|
|
|
|
Qulu Məhərrəmlini əvvəl uzaqdan-uzağa, televiziya ekranlarından tanımışam. Az qala, gözümü açandan onu AzTV-də veriliş aparan görmüşdüm. Sonra tale elə gətirdi ki, 1998-ci ilin yayında Amerika Birləşmiş Ştatlarının media mühiti ilə tanış olmaq üçün Azərbaycanı təmsil edən jurnalist qrupunun tərkibində Qulu müəllimlə bu ölkəyə səfərə gedəsi olduq. Deyir, adamı yolda, səfərdə tanıyarlar – o mənada ki, insanı həqiqətən tanımaq üçün onunla yol yoldaşl olmaq kifayət edir.
Səfərlərdə çox olmuşam, amma Qulu müəllim kimi yol yoldaşı rastıma çox az çıxıb. Mübaliğəsiz, onun kimi rahat, ünsiyyətcil müsahib tapmaq çətindir. Kəşf olunmuş yeni qitədə - Amerikada Qulu müəllimi insan, yol yoldaşı, dost, jurnalist, alim, politoloq kimi, sözün əsl mənasında, mən də yenidən kəşf etmişdim.
Ünsiyyətcildir, pozitivdir, enerjilidir - onunla darıxmaq mümkün deyil. Hər şeyin yerini bilən, məlumatlı, intuisiyalı, açıq dünyagörüşlü, həqiqət hesab etdiyi fikirləri deməkdən çəkinməyən, tərifin də, tənqidin də sərhədlərini dəqiq bilən insandır. Çərçivələrə sığmır, özü üçün bir çərçivə müəyyənləşdirib və daxilindən gələn sərt intizamla bu prinsiplərə bütünlüklə əməl edir. Amerikada səfərdə olanda müşahidə etmişdim, hər gün, xüsusən axşamlar piyada gəzir, yatmazdan qabaq alma yeyir, sutkada ən azı iki saat radiomuzun tarixi və problemləri ilə bağlı yazdığı “Radio dalğalarında” kitabı üzərində işləyirdi. Bu yandan da səfərin zəngin, yüklü qrafikini pozmur, yorulmur, getdiyimiz şəhərlərdə fərqli adamlarla görüşlərindən qalmırdı. Ən başlıcası, Qulu müəllim bunların hamısının öhdəsindən gəlməyi bacarırdı.
Deyəsən, elə həmin Amerika səfərindəcə onu kiçik qrupumuza “Ağsaqqal”, “Rəhbər” seçmişdik və bu seçim imkan verirdi ki, sonralar - hətta ən fərqli görüşlərdə belə - “Ağsaqqal, buyur” deyib Qulu müəllimi qabağa verək...
Çox keçmədi, jurnalist cameəsində, xüsusən, yaxın dostlar arasında Qulu müəllimin “Rəhbər”, “Ağsaqqal” adı məşhurlaşdı. Hələ elmlər doktoru, professor adı almazdan biz onun “Ağsaqqal” titulunu legitimləşdirmişdik.
Qulu müəllimlə sonralar da bir çox səfərlərdə yoldaşlıq etmişik və bu səfərlərdə də yaddaqalan, unudulmayacaq xeyli hadisələr var: onunla Küveytdə, Türkiyənin müxtəlif əyalətlərində dəfələrlə birlikdə olmuşuq. Ərəbistanın istisini, Qarsın qarını görmüşük, amma o, heç zaman öz qrafikinə xilaf çıxmayıb - yazmağına da, gəzməyinə də, hətta meyvə yeməyinə də. Ən müxtəlif auditoriyalarda onu müşahidə eləmək imkanım olub - hər dəfə “Ağsaqqal”ın ciddiyyətinin, şuxluğunun həmişə qədərində və əndazəsində olduğunu görmüşəm.
Amerika səfərimizin ilk günlərdən məndə bir əminlik yaranmışdı - ən fərqli adamlarla ünsiyyət qurmaq, ən müxtəlif mövzularda danışmaq Qulu müəllim üçün qətiyyən çətin olmayacaq. Yanılmadım: “Nyu-York tayms” qəzetinin siyasi icmalçılarının suallarını cavablandıranda da, “FOX” televiziyasının prodüserləri ilə müasir TV-nin problemləri barədə polemikalarda da, Dövlət Departamentində Azərbaycanın xarici siyasətindən bəhs edəndə də, Söz Azadlığını Müdafiə komitəsində mətbuatımızın gerçək mənzərəsindən danışanda da, Qocalar evinin ahıl sakinlərini maraqlandıran ən qəribə suallara hövsələ ilə aydınlıq gətirəndə də, böyük qarğıdalı sahəsini gəzib fermerlə həmsöhbət olanda da Qulu Məhərrəmli təcrübəsi, zəngin bilgisi və məlumat əhatəliliyi sayəsində tərəf müqabillərinin diqqətini üzərində cəmləşdirməyi məharətlə bacarırdı. Onu kənardan seyr etdikcə mətbuatımızda belə səviyyəli, yetkin, sanballı bir insanın varlığı qəlbən məmnunluq və rahatlıq yaradırdı.
1998-ci ildən başlayan münasibətimiz, dostluğumuz, odur-budur, bugünəcən davam edir. Okeanın o tayında - Amerikada 23 gün səhərdən axşamacan bir yerdə olmaq bəlkə də, vətəndəki neçə illik birliyi, neçə illik ünsiyyəti, söhbətləri əvəz eləmişdi. Amerikaya yoldaş, həmkar kimi getdiyimiz səfərdən min ilin dostu kimi qayıtmışdıq. Və əmin idim ki, bu dostluq ömürlükdür...
İndi fikir verib görürəm ki, Qulu müəllimin xarakteri, insani keyfiyyətləri, jurnalistikamızdakı rolu barədə fikirlərim ildən-ilə dərinləşir, cilalanır, yaş üstünə yaş gəldikcə onunla bağlı qənaətlərim daha da möhkəmlənir. Qulu müəllim dinamikliyi, çevikliyi hadisələrə obyektiv münasibəti ilə həmişə seçilib. Bu gün mən Qulu müəllimi ən müxtəlif tədbirlərdə görəndə, digər müsbət təəssüratlarımla bərabər, onun bu qədər tədbirlərdə iştiraka necə vaxt çatdıra bildiyinə də təəccüblənirəm.
...1999-cu ildə Bakı Mətbuat Klubunda (“Press-klub”) Qulu müəllimin 45 yaşını xudmani bir məclislə qeyd etməyimizi xatırlayıram. O vaxt mənə bu 45 yaş elə uzaq gəlirdi ki... Məndən 10 yaş böyük olan Qulu müəllimin nikbinliyi, şuxluğu və enerjisi həmişə pozitiv impulslar verir. O mənim üçün nikbinlik və şuxluq nümunəsidir. Yadımdadır, elə həmin il - 1999-cu ildə Qazaxa seminara gedirdik, yolboyu 55 yaşlı “Ağsaqqal”ın sürücülük səriştəsini, çevikliyini, iti yumorunu müşahidə etdikcə özümün 10 il sonrakı halımı düşünüb xeyli nikbinləşirdim. Onun pozitivliyi qarşıdan gələn yaşların vahiməsini silib aparırdı. O, son dərəcə ciddi auditoriyalarda da, Damcılı bulaqda açıq havada keçirilən sərbəst tədbirlərdə də, rahat danışa bildiyi “dost məclis”lərində də ovqatını mühitə uyğulaşdıra bilir, ətrafındakıları darıxmağa qoymurdu.
Bir neçə il sonra - Qulu müəllimin 50 illik yubileyində “Ustad jurnalist” adlı belə bir təbrik yazmışdım: “Okeanın o tayına səfər zamanı mən təkcə ABŞ-ı yox, həm də ustad jurnalist Qulu Məhərrəmlini kəşf etdim. Həmin səfər mənə həm ABŞ demokratiyasını, bu ölkədəki qeyri-adilikləri, həm də Qulu Məhərrəmli kimi bir şəxsiyyəti, insanı və jurnalisti yaxından tanımaq imkanı verdi. Qulu Məhərrəmli ilə birgə sonralar da səfərdə olmuşuq, bir yerdə Kiprə, Gürcüstana və başqa ölkələrə getmişik. Həmin səfərlər zamanı müxtəlif müzakirələrdə Qulu müəllimin sanballı, ölçülü-biçili çıxışlarının, məqamında atdığı atmacaların, verdiyi məntiqli cavabların çox şahidi olmuşam. Qulu müəllim hər cəhətdən etibar ediləsi insandır. Onun elə müsbət keyfiyyətləri var ki, indiki dövrdə belə keyfiyyətlərə çox az-az adamlarda rast gəlmək olur. Bu mənada Qulu müəllim onu tanıyanlar üçün qənimət adamdır...”
Qulu Məhərrəmlinin ustad müəllimlərimizə, ağsaqqallara, keçmişimizə sayğısı məni həmişə təsirləndirib, düşündürüb. Həyatda ona yaxşılığı dəymiş bir kimsəni, xüsusilə müəllimlərini heç zaman unutmur. Düşünürəm ki, Qulu müəllim bu mənada da özündən sonrakı nəslə nümunədir. Onun ustadımız professor Şirməmməd Hüseynovla münasibətləri xüsusilə yadımdadır. Xatırlayıram ki, Şirməmməd Hüseynovla birlikdə getdiyi tədbirlərdə cavan həmkarı kimi onu necə diqqətdə saxlayır və qayğısına qalırdı.
Qulu müəllim dəyərlərə həssas yanaşan, ehtiram göstərən adamdır, dostluqda etibarlıdır. Dost məclislərində onun Xalq şairi Ramiz Rövşənlə, akademik Rafiq Əliyevlə səmimi, dost münasibətləri həmişə diqqətimi çəkib. Eyni zamanda, o, Elçin Şıxlı, Arif Əliyev, Rafiq İsmayılovla bir yerdə olduqları məclislərdə də özünəməxsus və orijinaldır. Ədəbiyyat, mədəniyyət, mətbuatla bağlı məsələlərdə isə onun öz yeri, öz sanbalı, öz çəkisi var.
Qulu müəllim bir çox məziyyətləri ilə bir örnəkdir. O, jurnalistika sahəsində yeni texnologiyalarla bağlı bəzən elə fikirlər səsləndirir ki, belə fərqli, kreativ yanaşmanı heç bir çox gənclərdə də görmək olmur. Beyni itidir, mütəhərrikdir - hadisələrə innovativ yanaşır, obyektiv və zamanına uyğun münasibət bildirir.
Qulu Məhərrəmli mediamızla, dilimizin qorunmasıyla bağlı araşdırmalarını, bu gün də davam elətdirir, yenə də hərəkətli, dinamik və işgüzardır. O həm də yaxşı pedaqoqdur, tələbələrin sevimlisidir. Tələbələri ona ehtiram da göstərirlər, ərk də edirlər. Hərdən hansısa uyğun olmayan verilişə çıxanda, yaxud xoşlamadıqları adamların çevrəsində görəndə hətta istəkli müəllimlərini qınayırlar da. Təbii ki, tələbələrin belə demokratik, səmimi və ərkyana tövrü Qulu müəlliminin pozitiv ruhi enerjisindən qaynaqlanır.
Sözün açığı, heç inanmaq olmur ki, Qulu Məhərrəmli 70 yaşını tamamlayır. 20 il əvvəl, hələ 50 illik yubileyi ərəfəsində onun haqqında yazdığım yazının hər bir cümlənin altına bu gün də imza atmağa hazıram. O yazıda qeyd etmişdim ki, Qulu Məhərrəmliyə bu yaşı vermək çox çətindir, çünki ruhən çox cavandır. Sevinirəm ki, bu fikirlərim Qulu müəllimin 70 yaşı ərəfəsində də öz qüvvəsində qalır. Bütün varlığı, xarakteri və həyata bağlılığı ilə mən Qulu müəllimi indi də cavan oğlan hesab edirəm. Düşünürəm ki, o, indi - 70 yaşında da əvvəki kimi gənc, fəal, yeni ideyalarla zəngindir. Peşəkar jurnalist, televiziya tənqidçisi, publisist, filologiya elmləri doktoru, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının professoru Qulu Məhərrəmli 70 yaşına dopdolu bir ömür yaşayaraq gəlib çıxıb. Bu illər ərzində o, Azərbaycanın teleefir məkanında “7 gün”, “Təfsilat”, “Səhər”, “Dost məclisi”, “Gündəm”, “Mətbuat aynasında” kimi baxımlı layihələrin baş redaktoru, müəllifi, aparıcısı olub. 30-dan çox kitabın, o cümlədən bir neçə monoqrafiya, populyar dərslik və dərs vəsaitlərinin, izahlı lüğətlərin, həmçinin müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifi, AZLEKS elektron lüğətlər toplusunun baş redaktorudur və bunların hamısı bol enerjinin, yüksək əzmkarlığın nəticəsidir. Arzum budur ki, Azərbaycan jurnalistikası Qulu müəllimin bu enerjisindən bundan sonra da bəhrələnsin, onun zəngin təcrübəsindən öyrənsin.
Əziz dostumuzu, hörmətli həmkarımızı, yeni nəsil jurnalistlərin müəllimini 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, inanıram ki, Qulu müəllim öz işgüzar fəaliyyəti ilə bundan sonra da uzun illər doğma dilimizə və mətbuatımıza öz töhfələrini verəcək.