Gürcüstanda keçirilən parlament seçkilərində öz məqsədinə çatmayan Qərb artıq ölkədə qarşıdurma yaratmaq üçün hərəkətə keçib. Seçkilərin şəffaf və demokratik, ən əsası sülh şəraitində keçirilməsi Qərbi ciddi narahat edir. Onlar seçkilərdə pozuntu və qüsur aşkar edə bilməyiblər, hətta müşahidə aparan ATƏT missiyası da ciddi nöqsan tapmayıb. Bununla belə, Qərb dövlətləri açıq şəkildə təhdid və təzyiqə başlayıblar. Onların bəyanatlarında da bu təhdid, şantaj açıq şəkildə özünü göstərir.
Məsələn, ABŞ dövlət katibi Blinken, Avropa İttifaqının rəsmisi Borrel seçkilərdəki “pozuntuları araşdırmağa” çağırıblar. Böyük Britaniya XİN-i də “seçkilərdəki mümkün pozuntuları araşdırmağa” çağırış edib.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib ki, Gürcüstan öz siyasi kursunu dəyişməsə, ölkəni ciddi nəticələr gözləyir.
Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad Gürcüstandakı seçki prosesində “seçicilərə qarşı təzyiq, hədə-qorxu və təhdidlər” olduğunu iddia edir.
Kanada seçkilərin nəticələrinə görə Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir.
Heç bir fakt olmadığı halda, başda ABŞ olmaqla Qərb və ABŞ-ın proksiləri sayılan Estoniya, Litva, Latviya kimi ölkələr xalqın seçiminə kölgə salmaq üçün Gürcüstana qarşı faktiki olaraq hibrid müharibəyə başlayıb. Gürcü xalqı şəffaf şəkildə öz seçimini edib və hakim "Gürcü arzusu" partiyasına növbəti dəfə yüksək səviyyədə etimad göstərib. Qərb isə xalqın seçiminə hörmət etmədən nə yolla olursa-olsun, öz ssenarisini reallaşdırmağa çalışır.
Təbii ki, Qərbin məqsədi Cənubi Qafqazda Ermənistanın ardınca Gürcüstanda da marionet hökumət formalaşdırmaq, ölkəni ekspansiya platformasına, Qərb-Rusiya qarşıdurması məkanına çevirməkdir. Amma bu plan baş tutmadı.
Bundan əvvəl Moldovada seçkilərin nəticələri faktiki olaraq saxtalaşdırıldı, bunun arxasında ABŞ və Fransa dayanırdı. Gürcüstanda amma bu, alınmadı. Gürcü xalqı, azərbaycanlılar da daxil olmaqla buna imkan vermədi.
Burada Azərbaycanın birmənalı dəstəyi də mühüm rol oynadı.
Azərbaycan bir daha Qərbə nümayiş etdirdi ki, Azərbaycanın iradəsi olmadan regionda heç bir layihə baş tutmayacaq. Regionun lideri, söz və nüfuz sahibi məhz Azərbaycandır.
Məlumdur ki, Gürcüstan hakimiyyəti son illər Qərb şəbəkəsini ifşa etmək istiqamətində ciddi addımlar atıb, qanunlar qəbul edib. Gələcəkdə ölkənin taleyini təhlükəyə atmamaq üçün, artıq Gürcüstanda Qərbin əlaltılarının şəbəkəsini tam yığışdırmağın vaxtıdır. Qərbin Gürcüstana yönəlik dağıdıcı planları iflasa uğrayıb. Gürcüstan hakimiyyəti bir qədər gec olsa da, Qərbin əsl niyyətini dərk edərək, onun daha da irəli getməsinə, ölkəni özünün marionetinə çevirməsinə imkan vermədi. İllərdir ki, Qərb Gürcüstanı aldadır, ona verdiyi vədlərin heç birini yerinə yetirməyib. Əvəzində ölkənin öz ərazilərini itirməsinə səbəb olub. Qərbin məqsədi Gürcüstanı ikinci Ukraynaya çevirməkdir. Amma gürcü xalqı öz qətiyyətli iradəsini nümayiş etdirərək buna imkan vermədi.
Mövzunu şərh edən Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, Gürcüstanda keçirilən parlament seçkilərinin nəticəsi ölkə vətəndaşlarının əhəmiyyətli hissəsinin regionda və bölgə ətrafında cərəyan edən proseslərin mahiyyətini dərk etdiklərini nümayiş etdirir: “Səsvermə sübuta yetirdi ki, Gürcüstan seçicilərinin seçkinin taleyini həll edə biləcək çoxluğa malik hissəsi məsələnin hansı partiyanın, yaxud partiyalar blokunun parlament çoxluğunu qazanması ilə bağlı olmadığını, söhbətin dövlətin müstəqilliyindən getdiyini başa düşürlər və onlar vətəndaşı olduqları dövlətin müstəqil inkişafında, sattellitə, vassala çevrilməsində maraqlı deyillər. Bu baxımdan, mənə görə, seçkilərdə sadəcə “Gürcü Arzusu” yox, Gürcüstan vətəndaşlarının, xüsusilə də gürcülərin və azərbaycanlıların qüruru qalib gəlib”.

O qeyd edib ki, bu xüsusda, Gürcüstandakı soydaşlarımızın daim vətəndaşı olduqları dövlətin müstəqilliyinin, suverenliyinin keşiyində dayandıqlarını, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin bölgənin təhlükəsizliyinə, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsinə, inkişafına xidmət edən siyasətini dəstəklədiklərini qeyd etmək istəyir: "Azərbaycanlıların sıx yaşadıqları bütün bölgələrdə hakim “Gürcü Arzusu” partiyasının yüksək səs qazanması, soydaşlarımızın Gürcüstanın müstəqil dövlət kimi inkişafında mühüm komponentlərdən olduğunu bir daha təsdiqləyir. Həmçinin sübuta yetirir ki, azərbaycanlılar Gürcüstanın siyasi arenasında önəmli, bir çox hallarda isə həlledici təsir potensialına malikdir".
Onun sözlərinə görə, seçkilərin nəticələri Qərbin Gürcüstanda yürütdüyü yumşaq müstəmləkəçilik siyasətinə və regiondankənar qüvvələrin bölgədə yaratmaq istədikləri ayırıcı xətləri şaxələndimək niyyətinə ciddi zərbədir: "Dövlətlərə öz geosiyasi maraqlarının istifadə aləti, xalqlara isə “qurbanlıq canlı qüvvə” kimi yanaşan Qərbin Gürcüstanda uzun illərdən bəri gerçəkləşdirmək istədiyi siyasətin yeni təzyiq və təhdid mesajları ilə əhatə olunmuş növbəti həmləsinin iflasa uğraması, təkcə region xalqlarının deyil, bütövlükdə daha geniş bir ərazidə yaşayan on milyonlarla insanın təhlükəsizliyinə, rifahına və azadlığına xidmət edir. Azərbaycanla Gürcüstanın hər iki dövlətin və regionun təhlükəsizliyi naminə nümayiş etdirdikləri birlik, hər iki dövlətin müstəqil inkişaf və milli təhlükəsizlik konsepsiyasından çıxış etməsi, Qərbin bölgədəki vassalı missiyasını yerinə yetirməyə çalışan Ermənistanın siyasi oyunlarının növbəti dəfə məğlubiyyətə düçar olması kimi də qiymətləndirilə bilər. Məhz Azərbaycanın, yalnız milli maraqlara söykənən və nümunə yaradan siyasəti, Gürcüstan vətəndaşlarının əhəmiyyətli hissəsinin və dost ölkənin siyasi hakimiyyətinin bu nümunədən örnək alaraq, nümayiş etdirdiyi mövqe Qərbin bölgədə ikinci cəbhə açmaq, regionu parçalamaq niyyətini qursağında qoydu. Bu baxımdan, Azərbaycan və Gürcüstan dövlətlərinin, eləcə də Azərbaycan və gürcü xalqlarının birliyinin hazırda tarixi əhəmiyyət daşıdığını vurğulaya bilərik".
çap et