|
|
|
|
Bu gün Bakıda Türkiyə Milli Pediatriya Dərnəyinin və Azərbaycan Pediatriya Cəmiyyətinin birgə konfransı keçirilib.
525.az xəbər verir ki, konfransda iki ölkənin pediatriya sahəsi üzrə mütəxəssisləri iştirak ediblər.
Türkiyə Milli Pediatriya Dərnəyinin rəhbəri Prof. Dr. Yıldız Camcıoğlu açılış nitqində deyib ki, dərnək qurulduğu 1958-ci ildən bu yana ancaq irəli getməyi, inkişaf etməyi hədəfləyib. Bir millət iki dövlət olaraq bu konfransı təşkil etməkdə əsas məqsəd təcrübə mübadiləsi aparmaqdır.
Yıldız Camcıoğlu 2005-ci ildən beynəlxalq pediatriya birlikləri ilə əməkdaşlıq çərçivəsində elmi görüşlər təşkil etdiyini bildirib. O, qardaş ölkə Azərbaycanla qeyd edilən sahə üzrə əməkdaşlığın daha da güclənəcəyinideyib.
Professor bildirib ki, sürətlə dəyişən dünyada insanlar çox sayda infeksiyaların “hücumları” ilə üzləşirlər; “Sonuncu SARS virusuna qarşı mütəxəssislər antibiotiklər, müxtəlif dərmanlar üzərində çalışdılar. Ölkəmiz və dünya çətin pandemiya problemini yaşadı. Bu məsələdə də uşaq həkimlərinin üzərinə böyük iş düşdü. Peyvəndlər hazırlandı, xəstəliklərə qarşı uşaqları qoruyan çox uğurlu vaksinlər var. Virusla savaşan yenə uşaq həkimləri oldu”. O, xüsusən qida sağlamlığına diqqət çəkib, D vitamini haqqında bilgilər verib.
Eyni zamanda, iqlim dəyişikliyinin xəstəliklərə təsirindən danışıb. Bildirib ki, bu erkən doğumlara səbəb olur, həmçinin havanın çirklənməsi, aşırı sellər, quraqlıq xəstəliklərə gətirib çıxarır; “Aşağı və orta gəlirli ölkələrdə bunların təsiri daha çoxdur. Gələcək nəsillərin sağlam olmağını istəyiriksə, bizlər də iqlim böhranına qarşı hərəkətə keçməliyik. Bakı COP29-a ev sahibliyi edir. Ümid edirəm ki, biz də bu toplantıya öz dəstəyimizi verə biləcəyik”.
Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Erkin Rəhimov isə bildirib ki, cəmiyyət üç il əvvəl 2021-ci ildə yaradılıb: “2024-cü ildə Şimali Kiprdə belə ortaq toplantı olub, indi də Bakıda bir araya gəlmişik. Əminəm ki, bu görüş bilgilərimizi paylaşmaqda, əməkdaşlığımızın daha da artmasında vəsilə olacaq”.
O deyib ki, cəmiyyət yaranandan bəri 1 beynəlxalq, 2 milli konfrans keçirib. Eyni zamanda, Türkiyə ilə ortaq konfranslar, ailələr üçün proqramlar reallaşdırılıb: “Bu konfrans Azərbaycanda pediatriya sahəsinin inkişafı üçün böyük addımdır. Məqsədimiz həkimlərin müasir protokollara əlçatanlığını artırmaq, pediatriya sahəsində yenilikləri bölüşməkdir. Əsas odur ki, gələcəyimiz olan uşaqlar sağlam böyüsünlər”.
Daha sonra həkimlərin məruzələri dinlənilib. Dünya pediatriyasında baş verən elmi yeniliklər, yeni müalicə üsulları, uşaq sağlamlığına profilaktik tibbi yanaşmalar və uşaq xəstəlikləri ilə mübarizədə yeniliklər kimi vacib məsələlər müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Pərvanə Sultanova