Bakıda noyabrın 17-də COP konfranslarına paralel olaraq biznes və dövlət sektoru üçün ən böyük tədbir olan 15-ci Dünya İqlim Sammiti keçiriləcək. Bu forum enerji, nəqliyyat, tikinti, sənaye, maliyyə və təbiət sahələrində dekarbonizasiya səyləri üçün həlledici əhəmiyyət kəsb edən vacib sektorlarda ən yaxşı təcrübələrin mübadiləsi üçün platforma rolunu oynayır. Hazırkı sammit 2030-cu ilə qədər enerji keçidi hədəflərinə nail olmaq, eləcə də 2050-ci ilə qədər sıfır emissiyalı və ətraf mühitə müsbət təsirli dünya yaratmaq üçün lazım olan siyasət, innovasiyalar və investisiyaların həyata keçirilməsi üçün dövlət-özəl tərəfdaşlığının əhəmiyyətli dərəcədə gücləndirilməsinə yönəlib. İrəliləyişi sürətləndirmək üçün həm dövlət, həm də özəl sektor tərəfindən maliyyə öhdəliklərini artırmaq çox vacibdir. Sammitin 90-dan çox ölkədən 2000-dən çox iştirakçını, o cümlədən, dövlət başçılarını, ən böyük şirkətlərin rəhbərlərini, ekspertləri və fəalları həm şəxsən, həm də onlayn formatda bir araya gətirəcəyi gözlənilir. Sammitin əsas mövzusu Paris Sazişinin məqsədlərinə nail olmaq və iqlim dəyişikliyinin fəlakətli nəticələrinin qarşısını almaq üçün fəaliyyətlərin sürətləndirilməsi olacaq.
COP29-un Yaşıl Zonasında Heydər Əliyev Fondu və Türkiyənin Sıfır Atık Fondunun birgə pavilyonu - COP29-da Həmrəylik Mərkəzi (The Solidarity Hub at COP29) təqdim olunacaq. Bununla da Azərbaycan və Türkiyənin iki fondu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı davamlılıq və sosial inkişaf naminə səylərini birləşdirəcək. COP29-da Yaşıl Zona müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, QHT-lər, media nümayəndələri və Mavi Zonanın rəsmi nümayəndələrini əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gəldiyi məkandır.
Heydər Əliyev Fondu və Sıfır Atık Fondu cəmiyyətin müxtəlif sahələrinə töhfə verərkən davamlı həllər yaratmağı da hədəfləyir. COP29-dakı birgə layihə hər iki fondun ətraf mühit və sosial məsuliyyət sahələrində fəaliyyətlərini önə çəkir. Heydər Əliyev Fondunun təhsil, səhiyyə, sosial və mədəniyyət layihələri ilə yanaşı, ətraf mühitin qorunması üzrə təşəbbüsləri də öz səmərəsi ilə cəmiyyətdə rəğbətlə qarşılanır. COP29-dakı pavilyon çərçivəsində bu sahədəki fəaliyyət təqdim olunacaq. Təhsil, səhiyyə və sosial sahələrdəki layihələrlə bağlı interaktiv zona yaradılacaq. Sıfır Atık Fondu isə bu platformada resurs səmərəliliyi, tullantıların idarə olunması və təkrar emal sahəsindəki layihələrini, ətraf mühitin qorunması üzrə maarifləndirmə istiqamətindəki proqramlarını və innovativ həllərini təqdim edəcək.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın "yaşıl enerji" siyasətinə qlobal dəstəyi ifadə edir, "yaşıl enerji" növlərinin yaradılmasını və "yaşıl enerji"nin dünya bazarlarına nəqlini enerji siyasətinin yeni prioritet istiqaməti kimi göstərir: "Vəziyyət nə qədər mürəkkəb olsa da, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) nikbin, optimist baxışını yayaraq "Yaşıl kitab"ında qeyd edib ki, "2030-cu il iqlim hədəflərinə çatmaq üçün ehtiyacımız olan texnologiyaların 80 faizi artıq bazardadır. Hökumətlər və şəhərlər iqlimin azaldılması texnologiyalarını sürətlə inkişaf etdirməli və miqyasını genişləndirməlidirlər. Bununla belə, indi texnologiya seçimi hər zamankından daha vacibdir. Sadəcə olaraq, mövcud sistemləri optimallaşdırmaq iqlim məqsədlərinə çatmaq üçün kifayət etməyəcək".
K.İmanovun sözlərinə görə, ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycanın COP29-a hazırlığını yüksək qiymətləndirib: "Ancaq 60 ermənipərəst konqresmenin ABŞ Dövlət Departamentinə Azərbaycan əleyhinə böhtanla dolu məktub göndərməsi və Demokratlar Partiyasının ruporu olan "The Washington Post" qəzetinin COP29 ilə əlaqədar Azərbaycana qarşı çirkin kampaniyaya başladığı bir şəraitdə gələcək dünyanın rifahı naminə iqlim konfransının uğurla keçiriləcəyinə qəti əminliyimizi ifadə edirik".
İqtisadçı ekspert Xalid Kərimli deyib ki, COP29 "yaşıl" enerji sahəsində həm potensial alıcı, həm də maliyyə məsələsində partnyorların cəlb olunması və Azərbaycanın "yaşıl" enerji sahəsində investisiya layihələrinin formalaşdırılmasında mühüm rol oynayacaq: "Sözügedən partnyorlar olmadan bu layihələrin həyata keçirilməsi mümkünsüzdür. Partnyorların cəlb olunması təkcə maliyyə mənbəyi demək deyil. Böyük ölkələrlə münasibətlərin formalaşması layihənin davamlılığına şərait yaradır, onun beynəlxalq statusunu möhkəmləndirməklə yanaşı, satıcı və alıcı bazarını formalaşdırır. Yəni kiçik ölkənin özü özünü maliyyələşdirməsi layihənin təhlükəsizliyinin təmini baxımından da çətinlik yaradır. Çünki bütün pulu bir ölkə qoyacaqsa, riskləri də o daşıyacaq".
Ekspert bildirib ki, layihənin qazanclı olması üçün onun davamlı, uzunmüddətli, etibarlı və təhlükəsiz şəkildə irəliləməsi vacibdir: "COP29 kimi böyük layihələrə nə qədər çox beynəlxalq oyunçu dəvət olunsa, onların beynəlxalq dəstəyi də təmin edilmiş olur. Həmin dövlətlərlə əlaqələri gücləndirdikdə beynəlxalq qurumlarla münasibətlər də yaxşılaşır. Bu zaman həmin layihə beynəlxalq əhəmiyyətli layihəyə çevrilir. Buna görə mütləq şəkildə maliyyə dəstəyi olmalıdır. Əgər olmasa, belə böyük tədbirlərin həyata keçirilməsi həddən artıq risklidir. Hamının bir növ "çiynini yükün altına" verməsi vacibdir".
X.Kərimli "yaşıl" gündəliyin tətbiqi habelə maliyyə dəstəyi və texnoloji transferlərin reallaşması sayəsində ölkə iqtisadiyyatında yeni iş yerlərinin yaranmasına səbəb olacaq həcmdə yerli mütəxəssislərin, bu sahə üzrə təhsil müəssisələrinin, ixtisasların və bölmələrin formalaşmasına zəmin yaradacağını qeyd edib: "Azərbaycanın ənənəvi neft-qaz sahəsində yetərincə bilik və təcrübəsi var. Azərbaycana bu kontekstdə texnoloji transferin reallaşması mümkün görünür. Texnoloji transfer reallaşdıqdan sonra alternativ enerji sahəsində yüksək texnologiyalı avadanlıqların Azərbaycanda təmiri və saxlanılması prosesi o qədər də asan məsələ deyil. Çünki həmin avadanlığın Azərbaycana gətirilməsinin mənfi və müsbət tərəfləri haqqında ətraflı düşünmək lazımdır. O cümlədən, həmin avadanlıqların xarici şirkətlərlə birgə istehsalı üçün imkanların mümkünlüyünü də müzakirə etmək lazımdır. Azərbaycanın imzaladığı müqavilələr və memorandumlar bu sahədə yetərincə işlər görüldüyünü göstərir".
İqtisadçı enerjinin istehsalı ilə yanaşı, satışının da vacib olduğunu deyib: "Hazırda Azərbaycanda enerji satışı üçün əsas iki kanal var. Birincisi Qara dənizin dibi ilə kabel vasitəsilə Avropaya çatdırılma, ikincisi isə Zəngəzur dəhlizi vasitəsilə istehsal edilmiş enerjini Naxçıvandan Türkiyəyə, oradan da xaricə ixrac etməkdir. Hazırda Qara dənizin dibi ilə enerji ixracını həyata keçirməyə çalışırıq. Bu məsələyə partnyorlar cəlb edilir. Lakin unutmaq olmaz ki, satış bazarları olmasa, enerji istehsalının kəskin artırılmasının da mənası yoxdur".
Y.Kərimli COP29-da "yaşıl" enerjinin təşviqi prosesində müxtəlif həcmli biznes subyektləri üçün yeni qazanc sahələrinin yaranmasına, həmçinin xərclərin optimallaşdırılmasına da müsbət təsirin olacağını vurğulayıb: "Ümumiyyətlə, dövlət fərdi və biznes təsərrüfatlarında "yaşıl" enerjini elektrik şəbəkələrinə satmaq hüququ formalaşdırmaq üçün bu sahədə qanunvericiliyi təkmilləşdirməlidir. Vətəndaşlar və biznesmenlər bu prosesə təşviq olunmalıdır. Məsələn, vətəndaş evinin üstünə günəş paneli qoyubsa, özünə lazım olan enerjini akkumulyasiya etdikdən sonra qalan həcmi şəbəkəyə sata bilməlidir. Düşünürəm ki, bu cür qanunvericilik təşəbbüsləri yaradılsa, bu sahədə vətəndaşlar və biznesmenlər iştirak edə bilərlər".
COP29-un gündəliyində də qeyd olunduğu kimi, iqlim məqsədlərinə çatmaq üçün "ticarətin yaşıllaşdırılması" ilə yanaşı, ekoloji malların və aşağı karbonlu texnologiyaların təşviqi ilə birlikdə iqlim maliyyəsi kollektiv şəkildə genişləndirilməlidir. Bu, dayanıqlı iş yerləri yarada və Qlobal Cənub ölkələrinin uzunmüddətli iqlim məqsədlərinin həyata keçirilməsi üçün lazım olan investisiya və texnologiyalara çıxışını təmin edə bilər.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov qeyd edib ki, Bakıda COP29 iştirakçıları üçün noyabrdan etibarən 9 informasiya mərkəzi yaradılacaq. Bunlardan 7-si şəhərdə, daha 2-si isə hava limanları istiqamətində olacaq: "Bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransında qarşıda duran əsas missiya konfransın ən yüksək səviyyədə təşkil olunmasıdır. Ölkəyə gələn qonaqlar üçün şöbə tərəfindən istiqamətverici və məlumatlandırıcı işarələr qoyulur. Qonaqlar və iştirakçılar üçün nəzərdə tutulan nəqliyyat vasitələrində xüsusi müvəqqəti nişanlar olacaq. Əlavə olaraq, hava limanı və Koroğlu metrosu ərazisində məlumatlandırıcı və istiqamətləndirici işarələr olacaq. Bununla ziyarətçilər məkanı daha tez və rahat tapa biləcək".
Sevinc QARAYEVA