Gəncə şəhər İcra Hakimiyyətinin,Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və onun Aqrar Problemlər İnstitutunun birgə təkilatçılığı, ölkənin müxtəlif elmi-tədqiqat ocaqlarının təmsilçilərinin iştirakı ilə qarşıdakı COP29, eləcə də “Yaşıl Dünya naminə Həmrəylik İli”nə həsr edilən “Dövrün qlobal problemləri: iqlim dəyişiklikləri” adlı elmi-praktik konfrans keçirilib.
525.az xəbər verir ki, tədbir AMEA-nın Gəncə Bölməsində baş tutub.
Tədbir öncəsi keçirilən işgüzar görüşdə Bölmənin sədri, akademik Fuad ƏliyevGəncənin bu başlıca elm ocağında keçiriləcək konfransın iştirakçılarını salamlayaraq, müasir dövrümüzün planetar problemlərinin, o cümlədən ölkəmizdə ekologiya, kənd təsərrüfatı, su ehtiyatları, ərzaq təminatı və digər sahələrdə mövcud olan vacib məsələlərin həllinə Azərbaycan alimlərinin də töhfə vermək naminə çalışdıqlarını və respublikamızın müxtəlif bölgələrində çalışan tədqiqatçıların qatıldığı bu konfransın da həmin məqsədlərə xidmət edəcəyinə inandığını bildirib.
Sonra İştirakçılar Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə güllər düzüb, dövlətçiliyimizin memarının əziz xatirəsinə bir daha ehtiram bildiriblər.
AMEA Gəncə Bölməsinin böyük akt salonunun önündə konfransın mözusu üzrə təşkil olunan sərgiyə də baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
“Dövrün qlobal problemləri: iqlim dəyişiklikləri” elmi-praktik konfransın aparıcısı, AR KTN Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər doktoru, professor İbrahim Cəfərov bu elmi tədbirin adına uyğun olaraq, müzakirə olunacaq məsələlərin qlobal miqyasda dünyanı təhdid edən iqlim anomaliyası,ekoloji böhran, eləcə də lokal hərbi konfliktlər səbəbindən təbii resursların, ərzaq təminatının azalması, aqrar istehsalatın kəmiyyət və keyfiyyət tənəzzülü və digər bu kimi məsələlərlə bağlı problemlərin ölkəmizin, onun bölgələrinin həyati məsələlərinə təsirinin minimuma endirilməsi üzrə qarşıda duran vəzifələri əhatə etdiyini bildirib.
Professor İ. Cəfərov vurğulayıb ki, öz dövlət müstəqilliyini bərpa etməklə, Azərbaycan qlobal dünyanın tərkib hissəsinə çevrilib və planetin, beynəlxalq aləmin qarşısnda duran çağırışların bilavasitə ölkəmizə də aidiyyatı var və bu baxımdan, alimlər də ümumbəşəri problemlərin mahiyyətinə dərindən varmaqla, bu məsələlərin həlli istiqamətində səylərini birləşdirməlidir. O, konfransda xüsusən aqrar yönlü elmi-tədqiqat institutlarının rəhbərlərinin iştirak etdiyini vurğulayaraq, bu elmi müəssisələrdə tədqiqatları daha da genişləndirməyə və öz fəaliyyətlərini bir-biriylə koordinasiya etməyə çağırıb.
Aqrar Probelmlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova çıxışında konfransın ölkə prezidentinin cari ili “Yaşıl Dünya naminə Həmrəylik İli” elan etməsinin dövrün qlobal problemlərinə müstəqil dövlət kimi Azərbaycanın həssas yanaşmasının və hər sahədə çalışan vətəndaşlarımızın bu yöndə öz töhfələrini verməsinin təzahürü olduğunu qeyd edib. O, həmçinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə , daha çox COP29 kimi tanınan Konfransının Bakıda keçirilməsinin cənab Prezident İlham Əliyevin tərəqqipərvər siyasəti və fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq nüfuzunun artmasının, o cümlədən dünyanın qlobal problemlərinin həllində dövlətimizin qabaqcıl mövqeyinin tanınmasının, Azərbaycanın gələcəyə yönəlmiş “yaşıl strategiya”sının dəstəkləndiyinin sübutlarından olduğunu vurğulayıb.
Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxış edərək, Gəncənin elm ocaqlarında keçirilən tədbirlərdə yerli hakimiyyət nümayəndələrinin daim həvəs və maraqla iştirak etdiyini vurğulayıb, bu konfransın da yüksək səviyyədə hazırlanmasına görə təşkilatçılara, minnətdarlıq bildirib. O, konfrans iştirakçılarına Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salam və uğur arzularını çatdırıb.
Konfransın açılış ilasında həmçinin Elm və Təhsil, həmçinin Kənd Təsərrüfatı nazirliklərinin elmi-tədqiqat institutlarının, digər dövlət qurumlarının rəhbərləri - Bioresurslar İnstitutunun direktoru, kimya üzrə fəlsəfə doktoru, dosent İmran Qasımov, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Elmar Allahverdiyev, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent İlham Qaraqurbanlı, Əkinçilik İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Faiq Xudayev, Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Vüqar Səlimov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mahir Hacıyev, Aqrar Sığorta Fondunun Qazax-Tovuz Regional Filialının Rəhbəri Valeh Əsədov, Göygöl Milli Parkının direktoru Fuad Quliyev, Şəki Regional Elmi Mərkəzinin şöbə müduri, biologiya üzrə fəlsəfə doktoru, dosent Qüdrət Bəkirov və Gəncə Nəbatat bağının şöbə müdiri,biologiya elmləri doktoru, professor Aynur Bayramova çıxış ediblər.
İki günlük konfransda “İşğaldan azad olunmuş ərazilərin su ehtiyatları və ondan istifadə potensialı”, “Qlobal iqlim dəyişikliklərinin istixanalarda becərmə proseslərinə təsiri”, “İqlim dəyişmələri və onların çay axımına təsiri”, “Azərbaycan əhalisində qocalma prosesinin bioloji və sosial aspektlərinin tədqiqi və sağlam yaşlanma strategiyalarınn inkişafı”, “İqlim dəyişikliklərinin ətraf mühitə və insan sağlamlığına təsiri”, “Deqradasiyaya uğramış torpaqların keyfiyyətinin ekoloji normallaşdırılması və bərpa edilməsi yolları” və digər maraqlı mövzuları əhatə edən məruzələr dinlənilib. Konfransın beş istiqaməti üzrə ümumən 72 elmi material təqdim edilib.
Zakir Muradov, Gəıncə