525.Az

Bələdiyyələrin birləşdirilməsi nəyi dəyişəcək?


 

Bələdiyyələrin birləşdirilməsi nəyi dəyişəcək?<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, bu günlərdə Azərbaycanda 1 400 bələdiyyə birləşdirilərək ümumi sayının 685-ə endirilməsi təsdiqlənib. "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında qanunda dəyişiklik edilməsi barədə" qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələr yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilib.

Millət vəkili Vüqar Bayramov bildirib ki, bələdiyyə institutunun gücləndirilməsi ilə bağlı siyasət davam etdirilir: "Bələdiyyələrin sayının optimallaşdırılması da onların səlahiyyətlərinin genişləndirilməsi və onların maliyyə dayanıqlığının möhkəmləndirilməsi məqsədi daşıyır. Büdcədən ayrılan təxminən 12 milyon manat vəsaitin 1606 bələdiyyəyə ayrılması və orta hesabla bələdiyyəyə düşən vəsaitin azlığı ondan xəbər verir ki, bu gün bələdiyyələrin maliyyə imkanları məhduddur. Bir tərəfdən bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinə ehtiyac var. Digər tərəfdən onların potensialının gücləndirilməsi ilə bağlı tədbirlərin genişləndirilməsi çox önəmlidir. Onların səlahiyyətlərinin genişləndirilməsi və maliyyə imkanlarının artırılması baxımından çox vacibdir".

O əlavə edib ki, 25 il ərzində iki dəfə - 2009 və 2011-ci illərdə bələdiyyələrin birləşdirilməsi prosesi gedib: "1999-cu ildə ilk dəfə bələdiyyə seçkisi keçiriləndə 2700-dən artıq bələdiyyə mövcud idi və həmin birləşmələr nəticəsində onların sayı 1606-ya qədər endirilib. Hazırda bələdiyyələrin fəaliyyəti qənaətbəxş hesab olunmur. Onların 87 faizi kənd bələdiyyələridir və bir çoxunun maliyyə durumu da yaxşı deyil. Bələdiyyələrin həm yaxşı xidmət göstərmək, həm də özünü saxlaya bilməsi üçün maliyyə vəsaitinə ehtiyacı var. Bu baxımdan onların birləşməsi maliyyə imkanlarının artırılması və müstəqilləşməsi üçün bir vasitədir. Çünki bələdiyyələr birləşdikcə, böyüdükcə maliyyə imkanları, torpaq ehtiyatları artacaq, bu da vətəndaşlara daha yaxşı xidmət verməyə kömək edəcək. Bütün bunlarla yanaşı böyük bələdiyyələrin daha böyük vergi tutma bazası olur. Hesab edirəm ki, bələdiyyələrin birləşməsi qəbul olunmuş praktikadır və onların sayının azaldılması bələdiyyələri daha çevik, işlək quruma çevirəcək".

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, bələdiyyələrin birləşdirilməsi doğru qərardır. Amma bu, yetərli deyil, növbəti, daha ciddi addımların atılmasına ehtiyac var: "Növbəti addım böyüdülmüş bələdiyyələrin səlahiyyətləri məsələsidir. Səlahiyyətləri artırılmalı, özlərinin büdcəsi olmalı, bələdiyyə ərazisində yaşayan insanlara xidmət keyfiyyəti yüksəldilməlidir. Bunun üçünsə seçkilərin formatı da dəyişdirilməlidir. Yəni böyük şəhər bələdiyyələri yaradılmalı və bələdiyyə sədrlərinin seçkiləri birbaşa həyata keçirilməlidir. İndi format fərqlidir, bələdiyyə üzvləri seçilir və üzvlər də özlərinə sədr seçirlər".

Ekspert qeyd edib ki, bələdiyyə sədrləri də birbaşa seçilməlidir: "Bununla paralel bələdiyyələrin maliyyə dayanıqlığını artırmaqdan ötrü onlara səlahiyyət və təsir mexanizmi yaratmaq üçün məsuliyyət yüklənməlidir. Bunlar baş verəcəyi təqdirdə, Azərbaycanda yerli özünüidarə institutlarının güclənməsi və effektiv fəaliyyət göstərəcəklərindən danışmaq da mümkün olacaq".

İqtisadçı bildirib ki, ölkədə bələdiyyələrin heç bir nüfuzu, ciddi səlahiyyəti, xalq arasında problemləri həll edən məkan obrazı yoxdur: "Bələdiyyələrin sələhiyyətləri artırılmalıdır. Eynən Türkiyə modelində olduğu kimi, bələdiyyə başqanı olmalı və həmin şəxs seçki ilə seçilməlidir. Bələdiyyələrin səlahiyyətlərinin artırılması, həm də bələdiyyə sədrlərinin birbaşa seçilməsi yönündə qanunvericilikdə dəyişikliklər olarsa, bu zaman bələdiyyə institutunun gücləndirilməsi və effektivliyinin artırılmasının şahidi olacağıq".

Millət vəkili Tahir Rzayev hesab edir ki, bələdiyyələrə nüfuzlu, bu günün reallıqlarını dərk edən, dərindən qiymətləndirən, əhali ilə işləməyi bacaran insanlar rəhbərlik etməlidirlər: "Bu səbəbdən bələdiyyələrin birləşməsi zərurət idi. Çünki bu, xarici ölkələrin təcrübəsində də mövcuddur. Həmin ölkələrdə də əvvəllər əhalinin razılığı ilə bütün yaşayış məntəqələrində bələdiyyələr yaradılıb. Lakin sonradan onların ləğv olunması və ya birləşməsi bir zərurətə çevrilib".

Millət vəkili Fazil Mustafa hesab edir ki, bələdiyyələrin inkişafını təmin edilməlidir: "Biz indiyə qədər böyük şəhər bələdiyyəsi yarada bilmədik. Bakı, Gəncə və Sumqayıtda böyük bələdiyyə yaradaraq bürokratik məsələləri də həll edə bilərik. Bu gün Bakının yüzlərlə problemi var ki, bu məsələdə bələdiyyənin hər hansı rolu yoxdur. Başqa yerlərdə görürük ki, nəqliyyatın idarəedilməsi bələdiyyənin əlindədir. Bu, dövlətin və icra orqanlarının da yükünü azaldacaq".

İqtisadçı-alim Vüqar Qocayev bildirib ki, Bələdiyyələrin fəaliyyəti sakinlər arasında birmənalı qarşılanmır. Buna səbəb kimi bələdiyyələrin səlahiyyətlərinin yetəri qədər olmaması göstərilir.  Bələdiyyələrin öz daxili imkanları əslində müəyyən işlər görməsinə yetərlidir. Amma çox təəssüf ki, bələdiyyələrin bir çoxu heç bir iş görmür. Yalnız məişət tullantıları üçün pul toplamaqla məşğul olurlar. Onu da doğru-düzgün icra edə bilmirlər. Yalnız qəsəbələrin mərkəzi küçələrdə nisbətən nəsə edə bilirlər.

İqtisadçının sözlərinə görə, bələdiyyələrin sələhiyyətlərinin artırılmasına ehtiyac var: "Bələdiyyələrin səlahiyyəti artdıqda, əhali tərəfindən onlara inam və müraciətlər də artacaq. Buna görə də bələdiyyələrin texniki və maddi imkanları artırılmalıdır. Hələlik pilot olaraq bəzi bələdiyyələr sakinlərə daha geniş xidmət etməlidirlər. Daha sonrakı mərhələdə isə səlahiyyətərin artmas bütün bələdiyyələrə şamil olunmalıdır".

Sevinc QARAYEVA

 





28.10.2024    çap et  çap et