Gürcüstanda parlament seçkiləri günü yaxınlaşdıqca xarici dairələrin, xüsusilə də ABŞ başda olmaqla Qərbin müdaxiləsi də güclənir. Qərb özünün istədiyi siyasi qüvvənin hakimiyyətə gətirilməsi üçün açıq şəkildə ölkənin daxili işlərinə qarışır, vətəndaşlara çağırışlar edir, hətta seçki günü və ondan bir gün sonraya hesablanmış planlar hazırlayır. Əlbəttə ki, bu planlar iğtişaşlar, qarşıdurma yaratmaqdan ibarətdir.
Hazırda dünyanın bir sıra regionlarında qanlı toqquşmalar, gərginliklər yaradan, Ukraynanı sonu görünməyən müharibəyə cəlb etməklə çıxılmaz vəziyyətə salan Qərb, Gürcüstanda da eyni durumu yaratmaq istəyir. İndiyə kimi bu güclər təsir altına aldıqları heç bir ölkəyə sülh, sözdə dedikləri demokratiya, əmin-amanlıq gətirməyiblər. Əksinə, illərdir ki, Qərbin darmadağın etdiyi bir sıra dövlətlər özünə gələ, yenidən sabitliyi bərpa edə bilmirlər. Bu dairələr üçün demokratiya təsir altına saldıqları dövlətlərdə marionet hökumətlər qurmaqdan ibarətdir.
Oktyabrın 26-da gürcü xalqı öz iradəsini ifadə edərək, qarşıdakı dönəmdə taleyini etibar edəcəyi siyasi qüvvəyə mandat verəcək. Amma vaxt daraldıqca Qərbin narahatlığının artması, aksiyalar təşkil edib iğtişaşa çevirməyə cəhd göstərməsi onu deməyə əsas verir ki, hakim partiya daha çox şanslıdır. Əslində “Gürcü Arzusu” hakimiyyətdə olduğu müddətdə dövlət və xalq üçün çox işlər görüb. İndiki çətin, mürəkkəb proseslərin getdiyi bir vaxtda ölkədə sabitliyi qoruyub saxlayıb, inkişafına nail olub. Bu mənada “Gürcü Arzusu”nun hakimiyyətini davam etdirməsi Gürcüstan xalqı və dövləti üçün strateji əhəmiyyət daşıyır. Bir sözlə, xalqın hansı seçimi edəcəyini yaxın günlərdə görəcəyik.
Yeri gəlmişkən, “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili bəyan edib ki, oktyabrın 26-da keçiriləcək seçkilərdə konstitusiya çoxluğunu qazanarlarsa, yetkinlik yaşına çatmayanların maraqlarının və ailə dəyərlərinin Konstitusiya səviyyəsində müdafiəsini gücləndirəcəklər. Siyasətçi qeyd edib ki, Gürcüstanda psevdoliberal ideologiya ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və siyasi partiyalar dəqiq bilirlər ki, xalqı yalnız keçmişini, tarixini unudandan, mənəvi prinsiplərini yıxdıqdan sonra asanlıqla tabe etmək olar: “Bu, həll edilməli olan ciddi problemdir ki, yetkinlik yaşına çatmayanların maraqlarının və ailə dəyərlərinin müdafiəsi məsələsini Konstitusiya səviyyəsində təsbit etmək üçün qalib gəlməyimiz lazım olan səbəblərdən biridir".
Qeyd edək ki, Gürcüstanda məhz “Xarici təsir” və LGBT təbliğatına qarşı qanunların qəbulundan sonra Qərb öz təzyiqlərini artırdı. Çünki Qərb xüsusən qeyri-hökumət təşkilatları şəbəkəsi ilə Gürcüstan cəmiyyətində, hətta Gürcüstanın dövlət idarəçiliyi üzərində çox ciddi təsir və nəzarət mexanizmi formalaşdıra bilib. Eyni zamanda, özünün bu ölkənin dəyərlərinə, ailə institutuna zidd “dəyərlərini” təbliğ etməkdə idi.
Azərbaycan qonşu, dost dövlət olaraq Gürcüstanda sabitliyin olmasında maraqlıdır. İki dövlət bir-birinin daxili işlərinə müdaxilə etmədən yüksək səviyyədə əməkdaşlıq edir, mühüm regionla layihələri həyata keçirir.
Milli Məclisin Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev mövzu ilə bağlı “525”ə bildirib ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Əvvəlki seçkilərdən fərqli olaraq tam proporsional seçki sistemində olacaq: “Bu isə o deməkdir ki, hər bir partiya parlamentdə 150 yeri tuta bilər. Parlamentə keçmək üçün 5 faizlik baryeri aşmaq lazımdır. Və siyahılar vasitəsi ilə deputatlar parlamentdə yerlərini tutacaqlar. Hazırda bir neçə partiya arasında rəqabət gedir. Bunlardan əsası Bidzina İvanişvilinin rəhbərlik etdiyi “Gürcü Arzusu” Partiyasıdır. Bu partiyanın müsbət cəhətləri hakim partiya kimi maliyyə-administrativ resurslarına malik olması, hökumətin nəzarətində olmasıdır. Zəif cəhəti isə təbii ki, Qərb əleyhinə olan bir sıra qanunların qəbul olunması, diversifikasiyalı xarici siyasətin həyata keçirilməsi, son zamanlar guya Moskvayönümlü olması barədə antitəbliğatın aparılmasıdır. Vaxtilə Mixeil Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Birlik Hərəkat Partiyası da seçkilərdə iddia ilə çıxış edir, 2003-dən 2012-yə qədər iqtidarda olan bu partiyanın güclü tərəfi keçmiş iqtidar partiyası olması, zəif tərəfi isə tam bir vahid proqramın olmamasıdır. Yeni lider axtarışındadırlar ki, bu da çox çətindir.

Ümumiyyətlə, parlamentə düşməyə iddialı həm milli dəyərlərə söykənən, həm də qərbyönümlü olan partiyalar həddən artıq çoxdur. Yəni bu gün hər bir partiya təbii ki, Gürcüstanın ərazi bütövlüyünü düşünür, ən mühüm məsələ bu gün budur. Qərbin, Avropanın, Rusiyanın təsirindən asılı olmayaraq bu gün hər bir partiya üçün əsas məsələ Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsidir. Qərb öz təsirindən istifadə etməyə çalışır. Rusiyanın özü də çalışır ki, seçkilərə bu və ya digər şəkildə müdaxilə etsin. Lakin sonda seçim gürcü xalqının özünə aiddir”.
Deputat qeyd edib ki, bu gün ABŞ-ın, Qərbin apardığı siyasət təkcə Gürcüstana bağlı deyil. Bu qüvvələr Cənubi Qafqazda nüfuz sahibi olmağa çalışırlar ki, buna görə də dövlətlərdən, seçkilərdən istifadə etməyə çalışırlar. Onun sözlərinə görə, bu siyasət Ermənistanla müəyyən qədər mümkün oldu. Çünki Ermənistanın müstəqil daxili, xarici siyasəti yoxdur. Bu dövlət diktə altında işləyir. Gürcüstana da təzyiq etməyə çalışırlar ki, onun vasitəsilə Cənubi Qafqazda nüfuz sahibi olsunlar. Çünki Gürcüstan stareji əhəmiyyətli dövlətdir, limanların, beynəlxalq səviyyəli kəmərlərin, makrolayihələrin Gürcüstan vasitəsilə həyata keçirilməsi çox mühüm məsələdir. Kənar qüvvələr bu prosesdə bir mövqe tutub təsir qüvvələrini artırmağa çalışırlar.
A.Nağıyev əlavə edib ki, Azərbaycanla Gürcüstan arasında mühüm əlaqələr mövcuddur: “Bu, həm rəhbərlik, eyni zamanda qarşılıqlı səfərlər, görüşlər, iki ölkə arasında dostluq, tərəfdaşlıq müstəvisində özünü göstərir. Gürcüstan bizə dost və tərəfdaş dövlətdir. Bu münasibətlər parlament səviyyəsində də inkişaf edir. Gürcüstanla iqtisadi sahədə birgə layihələrimiz mövcuddur. Bu gün Gürcüstanın ən böyük vergi ödəyicisi SOCAR-dır. Bunlar hər biri çox mühüm məsələlərdir. Azərbaycan Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı məsələni daim nəzarətdə saxlayır. Ordakı həmvətənlərimizlə bağlı çox mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bir sözlə, Gürcüstan bizim strateji tərəfdaşımızdır. Regional layihələrə gəldikdə, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı- Tbilisi-Qars layihələri, eyni zamanda yeni infrastrukturlarda Azərbaycan şirkətlərinin çalışması regionun inkişafına çox böyük töhfələr verir. Orta dəhlizin işləməsi, logistik daşınmalar və gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə daşınmaların bir istiqaməti də məhz Gürcüstan limanlarıdır. Onların da yükləri beynəlxalq daşınmalarda iştirak edəcək. Bizim əlaqələrimiz həm iqtisadi, həm siyasi, həm də deyərdim ki, hərbi əməkdaşlıqlar, yəni birgə hərbi təlimlərin keçirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Gürcüstan bu gün Azərbaycan üçün çox mühüm strateji tərəfdaşdır və əlaqələrimizin daha da inkişaf etməsi həm regiona, həm hər iki dövlətə, ümumiyyətlə beynəlxalq səviyyədə ancaq müsbət tendensiyalara gətirib çıxara bilər”.
çap et