Son zamanlar pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin bəzi hallarda POS-terminal deyil, kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirildiyi müşahidə olunur. Pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları ilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulmasıdır. Belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da gələcəkdə istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır.
Dövlət Vergi Xidmətindən bildirilib ki, nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı, nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, "Elektron ticarət haqqında" qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Eyni zamanda, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyənləşdirilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib. Dəfələrlə edilmiş xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq, qeyd olunan qanuna zidd hallar hələ də davam etdiyi üçün bu istiqamətdə vergi nəzarəti tədbirləri gücləndirilib: "Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyaları tətbiq olunur".
Bununla əlaqədar sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur. Eyni zamanda, Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır.
İqtisadçı ekspert Xalid Kərimlinin dediyinə görə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi istehlakçıların hüquqlarının pozulmasıdır: "Belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur ki, bu da gələcəkdə istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır. Eyni zamanda, belə hallar istehlakçıların "ƏDV geri al" hüququndan məhrum olması ilə nəticələnir. Bu qanun pozuntusu vergidənyayınma məqsədi daşıyır və belə əməliyyatlara yol verən vergi ödəyicilərinə vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər. Adıçəkilən qanun istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin hüquqi əsaslarını və mexanizmini müəyyənləşdirir".
Ekspert qeyd edib ki, kartdan karta tövsiyə olunmayan ödəniş üsuludur: "Çünki bir çox hallarda kartdan karta pul köçürmələri zamanı problemlər yaranır. Bəzən hesab nömrəsində müəyyən rəqəm səhvləri olur, yaxud bir hesabdan pul çıxır digər hesaba oturmur. Bütün bu səbəblərdən mübahisələr yaranır. Buna görə, istehlakçılar kartdan karta ödəniş üsulundan mütləq qaydada çəkinməlidir, hətta nağd şəkildə ödəsələr belə, kartdan karta ödəniş üsulundan istifadə etməsinlər".
Onun dediyinə görə, biznes subyektləri yoxlamalardan ehtiyat etdikləri üçün kassa aparatlarında kassa çeklərini qeydiyyatdan keçirirlər: "Sadəcə nağd ödənişə üstünlük vermələrinin səbəbi ondan ibarətdir ki, nağd ödəniş zamanı müəyyən müddətdən sonra əməliyyatı ləğv edib, hər hansı vergi yoxlaması zamanı müəyyən bəhanələr səsləndirirlər. Məsələn, müştəri malı geri qaytardı, bəyənmədi və s. Bu cür bəhanələrlə vergi ödənişindən yayınmağa və dövriyyələrini az göstərməyə çalışırlar. Ödəniş POS-terminal vasitəsilə edildikdə biznes subyektinin əməliyyatı ləğv etmək kimi bir fürsəti olmur".
İqtisadçı ekspert Fuad İbrahimovun fikrincə, kartdan karta köçürmələrə qoyulan məhdudiyyətlər iki məqsədə, vergidən yayınmaq və bank aktivindəki vəsaitlərin faiz gəlmədən digər dövriyyəyə keçməsinin qarşısını almağa xidmət edə bilər: "Hazırda "Card to card" addımları ilə çoxlu sayda vergidən yayınma prosesi gedir. İnsanlar kartla ödəniş, müəyyən bonus, keşbek qazanır. Qarşı tərəf isə vergidən yayınma məqsədilə həmin variantdan istifadə edir. Digər tərəfdən, bank "Card to card" edib, faiz götürmürsə, bankın aktivindəki vəsaitlərin digər dövriyyəyə keçməsi baş verir. Belə vəziyyət isə banklara sərf etmir. Ona görə də bir sıra banklar kartdan karta köçürmələrə məhdudiyyətlər tətbiq edir".
Sevinc QARAYEVA