqli bir filmdir. Məsələn, oğulun anadan pul alması səhnəsi gözlənilməz oldu mənim üçün. Belə filmlərdə daha çox övlad anaya nifrət edir və ondan gələn heç bir köməyi istəmir. Film öz təxəyyülünüzün məhsuludur, yoxsa kiminsə həyatından təsirlənib yazmısınız?
- Bəli, ssenarini bir nəfərin həyatından təsirlənib yazmışam. Universitet vaxtlarında həmin hadisələri yaşamış bir insanla qarşılaşmışdım. Tam detallı izah etməyəcəm. Məktəbli idi, düşündüm ki, rayon yerində elə bir situasiya ilə qarşılaşmış bir insan nə edər, necə davranar, nə hiss edə bilər və onun üçün çıxış yolu nə ola bilər? Ssenarini yazanda daha çox bu suallara cavab tapmağa çalışırdım, bunları araşdırırdım. Deyim ki, film nəsə bir mesaj ötürmək üçün çəkilib, xeyr, elə də deyil. Pul məsələsinə gələndə isə o, pulu almağa məcbur idi. Ordan çıxıb getmək üçün bir yol axtarırdı, çıxılmaz vəziyyətdə qaldığına görə o pulu götürür.
- Sanki hərbi məktəbə qəbul olandan sonra getmək fikrindən daşınır.
- O hissəni açıq saxladım. Çünki o vaxta qədər çıxıb getmək istəyirdi, amma özünü hardasa sübut edə bilmək, nələrisə bacarmaq mərhələsinə çatanda artıq seçim arasında, o vaxta kimi heç vaxt qarşılaşmadığı sual qarşısında qalır. Seçim etməli idi. Həm də o, anasını da başa düşməyə çalışırdı, ona nifrət etmirdi. İstədiyinə nail olandan sonra isə gedib-getməməyi açıq qalır. Amma məncə, gedir (gülür).
- Qeyri-peşəkar aktyorlarla işləyərkən onlardan uğurlu nəticə almaq üçün hansı üsullardan istifadə edirsiniz?
- Kastinq vaxtı müəyyən edə bilirsən ki, bu aktyor o rolun öhdəsindən gələ bilər, ya yox. Onun xarakteri də həmin rola uyğun olmalıdır. "Baster" filmindəki qəhrəman heç vaxt fiziki davada olmamışdı. Artıq bəzi suallarla müəyyən edə bilirsən ki, bu onun öhdəsindən gələ bilər. Bir də aktyorun özünün marağından da asılıdır - bunu eləmək xatirinə edir, yoxsa hekayədə onu özünə cəlb edən nəsə var? Söhbət edəndən sonra bir-iki dəfə məşq edirik, enerjini hiss edirəm və daha sonra alınır.
- Filmin uğurlu alınmasında texnikaların ucuz, ya da bahalı olmasının əhəmiyyəti varmı?
- Böyük bir əhəmiyyəti yoxdur. Bu məsələ filmin tərzindən və hekayəsindən asılıdır. Bəzən olur ki, azbüdcəli film çəkmək istəyirsən, kimsə dəstək olur və kameraya pul vermirsən, amma yüksək büdcəli texnikayla işləyirsən, burda artıq ziddiyyət yaranır.
- Azərbaycanda istifadə olunan texniki vasitələr keyfiyyətli filmin ərsəyə gəlməsinə bəs edirmi?
- Bəli, edir. Mən deməzdim ki, bizim texniki cəhətdən problemimiz var. Ola bilsin ki, bəzi işıq və müasir kamera texnikası bizdə yoxdur, amma bu o demək deyil ki, bu səbəbdən film çəkə bilmərik. Elə texnikalardan istifadə edərək çəkilən filmlər Avropada da çox azdır. O vasitələrdən daha çox Amerikada istifadə edilir.
- Sizcə, kinematoqrafiyamızda inkişaf və yeniliklər var?
- Məncə, var, çünki inkişaf istər-istəməz olur. Filmlər çəkilir, festivallarda iştirak edirlər, amma sənayə baxımından demək olar ki, inkişaf yoxdur.
- Qadın rejissorlarımızdan olan Leylaxanım Qənbərli ilə işləmisiniz. Qadın həmkarlarla işləməyin hansı fərqli cəhətləri var?
- Mən sənəti, peşəni qadın, yaxud kişi cinsinə ayırmıram. Yəni işlədiyim şəxsin kişi və ya qadın olmasına fərq qoymuram. Məncə, komandada bütün işlər qadın və kişi arasında bərabər paylanmalıdır. Ola bilər ki, onların mövzuya yanaşma tərzləri fərqli olsun, məncə, tək fərqlilik budur.
- Bəzən deyirlər ki, qadınlar daha çox ekranda görünməyi sevirlər, ekran arxasındakı işləri bacarmırlar. Bu barədə siz nə düşünürsünüz?
- Əlbəttə, bacarırlar. Bu, həmin adamın qadın və ya kişi olmasından asılı deyil, istedaddan, bacarıqdan irəli gələn məsələdir. Təcrübəsi az olan kişi və ya qadın istənilən halda setdə özün göstərir.
- "Böyük qırmızı ev" filmində ədalətin və sülhün nə olduğunu bilməyən, amma həyatın ağır yükünü daşıyan uşaqlarla söhbət aparmaq çətin olmadımı? Kameraarxası söhbətlərdən, hadisələrdən danışa bilərsiniz?
- Uşaqların travması hiss olunurdu. Bəziləri rahat danışsalar da, bəziləri çəkinirdi. Elə vaxt olurdu, rejissor qərar verirdi ki, özü yox, psixoloq onlarla danışsın. Çünki bizi hələ tanımırdılar. Biz kamerayla onları yaxından çəkməməyə çalışırdıq. Yaxın planlar var idi, amma kameranı uzaq tuturduq ki, uşaqlar çəkiliş olduğunu bilib narahat olmasınlar. Belə variantlar işlədirdik.
- Müsahibələrinizin birində demişdiniz ki, pessimist və keçmişlə yaşayan birisiniz. Belə olmağınız yaradıcılığınıza və inkişafınıza təsir göstərir?
- Məncə, təsir göstərir. Bəzən yumoristik bir şey düşünürəm, amma onu lentə alanda dramatik film alınır. Tam xoşbəxt sonluqları bəyənmirəm. Mən fərqliliyi sevən adamam. Fikirləşirəm ki, həm pis, həm yaxşı hadisələr bərabər olmalıdır. Balansı qorumaq lazımdır.
- "Uzaq" filmində iki vecsiz qardaş obrazı yaratmısınız. Böyük qardaş heç nəyi vecinə almayıb deyib-gülür, dostları ilə birlikdə yeyib-içir, balaca qardaş isə özünə qapanır. Belə fərqli obrazlar yaradanda çətinlik çəkirsinizmi?
- Çətinlik çəkirəm, sözün açığı. İki personaj yaradırsan və hər ikisinin də düz olduğunu qəbul eləməlisən. Bu, mənim üçün sınaq idi. Çünki kimsə mütləq pis olmalıdır deyə bir şey yoxdur. Məsələn, balaca qardaş özünə qapanandır, dostuna kömək edir, amma onun da mənfi cəhətləri var - vecsizdir, özünə baxmır, ailəsinə yalan danışır. Qardaşının da bundan xəbəri yoxdur. O da vecsizdir, dostları ilə deyib-gülür, amma balaca qardaşına qarşı sərtdir. Lakin ona pislik eləmək istəmir. Düşünür ki, qardaşının gələcəyi yaxşı olsun deyə üstündə nəzarəti olmalıdır. Amma xəstələyindən də xəbəri yoxdur. Bu baxımından ikisinin də haqlı və haqsız tərəflərini düşünməyə çalışmışam, aktyorlarla da aramızda söhbət aparmışıq ki, qəhrəmana haqq qazandıra bilsinlər.
- Onların belə fərqli böyümələrində ailələrinin rolu varmı?
- Yox, mən elə düşünmürəm, çünki hər şeyi sırf ailəyə yükləmək olmaz. İnsanın düşdüyü mühitdən də çox şey asılıdır. Onların öz dünyaları var idi. Filmin sonunda ata da qoşulur söhbətə, amma ona görə yox ki, mən atanı günahlandırmaq üçün orada ona müraciət etmişəm. Sadəcə o da fərqli xarakterdə insandır. Orda üç ayrı dünyanın insanlarını birləşdirmişəm. Filmin yumoristik cəhəti də budur. Ata da gəlir qoşulur bunlara və daha sonra aləm dəyir bir-birinə.
Ləman İLKİN