Noyabrın 5-də keçiriləcək prezident seçkilərindən sonra formalaşacaq yeni Vaşinqton administrasiyası cəmiyyətin təzyiqi səbəbindən Ukraynaya yardımın həcmini azaltmaq məcburiyyətində qalacaq.
525.az xəbər verir ki, bu fikri publisist Kristofer Kalduell Britaniyanın həftəlik “The Spectator” jurnalı üçün yazdığı məqalədə qeyd edib.
“Seçkidə Tramp və ya Harrisin qalib gəlməsindən asılı olmayaraq, yeni prezident ABŞ-ın Ukraynadakı münaqişədə iştirakını azaltmaq üçün daxili təzyiqlərə müqavimət göstərə bilməyəcək”, - deyə o yazıb.
Xüsusilə, Kalduell qeyd edib ki, Harris sentyabrdan etibarən çıxışlarında Ukrayna münaqişəsini demək olar ki xatırlatmır. Çünki sorğular seçicilərin bu mövzuya marağının az olduğunu göstərir. Halbuki Trampın Ukrayna məsələsində mövqeyi ABŞ əhalisi arasında daha populyardır.
Kristofer Kalduell xatırladıb ki, Respublikaçılar Partiyasının bir çox nümayəndələri Ukraynada genişmiqyaslı korrupsiya hallarının və ABŞ-da, ilk növbədə Meksika ilə sərhəddə artan problemlər fonunda Kiyevə əlavə vəsaitin ayrılmasına heç də müsbət yanaşmırlar.
Publisist fikrini belə yekunlaşdırıb ki, hazırkı prezident Co Baydenin xarici siyasəti əslində ideoloji fanatizmlə yadda qalan Corc Buşun hərəkətlərinə bənzəyir.
İbrahim Cəfərov
çap et