Ülviyyə Heydərova, jurnalist:
- Bu gün görkəmli yazıçı, şair, ssenarist, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Alla Axundovanın 85 illik yubileyidir. Alla Axundova bizə "Şərikli çörəyi", "Alma almaya bənzər"i, "Var olun, qızlar...", "Bizi bağışlayın" bədii filmləri, Yalçın Əfəndiyevin çəkdiyi o məşhur "Cırtdan" da daxil olmaqla bir neçə animasiya filmlərini bəxş edib. Rolan Bikovun çəkdiyi "Avtomobil, skripka və Klyaska it" musiqili filminin, latış rejissoru Viya Beynertenin çəkdiyi "Unudulmuş əşyalar" və bir neçə sovet filminin ssenarisi məhz Alla Axundovaya məxsusdur. Bir anlıq təsəvvür edin ki, Alla Axundova incəsənətimizdə yoxdur. Kinomuz "Şərikli çörək"siz, "Alma almaya bənzər"siz necə olardı? Yaşasın sənətkarımız! Doğum gününüz mübarək olsun, əziz Alla xanım!! Var olun!!
Dursun Tağıyeva, jurnalist:
- "Economist" nəşri Qusar rayonunun Hil kəndində yaşayan, bişirdiyi yeməkləri öz yutub kanalında paylaşaraq məşhurlaşan Əzizə Rəmixanova ilə bağlı material hazırlayıb.
Maraqlıdır ki, hər buraxılışın müddəti 25 dəqiqədən artıq çəksə də, bu, izləyiciləri heç yormur.
Mən bu kanala baxanda kəndi sevirəm.
Azad Əliyev, jurnalist:
- Hacı Şahinin məzarının görüntülərinə baxdım. Təmtəraqlı, cah-cəlallı, qara mərmərli böyük bir kompleks düzəldiblər. Məncə, moizələrində daim sadəlikdən, təvazödən danışıb, göstərişi tənqid edən insanın qəbirüstünü belə götürmək yanlış addımdır. Kiçik, sıradan bir qəbir daha düzgün olardı, məncə.
Müşfiq Şükürov, filosof:
- Süni İntellekt sürətlə inkişaf edir. Yaxında müəllimlik peşəsi aradan qalxacaq və həmən ardından da tələbəliyə ehtiyac qalmayacaq. Biri lazım deyilsə, o birisinə də ehtiyac qalmayacaq.
Ayda 20 dollar (məsələn) ödəməklə bütün intellektual və estetik ehtiyaclar ən yüksək səviyyədə ödənəcəksə, bu qədər tərcüməçilərə, dil müəllimlərinə, repetitorlara, marketoloqlara, həkimlərə, mühəndislərə, dizaynerlərə, aktyorlara, rejissorlara, alimlərə, sürücülərə,.. nə ehtiyac olacaq? Düşündüm bəlkə robotların tozunu almaq üçün saxlayarlar insanları, amma onu da silmək üçün robotlar daha münasibdir. İnsanı texnikaya yaxın buraxmaq olmaz.
Nə axmaq adamlar olduq biz.
Əkrəm Həsənov, hüquqşünas:
- Axı Gürcüstan niyə Rusiyanın əleyhinə getməlidir ki? Söhbət yalnız mövcud qlobal geosiyasi qarşıdurmadan, hərbi təhlükələrdən getmir. Gürcüstan mövcudluğuna və inkişafına görə Rusiyaya borcludur.
Qonşularımız arasında ən qədim ədavət tariximiz məhz gürcülərlədir. Məsələn, xatırladıram ki, XII əsrdə zəlzələyə məruz qalmış Gəncəyə hücum edən və qapılarını aparıb hələ də özündə saxlayan məhz Gürcüstandır!
Rusiyanın Qafqazı işğal etməsində əsas rolu məhz gürcülər oynayıb. Məsələn, xatırladıram ki, XIX əsrdə Gəncəni işğal etmiş və Bakını mühasirəyə almış rus generalı əslən gürcü olan Sisianov idi. Müstəmləkə dövründə məhz Tiflis Qafqazın mərkəzi, gürcülər isə imperiyanın sevimli xalqı idi. Nəticədə SSRİ-nin qurucusu gürcü Stalin oldu.
Buna görə gürcülərin Rusiyaya qarşı nankorluğunu heç vaxt başa düşməmişəm. Rusiyada slavyanlardan sonra təsir gücünə görə ikinci xalq gürcülər olub. Rusiya həmişə onlara dəstək verib. Amma XX əsrin əvvəlində Rus imperiyası süqut edən kimi ona ilk arxa çevirən də məhz gürcülər oldu. O zaman gürcülər Rusiyanın düşməni Almaniyanın müttəfiqi oldu. Almaniya I Dünya müharibəsini uduzanda isə ingilislərlərin tərəfinə keçdilər. Bolşeviklərə ən kəskin müqaviməti də məhz gürcülər göstərdi. Bununla belə, SSRİ-də yenə gürcülər xüsusi statusa malik oldu, gürcü Stalin dövlət başçısı oldu. Amma XX əsrin sonunda SSRİ-dən ilk çıxmaq istəyən də Baltikyanı respublikalarla yanaşı, məhz Gürcüstan oldu. Son onillər ərzində Rusiya ilə gərgin münasibətlərə baxmayaraq, gürcülər yenə də Rusiyada güclü mövqelərə malikdir ("qanuni oğru" dünyasından başlayaraq şou-biznesədək). Rusiya Gürcüstanla ticarət edir, gürcü kişilərinin rus qadınları üçün ürəyi gedir, ruslar Gürcüstanın əsas turist axınını təşkil edir və s.
Həm siyasi, həm hərbi, həm iqtisadi, həm də mədəni-demoqrafik amillərə görə Gürcüstan Rusiya ilə dostluq etməyə məhkumdur...
Şəhriyar Del Gerani, şair:
- Bir gözəlim nazirlikdən 5-6 şirvan qonorar almalıyam 7 aydır. Amma necə? Bu vergi-mergi söhbətlərini o qədər qəlizləşdiriblər, artıq adam əsəbləşə də bilmir, özlüyündə anekdota çevrilir məsələ. Yalan olmasın, 7 aydır sənəd-sünəd daşıyıram nazirliyə, həmçinin digər idarə və təşkilatlara. Novruz bayramı ərəfəsiydi, sübhi-obaşdan gənc bir qadın video-zəng elədi, açdım, dedi, bilirəm, evdəsiniz. Dedim, bəli, evdəyəm, kim idi? Dedi, sizə 5 şirvan 8 məmməd qonorar köçürməliyik, filan nazirliyin əməkdaşıdır danışan. Dedim, lap yaxşı, buyurun. Dedi, cəld qalxın ayağa, keçin qonaq otağına, masanı göstərin! Dinməz-söyləməz yataqdan qalxdım, keçdim qonaq otağına, kameranı çevirdim masaya. Dedi, hə, heç nə, tay gedin yatın. Soruşdum, nə işdir axı? Dedi, şəkərburaya görə zəng etmişdim, onu da gördüm, var. Digər sənədləri də yazacam, maksimum sabah günortaya qədər çatdırın. Dedim, baş üstə. Gördüm yox, yuxum qaçdı daha, bir sərin çay dəmləyim, görüm nə göstərir. Çox keçmədi bir siyahı göndərdi şəkərbura xanım, baxdım, təhvil verəcəyim sənədlərin arasında VÖEN-nin notariusda təsdiq olunmuş surəti, həmin surətin 5 nüsxəsi, həmin 5 nüsxənin də ayrı-ayrılıqda 3 ünvana göndərilməsi tələb olunur. Düşündüm, şükür Allaha, yuxum qaçıb, evdə şəkərbura da var, gedim yavaş-yavaş bu sənədləri toplayım. Xülasə, sabah günortaya qədər tələb olunan bütün sənədləri çatdırdım. Hə, yadıma düşmüşkən deyim, bu qadından soruşdum, şəkərburayla şəkil çəkdirib notariat təsdiq elətdirimmi? Dedi yox, narahat olmayın, danışanda skrinşot etmişdim. Nə başınızı ağrıdım, attestatın surəti, notariat təsdiqi, diplomun, hərbi biletin, xarici pasportun surəti, notariat təsdiqi. Hardasa 4 ay da belə getdi. İyulun ortalarıdır, N-nın yox, L-nın, indi olmasın, taraz bir qarpız alıb dostlarla getmişik çimərliyə. Qarpızın şirin yerində zəng gəldi, açdım. Dedi, sizə beş şirvan səkkiz mə... Dedim, bəli-bəli, buyurun. Soruşdu, siz İmişlidə oxumusunuz orta məktəbi? Dalağım sancdı, nəsə şəkərbura söhbəti var işin içində. Cavab verdim, bəli, tamamilə doğrudur. Dedi, bəs niyə oxuduğunuz məktəb siz qəbul olan vaxt 34 nömrəli dəmiryol məktəbi olub, sonra isə 7 saylı rayon məktəbi? Hmm, buyur, qayğılar siyahısına daha bir qayğı əlavə olundu. Dedim xanım, düzü, heç özüm də bilmirəm bunu. O vaxt müharibə dövrüydü, məcburi köçkünlərimiz gəlmişdilər, bilirsiniz, onları kitabxanalara, məktəblərə yerləşdirmişdilər müvəqqəti, yəqin... Sözümü ağzımda qoyub, "Xahiş edirəm söhbəti fırlatmayın, bilirəm, çimərlikdəsiniz, dalğaların səsi başıma düşür, çox danışa bilməyəcəm. Ən qısa vaxtda bu haqda ərizə yazıb notariat təsdiq elətdirin, filan adresə göndərin" dedi, telefonu söndürdü. İstədim ağlayım, baxdım, çox istidir, birtəhər özümü ovundurdum. Ertəsi gün getdim rayona, maarif şöbəsində məsələni dəqiqləşdirdim, bədii-publisistik ərizə yazıb üz tutdum ASAN xidmətə, isti-isti təsdiqlətdirib yol aldım Bakıya, çatar-çatmaz aparıb verdim deyilən ünvana. Bu da belə. Hər şey bir yana, seyid cəddinə arxayın olan kimi, mən də o 5 şirvan 8 məmmədə arxayın olub 20 şirvana yaxın borc eləmişəm. Gündə sabah-gündə sabah proses gəlib çatıb bu yerə. Nə isə. Avqust gəldi, dedilər, hamı məzuniyyətdədir, bilirsən də, avqust ölü aydı-zad. Artıq "Sən"ə keçmişik, isinişmişik əməkdaşlarla. Az-qala xeyir-şər olacaqdıq içlərindən bir aşırı səmimisiylə, alınmadı. Şükür. İndicə fikir verdim, əməlli-başlı köşə alınıb, 3-4 cümləlik status düşünmüşdüm. Bir azdan da "El Klasiko" başlayır. Barsa aparacaq oyunu, 5-6:0. Sözüm ona, sentyabr da bu minvalla ötüşdü, gəldi oktyabr. Birini o yan-bu yan deyirəmsə, iki əlim olsun, bir başım. Görün nə dedim daha. O günlərdə başqa bir xanım zəng eləmişdi, dedi, sizə beş şirvan qonorar ödəməliyik, amma... Dedim, nə amma? Bir də ki, axı beş şirvan səkkiz məmməd idi o məbləğ? Dedi, a bəy, gör o nə vaxtın söhbətidir? İndiyə məmməd qalar? Sərin bir ah çəkib, "Başa düşdüm, buyurun" dedim. Dedi, axırıncı sənədlər qalıb, bunları da həll edək, pul köçsün. Dedim, buyurun. Nə dediyimi soruşdu, "buyurun" dediyimi dedim. Dedi, bizdə olan məlumata görə, orta məktəbdə əlaçı olmusunuz. Dedim, bəli. Dedi, bunun doğruluğunu təsdiq etmək üçün məktəbin şərəf lövhəsindəki şəkliniz lazımdır, bir də direktorun imzası. Dedim, ölənlərinizə rəhmət, bizim vaxtımızda direktor olan adam inişil vəfat edib, necə edək? Dedi, onda məzun olduğunuz il sinif rəhbəriniz kim olubsa, onun imzası, şərəf lövhəsindəki şəkliniz və notariat təsdiq, vəssalam. Bir sağa baxdım, bir sola, dedim, xanım, sizdən artıq dərəcədə xahiş edirəm, hətta, yalvarıram, necə edə bilərəm o puldan canım birdəfəlik qurtarsın, bunu mənə deyin. Zarafat bir yana, bunları deyəndə səsim əməlli-başlı titrədi, kövrəldim. Qadın gördü vəziyyət heç də ürəkaçan deyil, özü də qəhərləndi, dedi, müəllim, mən sizə bir azdan zəng eləyib deyərəm, amma xahiş edirəm ağlamayın, məni də ağlamaq tutur. Və ən əsası, bu, indiki halda nə sizə lazımdır, nə də mənə. Var gücümü toplayıb son sualımı verdim: Ay bacı, niyə? Qadın hönkürə-hönkürə belə cavab verdi: Çünki göz yaşlarını notariusda təsdiq etmirlər. Hiss elədim ki, subay vaxtı şeirlər yazıb, ailə qurandan sonra yoldaşı icazə vermir. Bir sözlə, bu hönkürtülü göz yaşları da mənim mövzuma dair deyil...