ÜRƏYİMƏ DAMMIŞDI Kİ, RÖVŞƏNİ DAHA GÖRMƏYƏCƏM
Həsənov Rövşən Qaçay oğlu 1958-ci ildə Xocalıda anadan olub. 1992- ci il fevralın 26-da Xocalı soyqrımı zamanı girov götürülüb. 13-lərdən biridir. Taleyi məlum deyil.
Üçrəngli bayrağımızı Xocalıya ilk gətirən Rövşən olmuşdu. Bayrağımızı Xocalının girəcəyinə asıb düşmənə gözdağı vermişdi. Qanlı Yanvar abidəsi də onun təşəbbüsü ilə Xocalı qəbiristanlığında qoyulmuş və ildönümü keçirilmişdi. Həmin abidənin önündə ürək yanğısı ilə Xocalı soyqrımının qurbanı Səadətin söylədiyi “Ağla qərənfil ağla” şeiri hələ də qulaqlarımdan getməyib.
Rövşənin dədə-babası Qərbi Azərbaycanın Dərələyəz mahalından idilər. Tale onları da Xocalıya gətirmişdi. Qaçay müəllim kəndimizin sayılan seçilən ziyalılarından idi. Beş bacının bircə qardaşı Rövşən savadlı, bacarıqlı və qorxmazlığı ilə seçilən gənclərimizdən biriydi. Neft Kimya instutunu bitirib, ixtisaslı kadr kimi Xocalıya qayıtmışdı. Xocalı Rayon Komunal Təsərrüfat İdarəsinin müdiri işləyirdi. Böyük arzuları, ümidləri vardı.
Ermənilərin qara niyyəti çox gənclərin arzularını gözündə qoydu, Rövşənin də... Həyat yoldaşı Almaz xanımla söhbətimiz kədərli notlara köklənmişdi. O, həyat yoldaşı ilə bağlı xatirələrini danışdıqca göz yaşlarını tuta bilmir, yarası o qədər təzədir ki, heç elə bil üstündən 31 il keçməyib.
- Meşəlidə ermənilərin törətdikləri faciə Rövşənə pis təsir etmişdi.
Ümidsizləşmişdi, heç nə gözünə görünmürdü. Xocalıda yeni tikilmiş beşmərtəbəli binadan ev almışdıq, ora köçmək xəyalları ilə yaşasaq da, elə xəyal olaraq qaldı. Heç vaxt unutmaram, hər il dekabrın 31-də şam ağacı bəzəyərdik. Ailəmiz süfrə başına toplaşardı, fişənglər atılar, kəndimizdə çal-çağır olardı. Köhnə ili yola salıb yeni ili qarşılayardıq.
1991-ci ildə deyirdi ki, yeni ili təzə evimizdə qarşılayar, bayramı orda keçirərik. Qismət olmadı. Həmin gün - 1991-ci il dekabrın 31-də Rövşən hövlank evə gəlib həyacanla, yığışın, sizi hava limanına aparıram, Ağdama yola salacam, - dedi. Tələm-tələsik yır-yığış edib Xocalı aeroportuna gəldik. Balalarını bağrına basıb öpüb qoxladı, ayrılmaq istəmirdi övladlarından. Bizi vertalyota mindirib arxamızca xeyli baxdı. Sən demə bu, bizim onunla son görüşümüz imiş. O günü heç vaxt unutmayacağam. Hər ilin bu günü necə xoşbəxt idik ay Allah! Bu il isə evimizdə şam ağacı qurulmayacaq, işıqlarımız yanmayacaqdı. Xocalı zülm, acı, qaranlıq dolu bir kabusa çevrilmişdi. Hər gecə top-qrad atəşinə tutulurdu. 4 ay idi Xocalı qazsız-işıqsız qalmışdı, ərzaq tükənmişdi.
Ağdama çatanda hönkür-hönkür ağladım. Sanki ürəyimə dammışdı ki, Rövşəni daha görməyəcəm, yeni mənzilimizə köçə bilməyəcəm.
O gecənin canlı şahidi Rövşənlə birlikdə gələn qaynatası Famil dayı: - Ermənilər Xocalının içərilərinə döğru irəliləyirdilər. Məhləmizin adamları, həyat yoldaşım Ofelya, oğlum Nicat Rövşənlə birlikdə gəlib Qarqar çayını keçib meşəyə girdik. Kətik meşəsinin baş tərəfində böyük bir dəstə var idi. Qaladərəsindən Qədim,Mürşüdün oğlu Rac və kəndimizin camaatının çoxu ordaydı. Gen dərənin başına toplaşdıq. Birdən gördük ki, Rövşənin bacısı Xuraman oturub yanında da uşaqları. Rövşən plemyotunu oğluma verib, siz gedin, mən bacımı aparacam, - deyib, Xuramanın yanına getdi. Hər tərəf qar buz olduğundan sürüşüb yıxılırdıq. Dağın başına çatanda gördük ki, ağacların başında oturacaqlar düzəldiblər. Sən demə, bu hündür yerdən bizi izləyir, ordan başımıza top, alazan atırmışlar. Ayaqlarım getsə də, ürəyim arxada qalmışdı, gözüm Rövşəni axtarırdı.
Birdən bərk atışma düşdü, dayananda yolumuza davam etdik. Naxçıvanik yolunda əlisilahlı hərbi paltarda 2 erməni bizi görüb təpənin arxasına keçdi. Biz Abdal-Gülablıya tərəf üzü aşağı endik. Bulaqların üstünə Azərbaycan hərfləri ilə sözlər yazıldığını görəndə sevindik. Bulağın yanı ilə aşağı enəndə həmin 2 erməni bizi atəşə tutdu. Ora uçurum idi.
Qışqırdım ki, yerə uzanın, aramızdakı Məhsəti türkü, uca boylu Abdullaya güllə dəydi və ordaca dünyasını dəyişdi. Biz bir-bir tullandıq, Mərkəz ağır yaralandı, heç gözümün önündən getmir o mənzərə, Mərkəz yalvarırdı ki, Nicat, vur ölüm, erməniyə əsir düşməyim. Mən onu sakitləşdirib, qorxma Ağdama yaxınlaşırıq, kəndə çatanda sənə kömək edəcəklər, dedim. Elə də oldu, Abdal- Gülablıdakı sanatoriyaya gəlib çatdıq.
Arazın qaynı Tofiq, qardaşı Əli bizi qarşılayıb “paxodka” maşını ilə kəndə gətirdi. Kəndin cavanları Mərkəzi də gedib gətirdilər.
- Bəs Rövşəndən bir xəbər tutmadınız?
- Qonşumuz Qəndilin qızı Nəzakəti girov götürəndə 13 nəfərin saxlandığı yerdən keçib. Danışırdı ki, onlara işgəncə verirdilər. Öyrəndik ki, Rövşənin başından tutub sürüyür, qollarını neştərləyirmişlər. Daha bir həmyerlimiz olan Məmmədova Lalaxala danışırdı ki, ermənilər bizi girov götürəndə Rövşən qarın işində gizlətdiyi qumbaranı çıxarıb özünü partlatmaq istədi. Lala xalanın sözünü düz 32 bundan öncə Ağdamda Rövşənin bacısı Xuramandan da eşitmişdim.
Yaxşı yadımdı, Rövşənin bacısı girovluqdan azad olunanda çox kədərli di. O dedi ki, “Rövşəni yanımdanca apardılar. Bizi girov götürəndə qardaşım özünü partlatmaq istəyəndə balalarımı da götürüb yanında dayandım ki, ölsəkdə bir yerdə ölək . Onu qoymadım bacın ölsün ay qardaş ümdüm vardı onda nə biləydim heç son dəfə mənə baxdığın baxışlarını da unutmayacağam ömrümün sonuna kimi...”
Rövşən milli ordunun əsgəri olduğundan Ağdamda yoldaşım Alahverdi Bağırova yalvarıb ki, Rövşənin körpə balası var, ona kömək et. Allahverdi deyib ki, onardan heç biri sağ deyil, hamısını öldürüb silos quyusuna töküblər.
Ah yolçu, 13 balamızın getdiyi yollardan hələ də xəbərsizik, onların sonsuza qədər unutmuyacağımız faciəsindən bir xəbər tut o tərəflərə getsən. Axı hələ də gözümüz yolda, qulağımız səsdədir. Rövşənin gözüyaşlı yoldaşı hələ də o yollardan gözünü yığmayıb...
Anası Rəfiqə xala da bala dərdi ilə dünyadan köçdü...
Hazırladı: İbrahim Cəfərov