Abbas ƏLİYEV
Deyim
Sənə ey sevgili yar, eşqimi pünhanmı deyim?
Canım alırsan bu qədər, indi sənə canmı deyim?
Gül, aləmə nur saç ki, isinsin həyatım,
Bir şirin təbəssümə özümü qurbanmı deyim?
...Dün görsən də, məni əvvəlkitək kənar qaçdın
Qəlbimin həsrətinə sel deyim, tufanmı deyim?
Sevgidə vəfalıdır, min əzabı çəkər Abbas
Tək dözə bilmədiyim eşqdəki "böhrandı", deyim?
Gecələr
Ulduzlar həmsöhbətim, sənsiz tərki-dünya oldum
Yeganə həmdəmimlə dərdimi böldüm gecələr.
Telini çox oxşadım hər gün xəyalımda, gözəl
Səninçün ziyalardan çox çələng hördüm gecələr.
Tənhalıq üzdü məni, qəmə qərq oldum, gülüm
Süzülən göz yaşımı xəlvəti sildim gecələr.
Bu qədər eşqi-xəzan, möhnəti versən də mənə,
Xəyallar aləmimdə açılmış güldün gecələr.
Gündüzlər kənar gəzdin, dözdüm, axı neyləməli?
Yuxuma gəlmədin heç, vallahi öldüm gecələr.
Gəlir
Əli Əmirovu (Ələmi) oxuyarkən
Bir dön arxana bax, gör nə gözəllərdi gəlir
Görəni dərdə salan, "ürək üzənlərdi" gəlir.
Bu nə gözəllik, baxanın ağlın alır
Hər tərəf güllü-bahar, göydə süzənlərdi gəlir.
Boy-buxun, ay tək bəniz, tanrının xoş qismətidir,
Elə bil ki, sonalar, göldə üzənlərdi gəlir.
Hər gözəldə, ay Abbas, gəl gözəllik arama
Səninki öz yarındı, bir də qəzəllərdi, gəlir.
çap et