525.Az

Gürcü xalqının qətiyyəti və doğru qərarı


 

QƏRBİN DƏSTƏKLƏDİYİ QÜVVƏLƏR QALİB GƏLSƏYDİ, REGİONDA TƏHLÜKƏLİ MÜDAXİLƏLƏRƏ REAL ŞƏRAİT YARANACAQDI

Gürcü xalqının qətiyyəti və doğru qərarı<b style="color:red"></b>

Gürcüstanda parlament seçkiləri başa çatsa da, mövzu hələ də gündəm olaraq qalır. Buna səbəb öz ssenarisini reallaşdıra bilməyən Qərbin hələ də ölkədə iğtişaşlar yaratmaq, sabitliyi pozmaq cəhdləridir. Gürcü xalqı oktyabrın 26-da öz iradəsini ifadə edərək səs verdi. Nəticədə "Gürcü Arzusu" 54 faizə yaxın səslə yenidən qələbə qazandı. Seçkilər açıq, şəffaf şəkildə keçirilib, beynəlxalq müşahidəçilər də hər hansı ciddi pozuntu ortaya qoymayıb. Buna baxmayaraq, öz hədəfinə çatmayan Qərb seçki ərəfəsində olduğu kimi, seçkidən sonra da öz müdaxiləsini davam etdirir, gürcü xalqını iğtişaşlara təşviq edir, seçkilərin saxta keçirildiyini iddia edir, amma ortaya fakt qoya bilmir. Qərbin havasına oynayan müxalifət də seçkilərin nəticələrini qəbul etmir, hakim partiyanı Avropaya inteqrasiyadan Rusiya ilə yaxınlaşmağa doğru istiqamət almaqda qınayır. Amma "Gürcü Arzusu" dəfələrlə bəyan edib ki, bu cür ittihamların heç biri doğru deyil, dövlətin əsas məqsədi ilk növbədə öz maraqlarını müdafiə etmək, ona doğru hərəkət etməkdir. Yeri gəlmişkən, Moskva bəyan edib ki, onun Gürcüstanın daxili işlərinə qarışmağa nə haqqı, nə də belə bir istəyi var.

Gürcüstanın Baş naziri İrakli Kobaxizde bəyan edib ki, Gürcüstanla Qərb arasında münasibətlər 2025-ci ilin əvvəlindən yaxşılaşmağa başlayacaq: "Bəli, bu gün münasibətlər istənilən səviyyədə deyil. Lakin vəziyyət tezliklə dəyişə bilər. Fikrimcə, Gürcüstanla Qərb arasında münasibətlər 2025-ci ilin birinci rübündən yaxşılaşmağa başlayacaq".

Gürcüstan prezidenti Salome Zurabişvili də parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı bəyanatlar səsləndirib və buna görə də Baş Prokurorluğa çağırılıb, lakin ora getməkdən imtina edib. Oktyabrın 30-da keçirdiyi brifinqdə xanım prezident bildirib ki, bütün "normal ölkələrdə" istintaq orqanı prezidentdən bunu istəməməli, özü dəlil tapmalıdır.

Parlament seçkilərindən sonra Zurabişvili deyib ki, seçkilərdə total saxtakarlıq olub və onun "yuyulması" üçün müasir texnologiyalardan istifadə olunub. Onun sözlərinə görə, bir sənədlə təxminən 17 dəfə səs vermək olar.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili isə bəyan edib ki, prezident Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkilərində saxtakarlığa dair sübutlar təqdim etməli və ya beynəlxalq media qarşısında dedi-qodu etdiyini, böhtan atdığını və xalqın nüfuzuna xələl gətirdiyini deməlidir.

"Qoy desin ki, o, beynəlxalq mətbuat qarşısında böhtan atıb, gürcülərin reputasiyasına zərbə vurub, yaxud sübutlar təqdim etsin", -  Papuaşvili bildirib.

O vurğulayıb ki, Gürcüstan prezidenti birbaşa konkret ittiham irəli sürüb: "Zurabişvili deyib ki, seçkilər zamanı qanun pozuntuları olub. Konkret olaraq, bir şəxsiyyət vəsiqəsi ilə 17 dəfə səs verilib. Zurabişvilinin prokurorluğa çağırılmasına verdiyi cavab onun əsas hüquqi məsələləri başa düşmədiyini göstərir".

Yeri gəlmişkən, Macarıstanın Baş nazirinin ofis rəhbəri Gergely Gulyas da maraqlı açıqlama verib. O bəyan edib ki, Avropa İttifaqı olmadan da yaxşı yaşaya biləcək Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı problemlər Tbilisi ilə əlaqəli deyil. Fakt budur ki, təşkilat Brüsselin namizəd ölkənin hökumətini "sevməsindən" asılı olmayaraq, heç kimi qəbul etməyə hazır deyil: "Bir gün əvvəl Avropa Komissiyası illik genişlənmə tədbirləri paketini qəbul edib, digər məsələlərlə yanaşı, Gürcüstan hakimiyyətinin fəaliyyət kursunun Aİ-nin əsasını qoyduğu dəyər və prinsiplərə zidd olduğu və bunun de-fakto ölkənin Avropaya inteqrasiya prosesini dayandırdığı bildirilir. Problem ondadır ki, Aİ-yə üzvlüyə hazır olmayan namizədlər deyil, qurum özü yeni üzv ölkələri qəbul etməyə hazır deyil... Doğrudan da, Gürcüstanı indi Aİ-də sevmirlər, gürcülər bununla, yəqin ki, Brüsseldə istədiklərindən də yaxşı yaşaya bilərlər. Amma bunun heç bir əhəmiyyəti yoxdur, çünki sevilənlər də Aİ tərəfindən qəbul edilmir".

Onun sözlərinə görə, Qərbi Balkanlar kimi, digər Aİ-yə namizəd ölkələr uzun müddətdir ki, öz növbələrini gözləyirlər: "İcma onlarla 1980-ci illərdə Bolqarıstan və Rumıniya və ya İspaniya və Portuqaliya kimi davransaydı, qəbul edə bilərdi.  Lakin Avropa İttifaqı genişlənməyə qətiyyən hazır deyil".

Politoloq, "Xalqın Gücü" partiyasının üzvü David Kartvelişvili bildirib ki, "qlobal müharibə partiyası"nın nümayəndələri bir milyondan çox gürcünün maraqlarını nəzərə almaqdan imtina edir və öz marionetlərini Gürcüstanda hakimiyyətə istənilən yolla gətirmək istəyirlər.

Politoloq Elşad Mirbəşiroğlu mövzu ilə bağlı deyib ki, Gürcüstan parlamenti tərəfindən "Xarici təsirlərin şəffaflığı haqqında" qanun qəbul edildikdən sonra Qərb siyasi dairələri Gürcüstanla münasibətlərə yenidən baxılacağı, hətta ölkənin Avropa İttifaqına namizədliyi məsələsinin də yenidən nəzərdən keçiriləcəyini deyirlər. Bütövlükdə isə Gürcüstan parlamenti ənənəvi dəyərlərin qorunması, eyni zamanda xarici müdaxilələrin qarşısının alınması məsələsində əzmkarlıq nümayiş etdirdi. Sözügedən qanun layihəsi qəbul edildikdən sonra gəlirlərinin 20 faizdən çoxu kənardan gələn qeyri-hökumət təşkilatları xarici agentlər kimi qeydiyyatdan keçməli idi. Bu da Qərbdə çox ciddi qıcıq yaradırdı. Çünki Qərb siyasi dairələri məhz öz nəzarətlərində olan, mailiyyələşdirdikləri QHT-lər vasitəsilə Gürcüstanın siyasi həyatına müdaxilə etmək imkanlarına sahib idilər. Bu səbəbdən də Qərb Gürcüstanda parlament seçkilərinə ayrıca hazırlaşırdı, hətta iğtişaşların baş verəcəyi, çevriliş cəhdlərinin olacağı barəsində təsəvvür də formalaşmışdı.

Politoloqun sözlərinə görə, Gürcüstanda baş tutan parlament seçkiləri hakim "Gürcüstan Arzusu" partiyasının inamlı qələbə qazanması bir daha nümayiş etdirdi ki, gürcü xalqı öz gələcək inkişafı ilə bağlı düzgün qərar qəbul etdi: "Bu çox vacib siyasi qərar idi. Gürcüstanda yaşayan azərbaycanlılar da seçkilərin nəticələrinə ciddi təsir göstərdi. Belə ki, orada yaşayan 300 min soydaşımız hakim "Gürcü Arzusu" partiyasının qələbəsinə 7-8 faiz səsi ilə töhfə verdi. Bu mənada azərbaycanlıların Gürcüstanda hakim "Gürcü Arzusu" partiyasını dəstəkləməsi bir sıra istiqamətlərdə müsbət qiymətləndirilməlidir. İlk növbədə orada yaşayan soydaşlarımız da "Gürcü Arzusu" partiyasını dəstəkləməklə ənənəvi dəyərlərə sadiqliyini nümayiş etdirdilər. Bu dəyərlərin qorunması istiqamətində növbəti mərhələdə də fəaliyyətin həyata keçirilməsi imkanlarını yaratmış oldular. Yəni "Gürcü Arzusu" partiyası bundan sonra da hökuməti idarə etməklə ailə və ənənəvi dəyərləri daha da inamla qoruyacaqlar. Cənubi Qafqaz üçün zidd olan dəyərlərin Gürcüstanda və regionda yayılmasının qarşısı alınacaq.

Eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlılar "Gürcü Arzusu" partiyasını dəstəkləməklə, bütövlükdə Cənubi Qafqaz regionunun gələcək təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində çox mühüm mövqe nümayiş etdirmiş oldular. Belə ki, Gürcüstanda Qərbin dəstəklədiyi siyasi qüvvələr qalib gəldiyi təqdirdə, bu zaman Qərbin regiona təhlükəli müdaxilələri üçün real şərait yaranmış olardı. Bunun da region üçün nə dərəcədə təhlükəli olduğunu təsəvvür etmək çətin deyil. Beləliklə, Gürcüstanda yaşayan soydaşlarımız öz mövqeləri ilə Cənubi Qafqazın gələcək sabitliyi və təhlükəsizliyini qorudular".

Qeyd edək ki, Gürcüstan Azərbaycan üçün dost, yaxın tərəfdaş ölkədir. Eyni zamanda iki dövləti dərin tarixi bağlar, qonşuluq münasibətləri, çox mühüm layihələr birləşdirir. Bu baxımdan Azərbaycan Gürcüstanda sabitliyin, əmin-amanlığın, inkişafın olmasında maraqlıdır. Həmçinin Gürcüstanda hazırkı hökumətlə Azərbaycan arasında çox konstruktiv, yüksək səviyyəli əlaqələr var. "Gürcü Arzusu" nun yenidən qalib gəlməsi iki dost dövlətin əlaqələrinin daha artan templə inkişaf edəcəyini deməyə əsas verir.

 

 





04.11.2024    çap et  çap et