525.Az

Gəncliyin yaddaşına həkk olunmalı həqiqətlər - Quba soyqırımı


 

1918-ci İLİN MART-APREL QIRĞINLARINA DAİR FAKTLARI ÖYRƏNMƏK VƏ TƏBLİĞ ETMƏK AZƏRBAYCAN GƏNCLƏRİNİN MÜQƏDDƏS VƏZİFƏLƏRİNDƏN BİRİDİR

Gəncliyin yaddaşına həkk olunmalı həqiqətlər - <b style="color:red"> Quba soyqırımı</b>

Şovinist-işğalçı ermənilər son yüzilliklərdə, xüsusən də 1905-ci ildən başlayaraq Azərbaycan ərazilərini zorla ələ keçirməkdən ötrü açıq və gizlin şəkildə planlar quraraq öz çirkin niyyətlərinə çatmaq üçün çox sayda təcavüzkar addımlar atıblar. Müxtəlif qətillər, talanlar, soyqırım aktları törətmiş, qana susamış azğın ermənilər öz iyrənc əməllərindən əl çəkməyərək xalqımıza qarşı zorakılıq və düşmənçiliyin, qanlı qırğınların miqyasını durmadan genişləndiriblər. Daşnak və bolşevik ermənilərin 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində, Bakı quberniyasına aid bölgələrdə, eləcə də Quba, Şamaxı, Xaçmaz, Lənkəran, Cavad, Salyan, Gəncə, Hacıqabul, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Qars və başqa tarixi ərazilərimizdə xüsusi qəddarlıqla kütləvi qırğınlar törədiblər. O günlərdə xalqımızın başına gətirilən müsibətlər dünya tarixinin ən qanlı səhifələrindəndir. Bunları Azərbaycan gəncliyinin diqqətinə çatdırmaq, sabahımız, gələcəyimiz olan gənclərimizin yaddaşına həkk etmək müqəddəs milli-mənəvi borcdur. Çünki o dəhşətli qırğınlar zamanı 30 mindən artıq Azərbaycan türkü və minlərlə digər azsaylı xalqların nümayəndəsi - ləzgi, talış, yəhudi, rus, avar və digərləri qətlə yetirilmiş, onminlərlə insan öz yurdundan qovulmuşdu. Azərbaycan xalqına məxsus bütün mədəni-tarixi abidələr, o cümlədən, məktəblər, xəstəxanalar, Şamaxı cümə məscidi daxil olmaqla digər dini ocaqlar və başqa tikililər dağıdılaraq yerli-dibli viran edilmişdi. Gənclərimiz bu acı həqiqətləri öyrənməli, bunların bütün dünyada təbliğinə çalışmalı, qatil ermənilərin bütün dünyada lənətlənməsi üçün var qüvvə ilə çalışmalıdırlar.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart-aprel aylarında bolşevik-erməni daşnak dəstələri tərəfindən törədilmiş soyqırım hadisələrinə siyasi-hüquqi qiymət verilməsi işinə başlanılıb. Bu məqsədlə Fövqəladə İstintaq Komissiyası yaradılıb, Xarici İşlər Nazirliyində xüsusi qurum təşkil edilib. Şamaxıda, İrəvan qəzasında, Qubada və sair yerlərdə törədilən soyqırım cinayətləri qismən araşdırılıb. Lakin 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə 1918-ci ilin mart-aprel soyqırımına tutarlı siyasi-hüquqi qiymət verməyə imkan olmadı. 80 ildən sonra müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi 31 mart 2018-ci il soyqırımı məsələsinə siyasi-hüquqi qiymət verilməsini qarşıya məqsəd qoydu. Bu sahədə Ümummilli liderimiz Heydər Əliyev misilsiz siyasi iradə, böyük milli təəssübkeşlik və dahiyanə uzaqgörənlik göstərərək belə bir vacib məsələnin həlli yolunda əsaslı addımlar atdı.

Ulu öndər 1998-ci il martın 26-da "31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi haqqında" Fərman imzaladı. Fərmanda deyilirdi: "Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir".

1998-ci ildən başlayaraq dünyada ümumi sayı 50 milyondan çox olan dünya azərbaycanlıları hər il 31 martı soyqırımı qurbanlarının anım günü kimi qeyd edirlər. Ümummilli liderimiz Heydər Əliyev 31 Mart -Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciətində deyirdi: "Bu gün Azərbaycan öz müstəqilliyinin səkkizinci ilini yaşayır. Müstəqillik dövründə qazandığımız mühüm nailiyyətlərdən biri tariximizin uzun illər gizli saxlanılan, saxtalaşdırılan və təhrif edilən dövr və hadisələrinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etməyimizdir. Belə hadisələrdən biri də dövlətimiz tərəfindən artıq öz siyasi və hüquqi qiymətini almış və bu gün ildönümünü qeyd etdiyimiz azərbaycanlıların soyqırımı günüdür. Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik".

1918-ci ildə cinayətkar erməni-daşnak dəstələri tərəfindən Qubada həyata keçirililən qırğınlar öz miqyasına görə daha geniş olduğu üçün onların nəticələrinə xüsusi diqqət yetirməyə ehtiyac var. 1918-ci ilin aprel-may aylarında terrorçu erməni silahlı dəstələri təkcə Quba qəzasında 167 kəndi soyub talayaraq dağıtmış və həmin kəndlərdə yanğınlar törətmişlər. Qəzanın ərazisində yaşayan dinc əhalidən qadınlar, qocalar, gənclər və uşaqlar daxil olmaqla 16 min nəfərini xüsusi qəddarlıq və işgəncələrlə qətlə yetirmişlər. Quba şəhərində və qəzanın ərazisindəki kənd və qəsəbələrdə qətllər, talanlar və yanğınlar 9 gün davam etmişdi. Yerli əhalinin 121,8 milyon rubl dəyərində xalça, silah və sair kimi qiymətli əşyalardan ibarət əmlakı Qubadan 35 araba ilə Xaçmaz dəmir yolu stansiyasına aparılmış və orada vaqonlara yüklənmişdi. Daşnak quldur dəstələri tərəfindən Quba qəzasında baş vermiş soyqırım hadisəsinin nəticələri 2018-2020-ci illərdə Fövqəladə Tədqiqat Komissiyası tərəfindən 3 cilddə 451 səhifədən ibarət sənədlər toplusunda geniş əks olunub. Quba soyqırımı haqqında "Quba-1918" sənədli film çəkilib və Nizami Kino Mərkəzində onun təqdimatı keçirilib. Azərbaycan gəncliyi xalqımızın üzləşdiyi o qanlı qırğınlardan ətraflı xəbərdar olmaq üçün bu barədə materiallara yaxından tanış olmalıdır.

1 aprel 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə qazıntı işləri aparılarkən kütləvi məzarlıq aşkar edildi. Həmin kütləvi məzarlıq 2018-ci ilin mart-aprel aylarında Azərbaycana qarşı ərazi iddiasında olan erməni millətçiləri tərəfindən törədilmiş dinc minlərlə müsəlman əhalisinə və yəhudilərə qarşı törədilən soyqırımının canlı sübutu idi.

2007-ci ilin iyulundan başlayaraq Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Quba şəhərində 1918-ci ildəki soyqırım hadisəsinə aid edilən kütləvi məzarlıqda tədqiqat işlərinə başlamış və həmin işləri 2008-ci ilin sentyabr ayında yekunlaşdırmışdı. Tədqiqat nəticəsində müəyyən edilmişdi ki, həmin məzarlıq həqiqətən dinc əhaliyə qarşı 1918-ci ilin mart-aprel aylarında törədilmiş qanlı soyqırım hadisələri ilə bağlıdır. Tədqiqatçıların rəyinə görə, məzarlıqda 400-dən artıq cəsəd aşkarlanıb. Onların 100-dən çoxu qadın, 50-dən çoxu isə uşaqdır. Qətlə yetirilənlər arasında yeniyetmələr, gənclər və qocalar da olub.

2009-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı" təsdiq edilib.

Kompleksin tikintisi üçün Quba şəhərində 3,5 hektarlıq ərazi ayrılıb və orada böyük quruculuq işləri aparılıb. Quba Soyqırım Memorial Kompleksdə rəmzi məzarlıq sahəsi yaradılıb. Kompleksə öz unikal orijinallığı ilə seçilən tərtibat verilib. Memorial Kompleksdə soyqırım qurbanlarının xatirəsinə hörmət və ehtiram əlaməti olaraq matəm sükutunu təcəssüm etdirmək məqsədilə heç bir bəzəkdən istifadə edilməyib.

2013-cü ilin 18 sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirakı zamanı söylədiyi çıxışında bildirmişdi: "Deyə bilərəm ki, Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradılır. Kompleksin tərtibatı çox təsirlidir, memarlığı çox böyük rəmzi məna daşıyır. Bir sözlə, burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir. Eyni zamanda, memorial kompleksdə yaradılmış ekspozisiya çox böyük məna daşıyır. Kompleksin girişində Quba qəzasının dinc vaxtları öz əksini tapır. Ailələr, vətəndaşlar dinc həyat sürürlər. Ondan sonra qanlı günlər, dinc əhaliyə qarşı tötədilən vəhşilik əks olunur. Ekspozisiyanın sonunda, hesab edirəm ki, çox düzgün tərtibat nəticəsində, insanlar buradan nikbin əhval-ruhiyyə ilə ayrılır. Çünki Bakının erməni quldur dəstələrindən azad edilməsi elə bil ki, ekspozisiyanın son nöqtəsidir".

Prezident İlham Əliyev çıxışının davamında bir məqamı da vurğulamışdı ki, sovet dövründə tariximiz təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi: "Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi... Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik... Yəni tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır".

2018-ci ilin 18 yanvarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1918-ci il soyqırmının 100 illiyi haqqında Sərəncam imzalayıb. Bu tarixi sənədə deyilir: "Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar edilmişdir. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübut etmişdir".

Qeyd etdiyimiz kimi, Azərbaycan gəncliyi tarixi müsibətlərimizdən, o cümlədən 1 Mart 1918-ci il soyqırımının ağır nəticlərindən düzgün nəticələr çıxarmalıdır. Azərbaycan gerçəklərini beynəlxalq aləmdə tanıtmaq, erməni terrorçularının zaman-zaman, ən çox da XX yüzillikdə xalqımıza qarşı törətdikləri soyqırımı cinayətlərini bütün dünyada ifşa etmək, dünən olduğu kimi, bugünkü və sabahkı gəncliyin də mühüm milli vəzifəsidir.

 





30.10.2024    çap et  çap et