|
|
|
|
Rusiyanın sanksiyalarla qadağan olunmuş Qərb məhsulları ilə təminatını təşkil edən Çin, Hindistan və Türkiyədəki 400-ə yaxın hüquqi və fiziki şəxs, eləcə də İsveçrədən olan hüquqşünaslar və Rusiyanın bir sıra yüksək vəzifəli məmurlarına qarşı Vaşinqton yeni məhdudiyyətlər tətbiq edib. Son zamanlar üzə çıxan bir sıra məlumatlar, eləcə də jurnalistlərin araşdırmaları genişmiqyaslı sanksiyalara baxmayaraq, Qərb ölkələrinin indiyədək silah istehsalında istifadə olunan mühüm texnologiya və komponentlərin Rusiyaya axınını dayandıra bilmədiyini üzə çıxarıb.
Bütün məlumat və araşdırmalar göstərir ki, Rusiyanın qadağan olunmuş məhsullarla təminatında əsas rolu Çin şirkətləri oynayır. Ona görə də Vaşinqtonun yeni qadağası əsasən Çin şirkətlərinə qarşı yönəlib. Çinlə yanaşı, Hindistan da Rusiya iqtisadiyyatının "nəfəsliyi" hesab olunur. Nüfuzlu "Bloomberg" agentliyinin məlumatına görə, Ağ ev yeni qadağaları Rusiya ilə biznes qurmaq istəyənlərə xəbərdarlıq hesab edir. ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib ki, Vaşinqton Rusiyanın hərb maşınının təchizatını pozmaq, sanksiyalardan yayınanları dayandırmaq əzmindədir.
Vaşinqtonun yeni sanksiyasına məruz qalanlar arasında Rusiya müdafiə nazirinin beş müavini də var. Onlardan biri də müdafiə nazirinin müani, Rusiya prezidenti Vladimir Putinin əmisi qızı Anna Tsivilevadır.
Rusiya müdafiə nazirinin müavinləri ilə yanaşı, Rusiya, Belarus, Çin, Hindistan, Türkiyə, İsveçrə və Çilidən olan 32 nəfərə qarşı da sanksiya tətbiq edilib. Məlumatlara görə, ABŞ rəsmiləri İsveçrədən yerli hüquqşünasların sanksiyalardan yayınmaq üçün saxta şirkətlər yaratmağa imkan verən boşluğu bağlamağı bir neçə ay əvvəl tələb edib. Bildirilir ki, Vaşinqton aylardır bu məsələ ilə bağlı Bernə təzyiq edir, lakin İsveçrə ciddi addım atmayıb. Vaşinqtonun tələbi yerinə yetirilmədiyinə görə Ağ ev xəbərdarlıq olaraq İsveçrədən olan iki hüquqşünasa qarşı sanksiya tətbiq edib. Bunlar "Dietrich Baumgartner" şirkətindən olan Andres Baumqartner və Fabio Libero adlı şəxslərdir. "Bloomberg"in məlumatına görə, İsveçrədə Rusiyanın sanksiyalardan yayınmasına xidmət edən təxminən 33 min şirkəti qeydə alınıb.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri Çin, Hindistan və Türkiyədən olan həmkarları ilə danışıqlarda sanksiyalardan yayınmanın qarşısı alınmayacağı halda bu ölkələrin bank sistemlərinə qarşı qadağalar tətbiq edə biləcəyini vurğulayıblar. Ekspertlər hesab edirlər ki, Rusiya Ukraynaya qarşı müharibənin şiddətini artırdıqca, Vaşinqtonun Moskvaya sanksiyaları artıracaq. Belə fikirlər var ki, noyabrın 5-dən sonra prezident Co Bayden səlahiyyət müddətinin başa çatacağı 20 yanvara qədər Moskvaya, eləcə də Rusiyanın qadağan olunmuş məhsullara təminatında önəmli rol oynayan şirkətlərə ölkələrə qarşı qadağaları sərtləşdirəcək.