|
|
|
|
AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair və mütəfəkkir Məhəmməd Füzulinin 530 illiyi münasibətilə elmi konfrans və “Böyük Azərbaycan şairi Məhəmməd Füzuli” adlı məqalələr toplusunun təqdimatı keçirilib.
525.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2024-cü il tarixli “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə baş tutan konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev giriş sözü söyləyib.
Çıxışı zamanı İsmayıl Hacıyev Füzuli yaradıcılığının dərin məzmunundan, şairin fəlsəfi dünyasından söz açıb. Orta əsr ədəbiyyatımızda “Leyli və Məcnun” kimi şah əsər yaradan M.Füzulinin fəlsəfi baxışlarında ilahi eşq məfhumunun təzahürünə, Azərbaycan ədəbi-bədii fikrinin inkişafındakı roluna nəzər salıb.
Natiq Prezident İlham Əliyevin Məhəmməd Füzulinin 530 illiyi münasibətilə imzaladığı sərəncamı Füzuli irsinə verilən dəyərin təzahürü kimi qiymətləndirib. Alim bildirib ki, həmin sərəncama uyğun olaraq AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərfindən “Böyük Azərbaycan şairi Məhəmməd Füzuli” adlı məqalələr toplusu çapdan çıxıb.
Konfrans öz işinə Füzuli yaradıcılığı ilə bağlı məruzələrin təqdimatı ilə davam edib.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nuray Əliyeva “Azərbaycan ədəbi dilinin inkişafı tarixində Məhəmməd Füzulinin yeri və rolu”, həmin institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Məhəmməd Füzuli irsinin tədqiqi tarixindən”, AMEA Naxçıvan Bölməsi Aparatının Beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanova “Şərq ədəbiyyatında məqtəl janrında yazılan şah əsər” və institutun elmi işçisi Şəmsiyyə Zalova “Məhəmməd Füzuli mövzuları təsviri sənətdə” mövzusunda məruzə ediblər.
Filologiya elmləri doktoru Nuray Əliyeva XVI əsr anadilli poeziyamızın mükəmməl nümunələrini yaratmış qüdrətli söz ustadının Azərbaycan, fars və ərəb dillərində qələmə aldığı qəzəl, qəsidə, qitə və başqa janrlardakı əsərlərindən bəhs edib. M.Füzulinin xalq dilinin incəliklərini ədəbiyyata gətirməsindən, onun aforizmləşmiş fikirlərindən, daşıdığı dərin məna yükündən söz açıb.
Konfransda məruzə edən AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev dövrünün ən məşhur şairlərindən olan M.Füzulinin türkdilli ədəbiyyatda və dünya ədəbiyyatındakı müstəsna yerindən, Füzuli ədəbi məktəbinin formalaşdırdığı istedadlı ardıcıllarından danışıb. Hələ XVI əsrdə qələmə alınmış bəzi təzkirələrdə M.Füzulidən bəhs olunduğunu qeyd edən alim bildirib ki, Füzuli yaradıcılığı xüsusilə XX əsr Azərbaycan ədəbiyyatşünasları tərəfindən geniş şəkildə öyrənilmişdir. Bu gün də Füzuli yaradıcılığı ilə bağlı tədqiqatların aparıldığını qeyd edən professor rəhbəri olduğu İncəsənət, Dil və Ədəbiyyat İnstitutu əməkdaşlarının yenicə nəşrdən çıxmış “Böyük Azərbaycan şairi Məhəmməd Füzuli” məqalələr toplusunu ictimaiyyətə təqdim edib, əsərlə bağlı dinləyicilərə məlumat verib.
Filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanova konfransdakı məruzəsində dahi şairin məqtəl janrında qələmə aldığı “Hədiqətüs-süəda” əsərinin süjet xətti, quruluşu, dil-üslub və sənətkarlıq xüsusiyyətlərini geniş təhlil edib. Sözügedən əsəri şairin poetik qüdrətinin əksi kimi səciyyələndirib.
Konfransda məruzə edən elmi işçi Şəmsiyyə Zalova M.Füzulinin günümüzədək ucaldılan abidələri, T.Nərimanbəyov, S.Bəhlulzadə və M.Abdullayevin şairin yaradıcılığından ilhamlanaraq çəkdikləri rəsm əsərləri barədə ətraflı məlumat verib, onları ifadə etdikləri məna çaları baxımından təhlil edib.
Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.