525.Az

İlin sonuna kimi sülh sazişi imzalana bilər...


 

​​​​​​​“AZƏRBAYCAN LİDERİNİN BU MƏSƏLƏLƏRDƏ PRİNSİPİALLIĞI MİLLİ MARAQLARIMIZIN MAKSİMUM ŞƏKİLDƏ REALLAŞMASI İLƏ DAVAM EDİR”

İlin sonuna kimi sülh sazişi imzalana bilər...<b style="color:red"></b>

Azərbaycanla Ermənistan arasında sülh sazişi mətninin xeyli hissəsi, demək olar ki, 80 faizi razılaşdırılıb. Rəsmi İrəvanın iradə nümayiş etdirəcəyi təqdirdə, yaxın zamanda sülh sazişinin imzalanması da mümkündür. Amma məlumdur ki, bunun üçün ən böyük maneə Ermənistanın Konstitusiyasında və bir sıra digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Sənədlərdə açıq şəkildə yazılıb ki, “Dağlıq Qarabağ Ermənistana birləşməlidir”. Belə olan halda, rəsmi Bakı öz tələbini irəli sürüb, yarımçıq və tələsik sülh sazişi imzalamayacağını bəyan edib.

Bir sıra dairələr, xüsusən də ABŞ öz maraqları naminə tələsik sülh istəyirlər. Vaşinqton bu istiqamətdə təzyiqlər göstərməyə çalışır, amma Bakının bu məsələdəki qətiyyətli mövqeyindən geri addım atmayacağını anladığı üçün mülayim diplomatiyadan da istifadə edir. Azərbaycanın apardığı siyasətdə təbii ki, dövlətin və xalqın maraqlarını ön sıradadır. Təbii ki, Bakı öz tərəfdaşlarını Qərbin istəyi ilə seçmir. Burada dövlətin maraqları əsas rol oynayır. Ona görə də ABŞ və digər Qərb dairələri bu məqamı gözə almalıdırlar.

Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda ABŞ Prezidenti Cozef Bayden iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunluğunu ifadə edib: “Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır. Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərəcək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm”.

Bayden bu məsələyə dəstək verməyə sadiq olduğunu da ifadə edib.

Qeyd edək ki, dövlət başçısı həmin gün ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri də qəbul edib. O da öz növbəsində ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu deyib. Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan rəsmi, ABŞ-ın bu prosesin irəli aparılmasında qəti dəstəyi olduğunu bildirib.

Prezident İlham Əliyev isə sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu xatırladaraq, ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini söyləyib. Əlavə edib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğulayıb.

Mövzunu şərh edən politoloq Zaur Məmmədov deyib ki, ABŞ lideri Baydenin Prezident İlham Əliyevə məktubu sırf Azərbaycan və Ermənistan arasında davam etməkdə olan sülh danışıqları ilə bağlıdır. Ənənəvi məktublardan fərqli olaraq, məktubda, nə təhlükəsizlik mövzusuna (Azərbaycanın Əfqanıstandakı və İraqdakı sülhməramlı missiyasında ABŞ ilə əməkdaşlığı), nə də neft-qaz və Qərbin enerji təhlükəsizliyi istiqamətləri vurğulanıb: “Çünki mövzu konkretdir. Azərbaycan və Ermənistan arasında sənəd! Sırf danışıqlar prosesi. Məktubda Bayden administrasiyasının israrı və tələsməsi hiss olunur. Prezident bildirir: "Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək". Yeri gəlmişkən, Maykl Karpenterartıq həm Prezidentin, həm də xarici işlər nazirinin qəbulunda olub. İstisna deyil ki, səfərin əsas məqsədi tərəflərin ortaq məxrəcə gətirilməsi və COP 29 vaxtı hansısa sənədə imza atılmasıdır. Çünki aydındır ki, Azərbaycan qanunverici aktlarında ölkəmizə qarşı ərazi iddiaları olan Ermənistan ilə sülh müvaqiləsi sənədinə indiki mətnlərlə imza atmayacaq. Lakin "münasibətlərin normallaşmasına dair" hər hansı sənədin imzalanması müzakirə predmetidir”.

Politoloq Baydenin məktubunun abzaslarının birindəki son cümləyə diqqət çəkərək deyib: “Bayden öz məktubunda “bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm", yazıb. Beləliklə, müxtəlif təzyiq metodlarından istifadə edən Vaşinqton bu yollarla Azərbaycan rəhbərliyini razılığa gətirə bilmədiyindən, yenidən mülayim diplomatiya metodundan istifadə edərək istədiyi sənəd olmasa da, heç olmasa hansısa sənədin imzalanmasını xahiş etməsi istisna deyil”.

Onun sözlərinə görə, sülh müqaviləsinə qədər paraflanmış variantin imzalanmasının mümkünlüyü rəsmi Bakı tərəfindən 2024-cü ilin qışında təklif edilib: “Lakin həmin vaxtdan bu gün səhər saatlarına qədər ABŞ və Ermənistan Bakı və İrəvan arasında münasibətlərlə bağlı ən üst sənəd sayılacaq "sülh müqaviləsi"nin imzalanmasına israr edirdilər. Baxmayaraq ki, hazırda masada olan müqavilə yarımçıq və natamam sənəd hesab olunmalı, ərazi iddiaları və ziddiyyətlərə tam son qoymurdu. Yuxarıda deyilənlərdən görünür ki, Azərbaycan rəhbərinin bu məsələlərlə bağlı prinsipiallığı bir daha milli maraqlarımızın maksimum şəkildə reallaşması ilə davam edir”.

Siyasi şərhçi Elxan Şahinoğlu isə hesab edir ki, Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktubun mətnindən aydın olur ki, Ağ Ev ən yaxşı halda Bakıda noyabr ayında keçiriləcək COP29 tədbirinə, ən pis halda isə ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəyir: “Əslində Bayden COP29 yazarkən, beynində eyni ayda Amerikadakı prezident seçkisini düşünüb. Ağ Ev administrasiyası vitse-prezident Kamala Harrisin prezident seçilməsi üçün var gücüylə çalışır, qısa vaxt ərzində xarici siyasətdə uğur hekayələrinə ehtiyac duyur. Seçkiyə qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanarsa, bu, Kamala Harrisin xanasına yazılacaq. Bayden administrasiyası Azərbaycanla Ermənistan arasında sülh sazişinin qısa zaman kəsiyində imzalanmasını bu qədər istəyirsə, atacağı bircə addım var: Cozef Baydenin Bakıya göndərdiyi xüsusi köməkçisi Maykl Karpenterin İrəvanda Baş nazir Nikol Paşinyanı Konstitusiyada Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndi çıxarmağa inandırmaqdır. Ağ Ev bunu bacararsa, sülh sazişinin noyabra qədər olmasa da, ilin sonuna qədər imzalanması mümkündür, əks halda erməni lobbisi ilə sıx əlaqələri olan Kamala Harrisin prezident seçilməsi üçün Azərbaycan öz maraqlarından imtina etməyəcək”.

 





23.10.2024    çap et  çap et