Qlobal istiləşmə və əsas istixana qazlarının konsentrasiyasının artması səbəbindən buzlaqların əriməsi dünyanı potensial fəlakətli nəticələrlə üz-üzə qoyub. Bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) hesabatında bildirilir. Məlumata görə, istixana qazlarının emissiyası yeni maksimuma qədər kəskin şəkildə artıb. Bu da xüsusilə COP29 ərəfəsində təcili tədbirlərin vacibliyini bir daha vurğulayır.
ÜMT-nin baş katibinin müavini Ko Barrett öz növbəsində bildirib ki, karbon qazı (CO2) - metan və azot oksidi ilə yanaşı, üç əsas istixana qazından biri - indi atmosferdə heç vaxt olmadığı qədər sürətlə toplanır.
ÜMT-nin 2024-cü il üçün istixana qazları üzrə hesabatı CO2 səviyyəsinin artımının yavaşıdılmalı olduğuna dair ciddi elmi xatırlatmadır. 2004-cü ildə atmosferdə karbon qazının konsentrasiyası milyonda 377,1 hissə (ppm) təşkil edib, 2023-cü ildə isə ÜMT-nin Qlobal Atmosfer Monitorinqi Şəbəkəsinin məlumatına görə, 420 ppm-ə çatıb. "Bu, cəmi 20 il ərzində milyonda 42,9 hissə və ya 11,4 faiz artım deməkdir", - K.Barrett izah edib.
Onun sözlərinə görə, məlumatlar göstərir ki, təbii iqlim dəyişkənliyi karbon dövranında böyük rol oynayır: "Lakin yaxın gələcəkdə iqlim dəyişikliyi özü ekosistemlərin istixana qazlarının daha böyük mənbəyinə çevrilməsinə səbəb ola bilər".
Qeyd edək ki, bu günlərdə BMT Baş katibi Antoniu Quterreş COP29-dan gözləntilərini açıqlayıb. O bildirib ki, BMT-nin qarşıdan gələn iqlim konfransı - COP29 tərəqqiyə iki yolla təkan verməlidir. COP29-da ilk olaraq gələn ilə qədər ölkələr üçün yeni milli iqlim fəaliyyət planları təqdim edilməlidir: "Hökumətlər bu planları 1,5 dərəcə ilə uyğunlaşdırmağa razılaşıblar. Bu o deməkdir ki, onlar bütün istixana qazları emissiyalarını azaltmalı və bu, bütün iqtisadiyyatı əhatə etməlidir - bütün sektorlarda irəliləyişə təkan verilməlidir. Digər bir məsələ budur ki, COP29-da iqlim maliyyə məsələsi ön planda olacaq. İnkişaf etməkdə olan ölkələr təmiz enerjiyə keçidi sürətləndirmək və qlobal istiləşmə ilə mübarizə aparmaq üçün dəstəklərini yüksəltməlidirlər".
Baş katib əlavə edib ki, COP29-da ehtiyac duyulan maliyyə vəsaiti, qarşıya qoyulan məqsəd və iqlim maliyyəsinin əldə edilməsi üçün əminlik təmin olunmalıdır: "COP29-un nəticəsi həm də borcların azaldılması, çoxtərəfli inkişaf banklarının daha böyük və daha cəsarətli hala gətirilməsi üçün islahatlara yönəlmiş tədbirləri təşviq edən konkret mesajlar göndərməlidir".
Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov bildirib ki, dünyada istixana qazlarının təxminən 70 faizi energetika sektoruna, 20 faizi isə kənd təsərrüfatına aiddir. "Kənd təsərrüfatı, əslində, enerji sektorundan sonra ikinci ən əhəmiyyətli istixana qazı mənbəyidir. Kənd təsərrüfatını daha da vacib edən isə, hər şeyin onun necə müəyyən edilməsindən asılı olmasıdır". Elnur Soltanov meşələrin və torpaqların böyük miqdarda istixana qazlarını udduğunu qeyd edərək, bu ərazilərin çox dəyərli olduğunu və buna görə də insanların kənd təsərrüfatı bacarıqlarını yaxşı mənimsəməli olduqlarını bildirib: "Bu, istixana qazlarının azaldılması baxımından çox vacibdir. Eyni zamanda, biz, əksər hallarda, Azərbaycanın da daxil olduğu bir çox iqtisadiyyatlardakı fermerləri müdafiə etməliyik, çünki onlar adətən iqlim təsirlərinə daha həssasdırlar. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə".
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, dünya üzrə qlobal orta temperatur son illər sənayedən əvvəlki səviyyədən 1,2 dərəcə yüksək olub. Sənaye inqilabından sonra istixana qazlarının miqdarı əhəmiyyətli dərəcədə artıb. Bu da bütün dünyada iqlim dəyişikliyinə səbəb olub. IPCC AR6-nın ən son elmi məlumatları göstərir ki, bütün ölkələr tərəfindən emissiyaların daha təcili və sürətli azaldılması tələb olunur.
İqlim dəyişikliyinin isə bir çox fəsadları ortaya çıxıb. Bu dəyişiklik bir çox sahələrdən təsirsiz ötüşməyib: "İqlim dəyişiklikləri çox sayda təbii fəsadlara səbəb olub. Bu dövrdə temperatur artıb, quraqlıq və meşə yanğınları, daşqınlar, dəniz səviyyəsinin qalxması və sahil əraziləri basması, bəzi yerlərdə geri çəkilməsi, biomüxtəlifliyin dəyişməsi, bəzi torpaqların istifadəyə yararsızlığı, daxili su ehtiyatının azalması kimi təbiət hadisələri baş verib. İqlim dəyişiklikləri həm də sosial fəsadlara da səbəb olur. İnsanların sağlamlığına, məşğulluğuna, təhsil sahəsinə də ziyanlar vurur. İqlim dəyişikliyi xüsusi ilə həssas əhali təbəqəsi üçün daha təhlükəlidir. Bundan əlavə, biznes sahəsində də müəyyən problemlər yaranır. Demək olar ki, bir çox biznes sahələri bu dəyişiklikdən ziyan görür. Baş vermiş təbii hadisələr nəticəsində şəhər və rayonlarda olan infrastruktur və binalar zədələnir. Kənd və meşə təsərrüfatı, turizm sahələri ziyan görür. Hətta sığorta sahəsində də mövcud olan problemlərdən yaranan kəskin sığorta artımı baş verir. Bəzi sığorta şirkətləri də bununla da müflis olur. Biznes strukturları üçün də müəyyən ortaq problemlər yaranır".
Bildirilib ki, iqlim dəyişikliyi günümüzün vacib çağırışıdır. Dəniz səviyyəsi dəyişir. Biz bunu Xəzərin timsalında görə bilərik. Bunlar hamısı istixana qazlarının təsiri ilə yaranır: "Biz bu hadisələrin proqnozunu və monitorinqini təşkil edirik. Gələcəkdə nə ilə üzləşə biləcəyimizi müəyyənləşdirməyimiz vacibdir".
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sədri Orxan Nəzərli qeyd edib ki, Azərbaycan iqtisadiyyatı üçün neft-qaz sektoru ənənəvi sahə olsa da, son zamanlar bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır: "Ölkəmizin bərpaolunan enerji mənbələrindən istifadəyə dair gündəmində iddialı hədəflər yer alır. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq "yüksək keyfiyyətli ekoloji mühit" və "yaşıl enerji" milli inkişaf prioritetləri olaraq seçilib, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda "Təmiz ətraf mühit" və "yaşıl artım ölkəsi" üzrə strateji çərçivə müəyyənləşdirilib. "Yaşıl enerji" növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycanda elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılması nəzərdə tutulur. 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının emissiyasını 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaltmaq da hədəflərimizdəndir. Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla sözügedən ərazilər "yaşıl enerji" zonası kimi müəyyən edilib. Ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Məqsəd iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələri artırmaqdır".
Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib ki, şirkət tərəfindən istixana qazları emissiyalarının azaldılması istiqamətində mühüm işlər həyata keçirilir. SOCAR öz istehsal fəaliyyəti nəticəsində atmosferə buraxılan istixana effekti yaradan qazların könüllü olaraq azaldılması üçün məqsədyönlü fəaliyyət göstərməkdədir. Bu fəaliyyət həm SOCAR-ın sosial öhdəliyi, həm də beynəlxalq səviyyəli şirkət olaraq ətraf mühit məsələlərinə verdiyi önəmin göstəricisidir. Neft-qaz əməliyyatları zamanı formalaşan istilik effekti yaradan qazların inventarlaşdırılması üçün BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (Intergovernmental Panel on Climate Change - IPCC) metodoloji sənədlərinə istinad edilməklə, "Stasionar mənbələrdə yandırma prosesində istilik effekti yaradan qazların hesablanması Metodikası" hazırlanıb. Qeyd olunan metodika müvafiq dövlət orqanları və Nazirlər Kabineti ilə razılaşdırılmaqla, SOCAR tərəfindən təsdiq edilib. Bu metodikadan istifadə etməklə, SOCAR-ın birbaşa strukturuna daxil olan müəssisələr, şirkətin iştirak etdiyi layihələr, habelə elektrik enerjisi təchizatı və xidmət sektorunu əhatə etməklə istixana effekti yaradan qazların həcminin hesablanması mümkündür. Hazırda bu metodikanın daha da təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üzərində iş aparılır. SOCAR qlobal istiləşmədə əsas rol oynayan metan emissiyalarının azaldılmasını daim diqqətdə saxlayır. Bu istiqamətdə fəaliyyətin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması məqsədilə SOCAR "MGP" təşəbbüsünün üzvüdür. "MGP" hasilatdan istehlaka qədər neft-qaz əməliyyatlarının bütün dəyər zənciri boyunca metan emissiyalarının azaldılması üzrə əsas prioritetləri müəyyən edən qlobal nüfuzlu təsisatdır. Təşəbbüs çərçivəsində üzv şirkətlər tərəfindən metan emissiyalarının azaldılması sahəsində yeni metodologiya və prosedurların hazırlanması, müasir texnologiyaların tətbiqi, emissiyalara dair hesabatvermə, həmçinin bu istiqamətdə əldə olunan qabaqcıl təcrübələrin bölüşülməsi kimi fəaliyyətlər həyata keçirilir. SOCAR illik olaraq "MGP"nin sorğu formalarına uyğun metan emissiyaları haqqında məlumatları təşkilata təqdim edir. Bundan əlavə, Dövlət Neft Şirkəti BP ilə birlikdə Azərbaycanda qabaqcıl sənaye liderləri kimi "MGP" çərçivəsində Qlobal Metanın Azaldılması (Advancing Global Methane Reduction - AGMR) təşəbbüsünü icra edir. Təşəbbüsün əsas məqsədi BP və SOCAR tərəfindən Azərbaycanda fəaliyyət göstərən neft-qaz operatorları üçün metan emissiyalarının ölçülməsi, azaldılması fəaliyyətlərinin təşviq edilməsi, bu sahədə hesabatlılığın təmin olunması, bilik və bacarıqların təkmilləşdirilməsi, habelə mövcud ən yaxşı texnologiyaların tətbiqini dəstəkləməkdən ibarətdir.
Sevinc QARAYEVA