Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə yaradılan “3+3” formatı (Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya, İran) uğurlu regional platformaya çevrilə bilər. Bu günlərdə Türkiyədə qeyd edilən çərçivədə xarici işlər nazirləri səviyyəsində keçirilən sayca üçüncü görüş belə deməyə əsas verir. Düzdür, Gürcüstan hələ ki, bu platformada iştirak etmir. Amma ekspertlər gələcəkdə belə bir ehtimalı istisna etmirlər.
Yada salaq ki, bu çərçivədə birinci toplantı 2021-ci ilin dekabrında xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada, ikinci görüş isə 2023-cü ilin oktyabrında XİN başçılarının iştirakı ilə Tehranda baş tutub.
Ötən həftə keçirilən İstanbul görüşünə dair birgə bəyanatda vurğulanıb ki, tərəflər regional iqtisadi əməkdaşlığın ölkələr arasında etimadın yaradılmasına, rifah və sabitliyə verdiyi töhfəni xüsusi vurğulayıb, nəqliyyat, rabitə, ticarət, enerji, investisiya və əlaqə sahələrində əməkdaşlıq imkanlarının qiymətləndirilməsi razılaşdırılıb. Həmçinin dialoq yolu ilə regionda sülh və sabitliyin təmin edilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan XİN-in İstanbulda nazirlər Ceyhun Bayramov və Ararat Mirzoyan arasında "3+3" regional məşvərət platforması çərçivəsində keçirilən görüşün yekunları üzrə məlumatında deyilir ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər. Tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.
Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva, Ankara və Tehran sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya “3+3” platformasından istifadə etməyi təklif ediblər.
Bəs bu platformanın hansı perspektivi var, Gürcüstanın ona qoşulması nə dərəcədə realdır?
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev “525”ə deyib ki, bu, vacib bir platformadır, amma onun gələcəyi bir sıra amillərdən asılıdır: “Birinci element Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, əməkdaşlığın yaradılmasıdır. İkinci məsələ Türkiyə-Ermənistan münasibətləridir, üçüncü isə İran faktorudur. Təəssüflər olsun ki, İran hələ də bizim regionda ardıcıl siyasət aparmır. Düzdür, müəyyən çağırışlar, müəyyən trendlər var, amma bir addım əməkdaşlığa doğru gedir, digər addım Azərbaycana qarşı orda bəyanatlar səslənir. Dördüncü element Gürcüstandır. Bu ölkə hələ 3+3-ə daxil olmayıb, bundan kənarda dayanıb, amma ola bilsin ki, gələcəkdə mümkün olsun. Gürcüstanda bilirik ki, çox çevik şəkildə hərəkətlər baş verir, ola bilsin ki, gələcəkdə qoşulsun. Yəni bu platformanın nə dərəcədə uğurlu olması bu dörd elementdən asılıdır”.
Politoloq Zaur Məmmədov isə “525”ə deyib ki, bu gün faktiki olaraq 3+2 platformasından söhbət gedir: “Burada biz müxtəlif ölkələrin yaxınlaşan siyasətini qeyd edə bilərik. Çünki 44 günlük müharibəyə qədər bilirdik ki, İran, Türkiyə, Azərbaycan, Ermənistan, Rusiya heç cür beşlik platformada iştirak edə billməzdilər. Həm Azərbaycan və Ermənistan arasında olan ziddiyyət, həm də digər ölkələr arasında Qafqazla bağlı müəyyən ziddiyyətlər buna imkan vermirdi. Həm də şərait o deyildi. Bu gün isə nəqliyyat kommunikasiyaları, geoiqtisadiyyatla bağlı bölgənin belə demək mümkünsə, yeni dönəmi ilə bağlı ciddi şəkildə dəyişikliklər olub. Ona görə də tərəflər anlayırlar ki, 3+2 platforması və yaxud 3+3 platforması doğrudan da əlverişli və cəlbedicidir. Biz bilirik ki, həm də təkcə bu platforma üzrə deyil, eyni zamanda Avrasiya ilə, BRICS-lə, müəyyən digər təşkilatlarla bağlı Türkiyənin, İranın və Azərbaycanın yaxınlaşması müşahidə edilib. Belə olan təqdirdə bu görüş də vacib görüşlərdən biri idi. Xüsusilə ordakı hər bir iştirakçı müəyyən müddət idi ki, bir-biri ilə görüşməmişdir. Onlar görüşərək bu və ya digər məsələləri uzlaşdırdılar. Əlbəttə ki, bu platformadan sabah hansısa böyük, nəhəng layihə gözləmək tezdir, çünki bu platformanın daxilində də müəyyən ziddiyyətlər var, məsələn, kommunikasiya məsələsi. Cənub-şimal kommunikasiyası ilə bağlı İran-Azərbaycan və Rusiya arasında fikirlər üst-üstə düşürsə, şərq-qərb kommunikasiyası ilə bağlı heç də bir çox ölkələrlə fikirlər üst-üstə düşmür. Ermənistan və İran fərqli düşüncəyə malikdir, Türkiyə-Rusiya-Azərbaycan isə digər düşüncəyə malikdirlər. Hər bir halda, görüşün keçirilməsi onu göstərdi ki, bu görüş baş tutdu, artıq bu özü böyük bir hadisədir”.
Politoloq deyib ki, xüsusilə, Ermənistan xarici işlər nazirinin görüşdə iştirakı, türkiyəli və azərbaycanlı həmkarları ilə görüşməsi ondan xəbər verir ki, bu platformadan da gələcəkdə bu və ya digər məsələlərdə istifadə etmək olar: “Bizim üçün əsas və önəmli olanı budur ki, istər 3+2 adlandıraq, istər 3+3 adlandıraq, burda əsas mərkəzi qüvvə rolunda Azərbaycan və Türkiyə iştirak edirlər. Yəni bu platformadan danışanda ilk növbədə Bakı və Ankaranın təşəbbüsü ilə yaradılan platforma və uğurun da məhz onların üzərində olması başa düşülür. Bu, özü artıq müsbət addımdır”.
Gürcüstanın platformaya qoşulmasına gəlincə, politoloq bildirib ki, Gürcüstanın indiki halda bu layihəyə qoşulması gözlənilmir və ümumiyyətlə bu format təkcə siyasi deyil, iqtisadi nüanslara görə də Gürcüstan üçün cəlbedici sayılmır: “Gürcüstanda belə bir fikir var ki, onlar şərq-qərb yolunda iştirak edirlər, onsuz da şimal-qərb dəhlizi ölkənin relyefi nəzərə alınmaqla əlverişsizdir və yaxud cənubdan Qara dəniz istiqamətində hələ ki, İranla bağlı məsələlərdə Gürcüstan tərəddüd edir. Yəni burda məsələ təkcə Rusiya və Gürcüstan arasındakı ərazilərlə bağlı problem deyil, eyni zamanda İran məsələsi var, iqtisadi məsələlərin Gürcüstan üçün cəlbedici olmaması məsələsi var. Gürcüstan daha çox çalışır ki, Azərbaycan, Gürcüstan, Türkiyənin hazırda rellaşdırdığı layihələr üzrə siyasətini davam etdirsin, hətta bəzi ölkələrlə sərhədlərin açılması, Ermənistanın yenidən kommunikasiya layihələrinə qoşulması belə Gürcüstanda müəyyən narahatlıq doğurur. İkincisi, Gürcüstanda seçkilərin nəticələrindən bir çox məsələlər asılı olacaqdır, hər halda müxalifətin qalib gələcəyi təqdirdə bu layihəyə qoşulmaq mümkün olmayacaqdır, əgər indiki iqtidar hakimiyyətdə qalarsa, çalışacaq ki, ilk növbədə ərazi bütövlüyü ilə bağlı ortaq məxrəcə gəlsin, daha sonra bu məsələləri həll etsin”.
çap et