|
|
|
|
İsrailin müdafiə naziri Yoav Qallant İrana "ölümcül, həssas və təəccübləndirəcək" hücumun olacağını vəd etsə də, oktyabrın 26-da həyata keçirilən hərbi əməliyyat gözləntilərin əvəzinə ölümcül olmadı. Oktyabrın 26-na keçən gecə Bakı vaxtı ilə təxminən saat 3-dən 7-ə qədər üç dalğada həyata keçirilən hava hücumunda təxminən 140 döyüş təyyarəsi, o cümlədən F-35 qırıcıları iştirak edib. "Tövbə günləri" adı verilən əməliyyat əsasən İran ərazisindəki hərbi obyektlərə qarşı yönəlib. İran mətbuatının məlumatına görə, Tehran bölgəsindəki bir neçə hərbi baza, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun komanda məntəqəsi atəşə tutulub. İsrail tərəfinin məlumatına görə, Tehranla yanaşı, Xuzistan və İlam əyalətlərindəki hərbi mərkəzlərə də zərbə endirilib. Dəqiq məlumatları ilə fərqlənən "Axios" internet resursunun üç mənbəyə istinadən yaydığı xəbərdə isə qeyd edilir ki, İsrail İranın raket istehsal edən zavodlarını vurub. Məlumata görə, İsrail hava hücumu zamanı "Fath-360" qısa mənzilli raketlər üçün yanacaq istehsal edən 12 qurğunu sıradan çıxara bilib. Qeyd edək ki, bir neçə ay əvvəl İranın Rusiyaya məhz "Fatih-360" raketləri verməsi ilə bağlı məlumatlar yayılmışdı. Rusiya ilə yanaşı, İranın Livandakı "Hizbullah" və Yəməndəki "Ənsurallah" hərəkatlarına "Fatih-360" raketləri verdiyi haqqında məlumatlar var.
Ekspertlər isə hesab edirlər ki, əgər "Fath-360" qısa mənzilli raketləri üçün yanacaq istehsal edən 12 qurğunu sıradan çıxarılması haqqında məlumat öz təsdiqini taparsa, İran yaxın vaxtlarda Rusiyaya raketlərin yeni partiyasını verə bilməyəcək. "Axios"a danışan ekspertlər qeyd ediblər ki, məhv edilmiş istehsal xətlərini bərpa etmək üçün İranın öz texnologiyası yoxdur və buna görə də raket istehsalı ən azı bir il dayandırıla bilər. İsrailin Yaxın Şərq üzrə tanınmış ekspertlərdən olan Anşel Pfeffer də hesab edir ki, İran öz istehsalını uzun aylar bərpa edə bilməyəcək.
"Axios"un məlumatına görə, İsrail ordusu İranın 2016-cı ildə Rusiyadan aldığı bir neçə S-300 hava hücumundan müdafiə sistemini də məhv edib. İsrail tərəfinin məlumatına görə, hücum nəticəsində İranın bütün strateji müdafiə imkanları sıradan çıxarılıb. İsrail hərbçilərinin rəyinə görə, məhv edilmiş strateji müdafiə imkanlarını bərpa etmək üçün İrana iki-üç il vaxt lazım olacaq.
İsrailin müdafiə naziri Yoav Qallantın vəd etdiyi "ölümcül, həssas və təəccübləndirəcək" hücumun əvəzinə "Tövbə günləri" adlı əməliyat keçirməsinin bir neçə anlamı var. Birincisi, İsrail "Tövbə günləri" adlı əməliyyatın İranın oktyabrın ilk günü İsrailə qarşı həyata keçirdiyi raket hücumunun cavabsız qalmadığını və bundan sonra qalmayacağı ilə bağlı Tehrana sərt xəbərdarlıq edir. İsrailin onlarla F-15, F-16 və F-35 qırıcıları 1600 km məsafə qət edərək İranın hava məkanına daxil olaraq strateji obyektlərə zərbə endirdikdən sonra heç bir itki vermədən geri dönməsi həqiqətən də sərt xəbərdarlıq sayıla bilər. Bu, İran ərazsində həyata keçirilən və İsrailin rəsmən məsuliyyəti öz üzərinə götürdüyü ilk əməliyyatdır. Bundan öncə İsrail İran ərazsində həyata keçirilən ənəliyyatlara görə məsuliyyəti rəsmən heç bir zaman öz üzərinə götürməyib.
İkincisi, İran İraqla müharibənin bitməsindən ötən 36 il ərzində ilk dəfədir ki, belə böyük hücuma məruz qalıb. Üstəlik də, İran bu hücum qarşısında tamamilə aciz qalıb və İsrailin strateji hava qüvvələrinə heç bir zərər verə bilməyib. İsrailin rəsmi məlumatına görə, İranın bütün strateji müdafiə imkanları məhv edilib. Yəni bundan sonra İsrail hərbi hava qüvvələri İranın hava məkanına daha sərbəst daxil ola və təhlükəsiz şəraitdə əməliyyat apara biləcək.
Üçüncüsü, İsrail "Tövbə günləri" adlı əməliyyatı həyata keçirməklə İranın neft və ya nüvə infrastrukturuna da zərbə vura biləcək imkanda olduğu ilə bağlı Tehrana əyani surətdə xəbərdarlıq edir. Bu hücum ərəfəsində İsrailin İranın neft və nüvə obyektlərinə zərbə endirə biləcəyi ilə bağlı məşum ehtimallar irəli sürülürdü. Belə məlumatlar var ki, İsrailin İranın neft və nüvə obyektlərinə hücum etməklə bağlı planı olub. Yalnız ABŞ prezidenti Co Bayden İsrail rəsmilərini bu niyyətdən çəkinməyə və yalnız İranın hərbi infrastrukturunu hədəf almağın doğru olacağına inandıra bilib. "Axios"un məlumatına görə, İsrail hakimiyyəti İrana qarşı əməliyyatın başlamasından bir neçə saat əvvəl ABŞ administrasiyasını hücumla bağlı məlumatlandırıb.
"Axios"un başqa bir məlumatında isə deyilir ki, İsrail hökuməti üçüncü tərəf vasitəsilə İranı gözlənilən hücumlarla bağlı xəbərdar edib. Məlumatda iddia edilir ki, İsrail hərbçiləri iranlılara hansı hədəflərə hücum etmək niyyətində olduqlarını çatdıraraq oradan canlı qüvvənin təxliyəsinə imkan yaradıblar. Bütün bu məlumatlarla yanaşı, İsrail xəbərdarlıq edib ki, İran cavab verəcəyi halda bu gərginliyin artmasına səbəb olacaq.
Belə görünür ki, İsrail bu əməliyyata təsadüfən "Tövbə günləri" adı verməyib. Rəsmi Yerusəlim bununla İrana mesaj verir ki, Tehranın İsrailə etdiyi hücuma görə "tövbə etmək" üçün hələ imkanı var. Üstəlik, İsrail İranın proksi qüvvələrinə qarşı həyata keçirdiyi əməliyyatlarına Tehranın dözümlü yanaşmasını istəyir. Bu iki istəyin təmin olunmayacağı halda, daha sərt addımlar atmağa qadir olduğunu çox bariz şəkildə nümayiş etdirir.
İranın "Tövbə günləri"nə cavabının nədən ibarət olacağı məlum deyil. Prezident Məsud Pezeşkian deyib ki, İran İsraillə müharibə istəmir, lakin öz torpaqlarını müdafiə etməyə və "təcavüz"ə cavab verməyə hazırdır. Tehranın belə bir addım atacağı isə hələlik az ehtimal olunur. Çünki İsrail nəyə qadir olduğunu çox açıq şəkildə nümayiş etdirdi. İkincisi də, İrana qarşı sərt mövqeyi ilə fərqlənən Donald Trampın noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkisində qalib gələcəyi artıq istisna edilmir. Tramp Ağ evə sahiblənəcəyi halda İrana qarşı ən sərt qərarı verə bilər. Bir neçə gün öncə Tramp İsraili İranın nüvə obyektlərinə zərbə endirməyə çağırmışdı. Bütün bunlar isə belə qənaət yaradır ki, İran "Tövbə günləri"nin sonuncu əməliyyat olmasına, yeni hücumlara məruz qalmamağa çalışacaq.